Modern.az

Dünya liderləri Bakıda bir araya gəliblər

Dünya liderləri Bakıda bir araya gəliblər

Aktual

15 Mart 2018, 09:25

Azərbaycan paytaxtı bu həftənin sonunadək daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Martın 15-dən 18-dək Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə VI illik Qlobal forum keçiriləcək.

 

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, forumun işində, həmişə olduğu kimi, dünya liderləri, hazırda vəzifədə olan və sabiq prezidentlər, baş nazirlər və xarici işlər nazirləri, həmçinin nüfuzlu ictimai xadimlər və siyasətçilər iştirak edəcəklər. Onların arasında Albaniya, Makedoniya və Moldova prezidentləri - İlir Meta, Qeorqe İvanov və İqor Dodon, Bosniya və Herseqovina Ali Şurası Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin baş naziri və Xarici İşlər Nazirliyinin başçısı - Binali Yıldırım və Mövlud Çavuşoqlu, Fələstin baş nazirinin müavini Ziad Əbu Əmr, Bosniya və Herseqovina baş nazirinin müavini Mirko Şaroviç, Rumıniya baş nazirinin müavini Ana Birçall və başqaları var. Tədbirdə bütovlükdə təxminən 500 qonağın iştirakı gözlənilir.

 

Açılış mərasimində İtaliya prezidenti Sercio Matarellinin, Böyük Britaniyanın baş naziri Tereza Meyin və BMT-nin baş katibi Antoniu Quterrişin müraciətləri oxunacaq. “İnklüziv cəmiyyətlərin yaradılması üçün ziddiyyətlərin eyniləşdirilməsi” probleminə həsr ediləcək forumda dünyada və Yaxın Şərqdə təhlükəsizlik, Balkan regionunda mövcud  geosiyasi vəziyyət, ictimai-siyasi həyatda gənclərin artan rolu və başqa məsələlər müzakirə ediləcək.

 

Virtualaz.org-un xəbərinə görə, Forumun panel müzakirələrində Azərbaycan prezidentinin xarici siyasət və ictimai-siyasi məsələlər üzrə köməkçiləri Novruz Məmmədovun, Əli Həsənovun, baş nazirin müavini Əli Həsənovun, həmçinin xarici işlər naziri Elmar Məmmədyarovun çıxışları gözlənilir.

Forum çərçivəsində Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək. “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlı konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Konfransda ABŞ, Kanada, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən çox alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

Martın 18-19-da isə VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres kitabxanası və Misirin İsgəndəriyyə kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək ənənəvi Kitab Sammitində milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, onların gələcəyi müzakirə olunacaq.

Sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Mavriki və Makedoniya respublikalarının prezidentləri, ABŞ Konqresi kitabxanasının nümayəndəsi, Çin, Bolqarıstan, Latviya, Azərbaycan, Misir, Mərakeş və digər ölkələrin milli kitabxanalarının rəhbərləri, ziyalılar iştirak edəcəklər.

Martın 14-də  Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana gəlib. APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda B. Yıldırımı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıblar. B.Yıldırımla birgə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat

 

Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çetin və digər şəxslər də Azərbaycana gəlib.

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb. (“Report”) Prezident İlham Əliyev Baş nazir Binəli Yıldırımı qarşılayıb, sonra birgə foto çəkdirilib. Görüşdən sonra prezident İlham Əliyev və Baş nazir Binəli Yıldırım birgə nahar ediblər.

 

“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”. “Report” xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib. “Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir, Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, Nizami Gəncəvi Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib. Onun ”Xəmsə"si bu gün dünya elm adamlarına, şairlərinə bir nümunədir. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim", - deyə baş nazir vurğulayıb.

“Güclü Türkiyə və güclü Azərbaycan bölgənin təhlükəsizliyinin təminatçısı olacaq”. Bunu da qardaş ölkənin Baş naziri deyib. B.Yıldırım O.Əsədovla görüşdə Qarabağdan da danışıb. “Azərbaycanın Dağlıq Qarabağ məsələsi, təəssüf ki, qanayan bir yaradır. Bunun bir zaman düzələcəyinə əminəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - deyə B.Yıldırım əlavə edib.

 

Nüfuzlu beynəlxalq tədbirin təşkilatçılarının da forumdan gözləntiləri böyükdür. “Bakıda keçiriləcək VI Qlobal Forum Azərbaycana qarşı indiyə qədər dünya miqyasında üzdəniraq düşmənlərin apardığı qarayaxma kampaniyasını alt-üst edəcək, bura gələn dünya miqyaslı liderlər Azərbaycanla bağlı ən xoş təəssüratla ayrılacaqlar”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Komitə sədri qeyd edib ki, foruma dünyanın tanınmış simaları, siyasətçiləri toplaşır və maraqlı mövzular ətrafında müzakirələr aparılacaq:

 

“Buradan ayrılan dünya liderləri qarayaxma kampaniyasının əksinə olaraq Azərbaycanın demokratik, inkişaf etmiş nümunəvi ölkə olması təəssüratı ilə ayrılıb dünyada təbliğ edəcəklər. Ən əsası da odur ki, biz burada dahi Azərbaycan şairi Nizami Gəncəvini Sovet dövründəki təbliğatdan fərqli formada təqdim edəcəyik. Onun eyni zamanda siyasətçi, dövrünün böyük ictimai xadim olduğu da təbliğ ediləcək”.(musavat.com)

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı