Modern.az

Deputatların davranış qaydaları hazırlanır - Etikanı pozanlar Milli Məclisdən xaric olunacaqlar

Deputatların davranış qaydaları hazırlanır - Etikanı pozanlar Milli Məclisdən xaric olunacaqlar

Parlament

11 Aprel 2017, 12:06

“Etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun  olaraq da  qanun hazırlanmalıdır. “Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin hazırlanması müsbət bir haldır”.

 

Bunu  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, yeni qanun layihəsinə əsasən deputat etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric oluna bilər.

“Amma  deputatların etik davranış qaydasını pozmasına görə, parlamentdən uzaqlaşması dünyanın heç bir yerində  yoxdur. Hətta biz görürük ki, dünyanın bir çox ölkələrində deputatlar arasında dava-dalaşlar da olur. Buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar. Hətta normada belə bir şey var ki, deputat Milli Məclisdə etdiyi çıxışlara görə məsuliyyət daşımır. İndi isə yeni hazırlanan qanun layihəsində deputatın etik davranış qaydasını pozduğuna görə parlamentdən xaric olunması var.  Burada da  deputatın özü istefa vermədiyindən və ya hər hansı bir hadisə nəticəsində deputatlıqdan kənarlaşmadığından  onun pensiya hüququ da pozulur”.

Tahir Kərimli hesab edir ki, deputatların etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric olunması yolverilməz haldır.

“Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz yoxdur. Əgər etik davranış  hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi  izahı verilməlidir. Hesab edirəm ki, qanun layihəsi hazırlanarkən  bir çox məsələlərə həssas yanaşılmalıdır”.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır