Modern.az

Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə yaranıb

Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə yaranıb

Aktual

11 Yanvar 2017, 18:41

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Modern.az xəbər verir ki, “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilov ifadə verib.

 

A.Çovdarovun vəkili Sadiq Rəsulov "Report"a bildirib ki, şahid əvvəlcə Binəqədi bələdiyyəsinin keçmiş sədri Elman Salmanova zəng edərək, MTN-dən pul istənildiyini deyib: "Amma o, məhkəmədə söylədi ki, Elman da ona zəng edərək, MTN-ə çağırıldığını, pul istənildiyini deyib. İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Akif Çovdarova pul verdiyini söylədi. Ancaq həmin vaxt Akif Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. İlham Xəlilov deyir ki, pulun qalan hissəsini Akif Çovdarovun xidməti maşınında ona verib. Amma Akif Çovdarovun həmin vaxt xidməti maşını olmayıb".

S.Rəsulov söyləyib ki, İ.Xəlilov istintaqda A.Çovdarov tərəfindən hədələndiyini və pul tələb etdiyini deyib: "Lakin məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini bildirdi".

A.Çovdarov məhkəmədə E.Salmanova cavab olaraq "sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, "Akif, Elmandan niyə pul istəyirsən?". Bu deyilənlər yalandır".

S.Rəsulov A.Çovdarovun çıxışında İ.Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib.

Binəqədi kənd qəsəbəsi bələdiyyəsinin sabiq sədri Elman Salmanov isə jurnalistlərə açıqlamasında qeyd edib ki, İ.Xəlilov ona MTN-dən pul istənildiyini deyib: "Bunun üçün İlham Xəlilova 150 min manat verdim. Mənim bir maşınım var idi, onu satıb, həmin pulu da verdim. Həmin vaxt Akif Çovdarovu görməmişəm".

 

İttiham aktına əsasən, İ.Xəlilov istintaqda dindirilərkən bildirib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona A.Çovdarovun yanına getmək barədə xəbər çatdırıb.

Cinayət işində göstərilib ki, A.Yaqubov A.Çovdarov MTN-ə gəlməmişdən əvvəl polisdə onunla bir yerdə işləyib, sonradan isə təqaüdə çıxıb. Onun sonuncu işi isə A.Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən A.Çovdarovun həyat yoldaşı İbadət Çovdarovaya məxsus “Bəhrə-2010” MMC-nin direktoru vəzifəsində çalır.

Bələdiyyə sədri İ.Xəlilov istintaqa ifadəsində deyib ki, A.Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək A.Çovdarovla görüşüb. Onun sözlərinə görə, qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi kənd qəsəbəsinin bələdiyyəsinin sabiq sədri E.Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın E.Salmanova onun çatdırmasını tapşırıb.

A.Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda A.Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra A.Yaqubova çatdırıblar.

İ.Xəlilov ifadəsində göstərib ki, 2014-cü ilin sonlarında A.Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini A.Yaqubovun adına sənədləşdirsin.

 

Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri A.Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.

Günün ikinci yarısında davam etdirilən prosesdə İ.Xəlilov dövlət ittihamçısı və təqsirləndirilən şəxsin suallarını cavablandırıb.

Bu zaman A.Çovdarov üzünü İ.Xəlilova tutaraq deyib: "Mən səndən pul almamışam. Pul almışamsa, yalançının var-yoxunu deyərdim. Amma zalda qadınlar var deyə, söyüş söymürəm".

 

Daha sonra Adil Yaqubov və A.Çovdarovun sürücüsü Nurxan Atakişiyev ifadə verib.

A.Yaqubov ifadəsində bildirib ki, İ.Xəlilovdan pul almayıb. N.Atakişiyev zərərçəkmiş İ.Xəlilovun yalan danışdığını söyləyib.

Məhkəmənin növbəti prosesi yanvarın 16-na təyin edilib.

 

Modern.az

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı