Modern.az

Saatlar irəli çəkilməyəcək - bunun hansı psoxoloji problemi olacaq...

Saatlar irəli çəkilməyəcək - bunun hansı psoxoloji problemi olacaq...

Aktual

24 Mart 2017, 16:21

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən ötən il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bununla da, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilib. Beləliklə, Azərbaycanda qış vaxtı qüvvədə qalıb. Güman ki, bu il də əqrəblər bir saat irəli çəkilməyəcək.

 

Əvvəllər yay və qış vaxtına keçidlə bağlı insanların səhhətində və psixoloji durumunda hər hansı dəyişiklik baş verirdi. Psixoloqlar isə bunu başqa cür izah edir.

 

Modern.az saytı əqrəblərin  irəli və ya geri çəkilib-çəkilməməsi ilə bağlı insanların səhhətində yarana biləcək problemi öyrənməyə çalışıb.

 

Psixoloq Orxan Oruc deyib ki, əqrəblərin çəkilməsi prosesi insanların səhhətinə o qədər də ciddi təsir etmirdi.

 

“Son bir ilə qədər Azərbaycanda yaz gələn kimi əqrəblər bir saat irəli çəkilirdi. Bununla da yay vaxtına keçid baş verirdi. Lakin ötən 2016-cı ildə  ölkəmiz bu sistemdən imtina etdi. İndi də dünyanın bir çox ölkələri var ki, orada saatların irəli və geri çəkilməsi prosesi gedir. Onu deyə bilərəm ki, ümumilikdə əqrəblərin çəkilməsi prosesi insanların səhhətinə o qədər də ciddi təsir etmir. Gündəlik məişət qayğılarımızın, problemlərin yanında saatların əqrəblərinin irəli, yaxud da, geri çəkilməsi o qədər də ciddi hadisə deyil. Bu, insanlara əlavə problem yaratmır. Keçən il saatların əqrəblərinin çəkilmə prosesinə Azərbaycanda son qoyuldu. Məhz buna görə kimsə psixoloqa müraciət etməyib. Çünki əqrəblərin çəkilməsi prosesi ciddi narahatlığa səbəb olmur. Müvəqqəti alışma prosesi baş verir ki, bu da normaldır”

 

Psixoloqun sözlərinə görə, əvvəllər əqrəblərin çəkilməsinə görə yuxu probleminin olması rejimlə bağlı məsələdir.

 

“Sadəcə, insanların yuxudan oyanmaq problemi olur. Bu da rejimlə bağlı məsələdir. İnsanlar rejimə uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin, bu, ciddi psixoloji sonluğa gətirib çıxarmır. Amma son dövrlər fəsillərin dəyişməsi ilə əlaqədar depressiya halları çoxalıb. Həm bitkilər oyanır, həm də təbiətdəki hava sistemi dəyişir. Təbii ki, bu da depressiyaya səbəb olur. Xüsusən, bu, depressiyaya meylli insanlarda daha qabarıq şəkildə özünü biruzə verir. Ona görə də saatların əqrəblərinin  irəli, yaxud da, geri çəkilməsi yay və qış  aylarına təsadüf etdiyindən insanların səhhətində və psixoloji durumunda hər hansı dəyişiklik olur. Bunu da əqrəblərin çəkilib-çəkilməməsi ilə əlaqələndirmək doğru deyil”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...