Modern.az

Naxçıvanın Konstitusiyasına dəyişiklik edildi - Rəsmi

Naxçıvanın Konstitusiyasına dəyişiklik edildi - Rəsmi

23 Fevral 2017, 17:08

Fevralın 23-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib.

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələlər çıxarılıb.

1. 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək, sosial-iqtisadi inkişaf sahəsində görülçümş işlər, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev aqrar bölmənin inkişafından danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələr barədə məruzə edib.

Bildirib ki, sosial-iqtisadi sahədə muxtar respublikanın inkişafını daha da sürətləndirmək üçün imkanlar çoxdur.
“Lakin ötən dövrdə bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkar olunmuş çatışmazlıqlar göstərir ki, 2017-ci ildə nəzarət və tələbkarlıq daha da artırılmalıdır.

Cari ildə Maliyyə Nazirliyi büdcə vəsaitindən qənaətlə, səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına nəzarəti artırmalı, mal-material alınarkən izafi xərclərə yol verilməməli, əsasən yerli məhsullardan istifadə olunmalıdır.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi büdcə daxilolmaları üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydaların icrasını təmin etməlidirlər”,-Vasif Talıbov deyib.

Ali Məclis deyib ki, daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yerli xammala əsaslanan yeni istehsal müəssisələrinin yaradılması bundan sonra da davam etdirilməlidir.

“Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir.

İqtisadiyyat Nazirliyi muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxarılması və tanıdılması məqsədilə tədbirləri davam etdirməlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində istehsal müəssisələrində və bazarlarda keyfiyyət amilini qorumalıdır. Uşaq bağçaları, məktəblər, xəstəxanalar və digər qapalı müəssisələr keyfiyyətli yerli məhsullarla təmin edilməlidir.

Daxili bazarın kənar təsirlərdən qorunması və tənzimlənməsi də vacib məsələlərdəndir. Daxili işlər və gömrük orqanları muxtar respublikaya işlənmiş avadanlıq və yararsız malların gətirilməsinin qarşısını almalıdırlar. Nəzərə alınmalıdır ki, bunlar iqtisadi inkişafa zərər vurmaqla bərabər, insanların həyatı və sağlamlığı üçün də ciddi təhlükə yaradır”.


V.Talıbov məruzəsi zamanı bir sıra qurumlara tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədovun çıxışından sonra sessiyada “Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu qəbul edilib.

Ali Məclisin Sədri gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd edib ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Konstitusiyanın Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququnu tənzimləyən 8-ci maddəsi yeni redaksiyada verilərək adından və mətnindən məhdudlaşdırıcı ifadələr çıxarılıb, maddənin strukturu Konstitusiya normalarına uyğunlaşdırılıb. Konstitusiyaya təklif olunan dəyişikliklərdən biri də gənclərin dövlət quruculuğunun bütün təbəqələrində iştirakına şəraitin yaradılması ilə bağlıdır. Belə ki, Konstitusiyanın 15-ci, 29-cu və 41-ci maddələrinə edilən dəyişikliklərə əsasən 18 yaşı tamam olmuş, seçkilərdə iştirak hüququ olan hər bir şəxs dövlət orqanlarında təmsil oluna biləcəkdir. Təklif olunan dəyişikliklərdə deputatların məsuliyyətinin artırılması məsələsi də öz əksini tapıb. Konstitusiyanın 43-cü maddəsinin III hissəsinə təklif edilən dəyişiklik isə texniki xarakter daşıyır.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası öz işini başa çatdırıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü