Modern.az

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

"Sarkisyan mənə dedi ki, Ağdam ermənilərin vətəni deyil və o haqlıdır” - Tomas de Vaal

25 Aprel 2017, 21:54

Məşhur Britaniya analitiki, "Karneqi" fondunun böyük elmi işçisi, "Qara bağ: Ermənistan və Azərbaycan sülhlə müharibə arasında" kitabının müəllifi Tomas de Vaal hesab edir ki, Qarabağ münaqişəsini tədricən-addımbaaddım həll etmək lazımdır, amma bu gün bu təsəvvür edilmir. Modern.az virtualaz.org-a istinadən xəbər ki, Ermənistan sülh prosesini altdan-altdan pozur və bunda Azərbaycanı ittiham edir.

De Vaalın fikrincə, münaqişənin ölü nöqtədən tərpənməsi üçün ermənilər işğal edilmiş rayonları azad etməyə başlamalıdır. Əgər tərəflər bir-birinə güzəşt etməsələr, növbəti toqquşmalar yalnız vaxt məsələsidir.

"Qarabağ münaqişəsində tədricən dəyişikliklərə nail olmaq çox çətindir. Əksəriyyət sizə deyəcək ki, münaqişələr bir anda, bir imza və ildırımın sürətiylə həll edilmir. Başqa cür olur: münaqişələr tədricən sönür, vəziyyət uzun illər ərzində antaqonizm mövqeyindən, tərəflərin artıq bir-birindən təhdid hiss etmədiyi mərhələyə keçir. Şimali İrlandiyada, yüz faiz olmasa da, belə oldu, indi Kipr də bu yoldadır.

İdealda Qarabağ münaqişəsinin həllini addım-addım, qarşılıqlı güzəştlər yolu ilə görmək çox yaxşı olardı. Məsələn, ermənilər tərəfindən Qarabağdan cənub-şərqdəki rayonlardan birinin, nəqliyyat əlaqələrinin açılışı və ya Qarabağ ermənilərinə böyük hüquqların verilməsinə əvəz olaraq, azad edilməsi.

Amma mən bunun bu dəqiqə mümkün olacağını düşünəcək qədər sadəlövh deyiləm. Münaqişə politoloqların dediyi kimi, həddindən artıq elə ciddiləşib ki, istənilən güzəştlər hər iki tərəfdən bir növ satqınlıq və ya milli təhlükəsizlik maraqlarına xəyanət kimi qəbul edilir. Buna görə, mən tədricən dəyişikliklər haqqında danışarkən o kiçik addımları nəzərdə tuturam ki, atəşin dayandırılması ilə bağlı mandatın möhkəmləndirilməsi və ağır silahların təmas xəttindən uzaqlaşdırılması kimi daha əhəmiyyətli siyasi məqamlarla müşayiət olunsun", - deyə de Vaal “Focus on Karabakh”ın redaktoru Emil Sanamyana müsahibəsində bildirib.

Tomas de Vaal Azərbaycanın, əgər danışıqlar nə iləsə nəticələnməyəcəksə, Qarabağ üçün müharibəyə başlamağa hazır olması və bunun nəyə gətirib çıxaracağı, ümumiyyətlə Azərbaycanın davakar ritorikası barədə fikrə də münasibət bildirib: “Ermənilər özləri özlərinə xatırlatmalıdırlar ki, onlar öz evlərini itirmiş və öz torpaqlarına qayıtmaq istəyən insanlara qarşı düşməncəsinə köklənməməlidirlər. Mən bilirəm ki, prezident Sarkisyan bir dəfə "Ağdam – bu ermənilərin vətəni deyil" deyə etiraf edib və bunun üçün tənqid edilib. Amma əslində o düzünü deyirdi".

Britaniya analitiki deyir ki, ermənilər və azərbaycanlılar birlikdə yaşamağı bacarırlar və bunu onların Gürcüstanda, Rusiyada və başqa ölkələrdə sülh şəraitində yaşamaları da sübut edir.

"Münaqişəni həll etmək, əgər siz əks tərəfin dərdinə şərik olmursunuzsa, çətindir. Azərbaycanın münaqişəyə münasibəti dəyişə bilər, əgər şərait dəyişəcəksə. Söhbət, ilk növbədə, ərazilərin qaytarılmasından gedir”, - deyə de Vaal vurğulayıb.

Ekspert daha sonra deyib: “Azərbaycanı atəşkəs rejiminin pozulmasına görə tez-tez tənqid edirlər. Amma axı erməni tərəfi də gizlin-gizlin hər şeyi edir ki, sülh prosesi pozulsun. Məsələn, Kəlbəcər rayonunda yollar tikir və Azərbaycan məntəqələrinin adlarını dəyişdirərək erməniləşdirir.

İndi hər iki tərəf öz hərbi, diplomatik və iqtisadi mövqelərindən çıxış edərək oyun oynayır. Və heç kim güzəşt etmək istəmir. Bu isə o deməkdir ki, onlar gec-tez yenidən qarşı-qarşıya gələcəklər”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi