Modern.az

PA rəsmisindən çağırış: “Erməni vandalizmi ilə bağlı ciddi araşdırma aparın”

PA rəsmisindən çağırış: “Erməni vandalizmi ilə bağlı ciddi araşdırma aparın”

Aktual

22 Noyabr 2016, 20:28

Bu gün Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb. Modern.az saytı xəbər verir ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, Azərbaycanın dünyada enerji resursları ilə zəngin olan ölkə olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanındığını diqqətə çatdırıb. Bildirib ki, əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətilərin qovşağında yerləşməsi, Avropa və Asiya arasında körpü rolunu oynaması burada multikulturalizmin yaranmasına səbəb olub. Azərbaycanda ölkəmizin ən böyük sərvətinə çevrilib. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkan edib.

 

Azərbaycanda multikultural ənənələrin dövlət tərəfindən qorunmasında ən vacib məsələ ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Belə ki, multikulturalizmin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın “bərabərlik hüququ”, “Ana dilindən istifadə hüququ”, “milli mənsubiyyət hüququ” və digər müddəalarında aydın şəkildə təsbit olunub.

 

Ölkəmizdə əsrlər boyu formalaşan tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bununla bərabər, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Azərbaycan artıq dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları qeyd olunanların bariz göstəricisidir.

 

Göründüyü kimi Azərbaycan bu gün dünyaya özünün multikulturalizm modelini nümunə olaraq təqdim edir. Çox təəssüf ki, dünyaya belə bir nümunə göstərən ölkənin ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etsə də, Ermənistan tərəfi buna məhəl qoymur. Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvanın Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83 500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevrilib. Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Azərbaycanın orta əsr şəhərlərindən biri İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib. İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Həmçinin Ermənistanda olan qədim və yeni dövr Azərbaycana məxsus qəbiristanlıqlar məhv edilib. İşğal edilmiş ərazilərdə olduğu kimi, Ermənistanda olan Azərbaycanın tarixi yerlərində toponimlər orijinal xarakterinin dəyişdirilməsi məqsədilə erməni adları ilə əvəz edilib. Hazırda işğal altında olan torpaqlarımızda ekoloji vandalizm həyata keçirilir, meşələr məhv edilir, su anbarları və çaylarımız zəhərli maddələrlə çirkləndirilir.

 

Bütün bunlar bir daha onu göstərir ki, vandalizm və işğalçılıq Ermənistanın dövlət siyasətinin mahiyyətini əks etdirir. V.Quliyev Azərbaycanda səfərdə olan avropalı gənc alimlərə erməni vandalizmi ilə bağlı ciddi araşdırmalar aparmağı tövsiyə etdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü