Modern.az

Tələbələr “525-ci qəzet”də - Gənc əməkdaş peşəkarlarla işləməkdən danışdı - REPORTAJ+FOTOLAR

Tələbələr “525-ci qəzet”də - Gənc əməkdaş peşəkarlarla işləməkdən danışdı - REPORTAJ+FOTOLAR

Aktual

16 Noyabr 2017, 14:00

17 noyabr tarixində “525-ci qəzet”in 25 yaşı tamam olur. Bakı Dövlət Universitetinin  Jurnalistika fakültəsi və Prezident yanında “Bilik” Fondunun təşəbbüsü ilə “Gənc Jurnalistlər” Klubunun üzvləri qəzetin redaksiyasını ziyarət ediblər.

 Tədbirdə qonaq qismində Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, BDU-nun professoru, “525-Zamanın sınağında” kitabının müəllifi Cahangir Məmmədli və fakültənin kollektivi, eyni zamanda “Bilik” Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Fondun İnformasiya  təminatı sektorunun müdiri Xatirə Hüseynova, məsləhətçisi Ramilə Qurbanlı da iştirak edib. Təxminən  saat yarım çəkən tədbirdə 525”in baş redaktoru Rəşad Məcid və qəzetin əməkdaşlarıyla tələbələr arasında müzakirələr aparılıb, tort kəsilib və xatirə şəkilləri çəkdirilib.


“525-ci qəzet”in 10 ildən artıq təcrübəsi olan əməkdaşı Pərvin Nurəliyeva Modern.az-a gənc jurnalistlərin gəlişi ilə redaksiyada bayram əhval-ruhiyyəsinin yarandığını bildirib:   


“Gənc jurnalistlərin peşəkar jurnalistlərlə görüşməyi əlamətdar hadisədi. Bu kiçik tədbirdə qəzetin əməkdaşları gənclərlə söhbət etdilər, onların suallarını cavablandırdılar, jurnalist olmaq üçün əsas məsləhətlərini verdilər”.


Pərvin Nurəliyeva qəzetdə necə çalışmağa başladığı, “525”in onun həyatındakı rolu barədə də danışıb:


“Mən 10 ildən çoxdur ki, “525-ci qəzet”də çalışıram. Daha öncə Yazıçılar Birliyinin “Gənc ədiblər” məktəbinə qoşuldum. Məktəbin rəhbəri Rəşad Məcid idi. Rəşad Məcid gənclərin bəyəndiyi əsərlərini öz qəzetində çap etdirirdi. Mənim də yazılarımı bəyənib “525-ci qəzet”də işıqlandırdı. Hazırda qələmi tanınan jurnalistlər var ki, onlar ilk dəfə məhz “525-ci qəzet”də fəaliyyətə başlayıblar. Hətta Jurnalistika fakültəsinin dekanı  Vüqar Zifəroğlunun da ilk yazıları 1990-cı illərdə “525-ci qəzet”də çap olunub. Ölkənin ən böyük universitetinin və ən vacib fakültələrdən birinin başında duran dekanın da tələbə  olaraq ilk yazılarının bu qəzetdə çap olunmağı böyük hadisədir. Bu “525-ci qəzet”in məktəb olaraq mövqeyini ifadə edən məqamlardandır. O zaman qəzetin ilk nömrəsi çıxanda əməkdaşlar bir yazı ilə cəmiyyətə mesaj veriblər ki, “biz 525-ci olaraq fəaliyyətə başlayırıq, amma bu sahədə birinci olacağıq”.
Eyni zamanda, bu qəzetin gənclərin qəzeti olacağını söyləmişdilər. Artıq yeni media meydana gəlib. Sosial media, internet media və s. Amma “525-ci qəzet” həmişə öz ənənələrinə, xüsusilə də gənclərə imkan yaratmaq ənənəsinə sadiq qalıb. Bu baxımdan redaksiyamızda gənclər üstünlük təşkil edir. Jurnalistika elə bir sahədir ki, orda öyrənmək heç vaxt bitmir. Bizim redaksiyamızın hər bir əməkdaşı peşəkarların yanında olmağı ilə qürur duyur. Bu, hər zaman sənin yazının sığortası hesab oluna bilər. Əgər sənin yazın belə insanların əlinin altından keçib cəmiyyətə təqdim olunacaqsa, bu artıq sənin səhvlərdən, qüsurlardan sığortandır. Mənə elə gəlir ki, bunlar istənilən qələm sahibi üçün vacib məqamdır. Mən qürur duyuram ki, bu cür qəzetdə çalışıram”.


Müsahibimiz “525-Zamanın sınağında” kitabı haqda xəbəri ilk dəfə böyük məmnuniyyətlə qarşıladığını qeyd edib:

“Cahangir Məmmədlinin kitabında mənim də yazım yer alıb. Yazı “25 yaşlı böyüyüm” adlanır. Azərbaycan düşüncəsində böyüyüm məsləhət aldığım, əlinin altında yetişdiyim, böyüdüyüm , onun məsləhəti ilə həyata baxdığım anlamında işlənir. Mən həmişə “525-ci qəzet”də çalışanda balaca uşaq olduğumu söyləyirəm. Burada magistratura pilləsində təhsili alanda çalışmağa başlamışam. Cahangir müəllim jurnalistikanın patriarxatlarından biridir. Bir neçə il öncə  Rəşad müəllimlə müzakirələrimizdə söyləyirdim ki, “525-ci qəzet”in 25 illiyinə bir kitab yazılmalıdır. Redaktorlarımız Rəşad müəllim, Yusif müəllim, Seyfəddin müəllim çox təvazökar insanlardır. Çox xırda iş görənlər sosial mediada balaca işlərini təqdim etməyi lazım bilirlər. Amma bu insanlar hadisəni bayram şəklində təqdim etməyə ehtiyac duymurlar. Hər zaman 25 illiklə bağlı kitab çıxartmağın vacibliyini qeyd edirdim. Çünki bu hadisə daha çox yeni gələn jurnalistlərə lazımdır ki, onlar bu gün belə nüfuzu olan qəzetin hansı mərhələlərdən keçdiyini bilsinlər.
Cahangir müəllimin də kitabla bağlı təşəbbüsünü ilk gündən böyük məmnunluq hissi ilə qarşıladım. Çox unikal bir kitabdır. Kitabda həm Cahangir Məmmədli kimi jurnalistikanın hər incəyliyini bilən şəxsin burda çalışanlar haqqında oçerk yazısı, həm də sənət insanlarının, gənc, orta, yaşlı nəslin nümayəndələrinin, yazıçıların, tanınmış jurnalistlərin yazıları yer alıb. “525-ci”lər üçün bu kitab son dərəcə vacibdir”.

Qeyd edək ki, həmin kitabın təqdimatı 17 noyabrda,  Bakı Dövlət Universitetində keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü