Modern.az

“Köçkünlər üçün bürokratik əngəllər aradan qalxacaq”

 “Köçkünlər üçün bürokratik əngəllər aradan qalxacaq”

24 Yanvar 2017, 14:44

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək.

 

Modern.az xəbər verir ki, bunu AzTV-yə açıqlamasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

Ə.Həsənov qeyd edib ki, fərman eyni zamanda ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər.

 

Baş nazirin müavini bildirib ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir.

 

Ə.Həsənov əlavə edib ki, həmçinin bir çox bürokratik əngəllər aradan qalxacaq. Artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. Vahid pəncərə sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan ünsiyyəti aradan götürüləcək.

 

Qeyd edək ki, dövlət başçısının fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır