Modern.az

Jurnalist-deputat prezidentin mesajı haqda: “Problemlərdən yazmaq lazımdır!”  

Jurnalist-deputat prezidentin mesajı haqda: “Problemlərdən yazmaq lazımdır!”   

Aktual

21 İyul 2017, 16:11

Prezident İlham Əliyev dünən KİV əməkdaşları üçün tikilmiş növbəti binanın açılış mərasimində çıxış edərkən bəzi mesajlar səsləndirdi, eyni zamanda “jurnalistlər mənim köməkçilərimdir” dedi.

“Jurnalistlər fəaliyyətləri ilə inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm".

Ölkə başçısının qələm sahiblərinə ünvanlandığı “Jurnalistlər mənim köməkçilərimdir” mesajı əslində onlara insanları narahat edən məsələlər barədə yazmağa bir çağırış idi.


Elə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, jurnalist-deputat Elmira Axundova da belə düşünür. O, Modern.az- a açıqlamasında prezidentin mesajından danışıb.


Deputat deyib ki, jurnalistlər hər zaman qərəzsiz və obyektiv yazmalıdırlar.

“Şəxsi qərəzlikdən uzaq olmalıdırlar. Düzdür, heç də jurnalistlərin hər zaman ədalətli və işin xeyrinə yazacaqlarına ümidli deyiləm. Bəzən olub ki hansısa jurnalisti rüşvət aldığı yerdə yaxalayıblar. Amma jurnalistika bu işə də önəm verməlidir”.

E.Axundova 1990-cı illərdə jurnalist kimi fəaliyyət göstərdiyini deyib.

“Daim aktual məsələləri qabartmışam. Azərbaycan və Moskva mətbuatında çatışmazlıqları qələmə alırdım. Rüşvətxorluq, korrupsiya kimi hallar yuxarı dairələrə çatıdırılmırdı.  Çalışrıdım ki, həqiqətləri yazım və yazırdım da. Ona görə də obyektiv yazmaq lazımdır. Azərbaycanda o qədər çatışmazlıqla var ki! Təkcə məmurlar barədə deyil, onların işi haqqında da yazmaq lazımdır. Gedin baxın, Bakı küçələrinə zibillənmə nə vəziyyətdədir. İkinci, üçüncü dərəcəli küçələrdə çuxurlar nə vəziyyətdədir. İnsanlar rahat gəzə bilmir. Əlillər üçün şərait yoxdur ki, onlar harasa getsinlər.  Bunlardan yazmaq lazımdır. Yoxsa “məmur bunu etdi, bunu dedi” kimi şeyləri yazmaq lazım deyil. Bu şəraiti yaratmayan məmurlardır da. Bütün neqativ faktları açmaq lazımdır. Kiminsə şəxsiyyətini alçaldan yazı yazmaq lazım deyil. Mövcud problemlərdən yazmaq lazımdır”.

Deputat  dəfələrlə Milli Məclisdə müəyyən problemlərlə bağlı məsələ qaldırdığını bildirib.

“Bizdə təhlillər, araşdırmalar yoxdur. Küçələrdə gəzmək olmur. Mərkəzi küçələri asfaltlayırlar, amma ikinci dərəcəli küçələr pis vəziyyətdədir. Bunları çəkin, insanlar da görsün. Ona görə də faktları dərindən bilmək və araşdırmaq lazımdır”.

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı