Modern.az

Dünya bazarında 15 faiz ucuzlaşan şəkər tozu Azərbaycanda bir o qədər bahalaşıb

Dünya bazarında 15 faiz ucuzlaşan şəkər tozu Azərbaycanda bir o qədər bahalaşıb

Təhsil

21 İyul 2011, 16:00

Vüqar Bayramov: “Əməkhaqqı artımlarından sonra qiymətlərin yenidən bahalaşması ğözləniləndir”

Bir sıra ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edilməkdədir. Belə ki, son zamanlar  paytaxt dükanlarında və topdansatış məntəqələrində qəndin, eləcə də şəkər tozunun qiyməti 15 faizə qədər bahalaşıb. Bununla paralel iyun ayında diri heyvanlar və heyvandarlıq məhsullarının da qiymətləri 0,1 faiz qalxıb. Artımlar şəkər tozunda olduğu kimi istehsalçı qiymətlərinin 3,5 faiz artması nəticəsində baş verib. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 3,2 faiz, inəyin 0,4 faiz, erkək buzovun 0,9 faiz, ana qoyunun 0,3 faiz, inək südünün istehsalçı qiymətləri 16,2 faiz, diri balığın istehsalçı qiymətləri 2,0 faiz bahalaşıb.

Qiymət artımlarına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir  ki, Azərbaycanda ərzaq bazarında gedən prosesin əksinə  dünya bazarında ərzaq məhsullarının ucuzlaşması müşahidə edilməkdədir:
“Ölkədə bir sıra məhsulların qiymətində artımların olması qiymətlərin bazar tərəfindən tənzimlənmədməsindən xəbər verir. Bahalaşan məhsulların əksər hissəsinin xaricdən idxal edildiyini və xarici ölkələrdə qiymət artımlarının baş vermədiyini  nəzərə alsaq, o zaman Azərbaycandakı son qiymət artımları süni artımlardan başqa bir şey deyil. Son bir neçə ayda  şəkər tozunun qiyməti 15 faiz artıb. Halbuki, bu ilin dekabr ayının sonunda dünya bazarında şəkər  tozu 62 sentə, iyul ayının 1-nə isə  53 sentə olub. Praktiki son 6 ayda dünya bazarında şəkət tozunun qiyməti 15 faiz ucuzlaşıb”.

Yay aylarında ət məhsullarının qiymətlərinin bahalaşmasına gəlincə, V.Bayramov sözügedən  məhsulların da dünya bazar qiymətlərində artımların olmadığın diqqətə çatdırır: “Böyük Britaniyada qoyun ətinin qiyməti 4,60 man, qonşu Gürcüstanda isə  3 manat  təşkil edir. Azərbaycanda isə bu rəqəm 8 manata yaxındır. Ölkədəki ərzaq məhsullarının qiymətləri ilə digər ölkələrin qiymətlərinin müqayisəsi göstərir ki, artımlar sünidir. Heç bir halda qiymət qonşu ölkədəki qiymətdən 2,5 dəfə cox  ola bilməz”.

 İqtisadi İnkişaf Nazirliyinin  süni qiymət artımlarına qarşı mübarizəni genişləndirməsini vacib sayan mütəxəssis bildirir ki, bahalaşma əməkhaqqı artımlarından əvvəl  baş verib: “Bu ondan xəbər verir ki, Azərbaycanda büdcədən maliyyələşən işçilərin əməkhaqqlarında artımlar olacaq. Əməkhaqqı artımlarından sonra qiymətlərin yenidən bahalaşması ğözləniləndir. Sentyabr ayından digər məhsullar da  bahalaşa bilər. Nəticədə 2011-ci ildə ciddi inflyasiya qeydə alinacaq”.

Qiymət artımlarının davam edəcəyi fikrində olan iqtisadçı cari ildə inflyasiyanın 15 faizdən çox proqnozlaşdırıldığını vurğulayır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü