Modern.az

Keçmiş müsavatçılar Müsavatın mitinqinə qatılmayacaqlar

Keçmiş müsavatçılar Müsavatın mitinqinə qatılmayacaqlar

3 Mart 2011, 12:38

Müsavat Partiyasından istefa verən keçmiş Divan üzvləri 12 mart mitinqinə qatılmayacaqlar.
Bu barədə bir müddət öncə Müsavatdan istefa verən professor Adil Qeybulla və Qabil Hüseynli partiyanın martın 12-ə keçirəcəyi mitinqlə bağlı Modern.az saytına açıqlamalarında bildiriblər.

A.Qeybulla Müsavat Partiyasının üzvlüyündən çıxdığı üçün keçiriləcək mitinqlərdə iştirak etmək fikrində olmadığını deyib: “Əgər bu mitinqlər İctimai Palata tərəfindən keçirilsə, mən mütləq iştirak edəcəyəm. Mən Müsavat Pariyasının üzvü olmadığım üçün onun keçirəcəyi hər hansı mitinqdə iştirak etməyim düzgün deyil”.

Martın 12-də keçirilməsi nəzərdə tutulan mitinqlərin baş tutacağına əmin olmadığını deyən A.Qeybulla bildirib ki, əgər bu məsələlər ictimailəşərsə, həyata keçirilən tədbirin mahiyyəti bizim maraqlarımızla üst-üstə düşürsə, bu kimi tədbirlərdə iştirak eləmək olar.

“Mən hesab edirəm ki, bu gün Azərbaycanda kütləvi aksiyalara başlamaq hələ tezdir. İctimai Palata parlament seçkilərində ədalətin bərpası üçün yaradılmış bir qurumdur. Bu qurumu daha da təşkilatlandırıb ortaq məxrəcə gəlmək lazımdır. Ümumiyyətlə, Azərbaycanda stabilliyin, ictimai asayişin qorunması üçün bu proseslərin dinc məcrada sülh yolu ilə aparılması üçün ilkin tədbirlərə başlamaq lazımdır. Bizim məqsədimiz Azərbaycanda sivil cəmiyyət qurmaqdır”-deyə A.Qeybulla əlavə edib.

Qabil Hüseynli də sualımıza cavabında bildirib ki, o, da digər eks-müsavatçılar kimi bu mitinqə qatılmayacaq. “Mən Müsavat Partiyasının üzvü olmadığıma görə, həmin partiyanın qərarları mənim üçün keçərli deyil. Yəni, bu qərarlar mənim üçün məcburi xarakter daşımır. Həm də mitinq ətrafında yaranan rəngarəng mülahizələr təkcə məni deyil, çoxlarını bu mitinqlərdən iştirak etməkdən çəkindirəcək”.

Q.Hüseynli Müsavat Partiyasının mitinqlə bağlı qəbul etdiyi yeni qərar haqda belə deyib: “Əvvəl İctimai Palata xətti ilə mitinqin keçirilməsi nəzərdə tutulurdu. Onda daha çox insanın bu mitinqlərə qatılacağını proqrozlaşdırmaq olardı. Belə olardısa, mən də iştirak edə bilərdim. Amma indi Müsavat təkbaşına mitinq haqda qərar verib. Belə görünür ki, mitinqin keçirilmə praktikası ilə bağlı dəqiq bir siyasi xətt yoxdur. Belə olan  halda mən hesab edirəm ki, mitinqlərin uğurlu alınması mümkün deyil”.

Q.Hüseynli onu da əlavə edib ki, mitinqlərin keçirilməsi siyasi partiyaların fəaliyyətinin bir hissəsidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı