Modern.az

Təhsil Nazirliyi sınaq imtahanlarının nəticələrini açıqlayıb

Təhsil Nazirliyi sınaq imtahanlarının nəticələrini açıqlayıb

12 Aprel 2011, 18:21

Təhsil Nazirliyi aprelin 10-da ümumi orta (9-cu sinif) və tam orta (11-ci sinif) təhsil səviyyələri üzrə keçirdiyi yoxlama (sınaq) imtahanlarının nəticələrini açıqlayıb.
Modern.az-ın məlumatına görə, imtahanlar Sumqayıt, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızıda keçirilib.

İmtahan nəticələri //exam.edu.gov.az/ saytında yerləşdirilib.

Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.

Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilib və bu, buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

9-cu siniflərdə imtahanlar ana dili və riyaziyyat, 11-ci siniflərdə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.  
Sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Növbəti imtahanlar aprelin 17-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlaxda olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı