Modern.az

Musa Quliyev: “Bizdə belə bir informasiya vardı ki, ATƏT-in qərəzli rəyi seçkidən öncə hazırlanıb” - MÜSAHİBƏ

Musa Quliyev: “Bizdə belə bir informasiya vardı ki, ATƏT-in qərəzli rəyi seçkidən öncə hazırlanıb” - MÜSAHİBƏ

Parlament

13 Aprel 2018, 13:31

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev (Urud) Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Aprelin 11-də keçirilmiş prezident seçkilərini necə qiymətləndirirsiniz?

- Prezident seçkiləri demokratik, şəffaf keçirildi. Xalq seçki hüququndan istifadə edərək, öz prezidentini seçdi. Prezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan vətəndaşlarının seçimi Heydər Əliyev siyasətidir. Seçkilər dövründəki təbliğat vaxtında da vətəndaşlar bizə deyirdilər ki, artıq öz seçimlərini ediblər. Yəni, cənab prezidentin 2003-ci ildən bu yana gördüyü işlər Azərbaycanın güclü dövlətə çevrilməsi, iqtisdiyyatının artması, ölkədəki sabit ictimai-siyasi mühit, ordumuzun güclənməsi, əhalinin sosial rifahının yaxşılaşması İlham Əliyevin qələbəsini labüd edib. Bu seçkilərdə də xalqımız elliklə iştirak etdi. Səsvermə hüququ olan vətəndaşlarımızın böyük bir kəsimi seçkiyə qatıldı və səs verənlərin də əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəklədi. Seçkilərin demokratik keçməsini Azərbaycan xalqının iradəsi sübut edib. Eyni zamanda, seçki prosesini izləmiş yüzlərlə xarici müşahidəçinin rəyi də demokratik seçkilərin keçirilməsini təsdiq edib. Bundan əlavə, seçkidən sonra namizədlərin qalibi təbrik etməsi də gözəl bir seçki mədəniyyəti nümunəsidir. Bu da o deməkdir ki, seçkinin nəticələrinə məğlub namizədlərin heç bir etirazı və mənfi rəyi yoxdur.

-  Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. Bildirilib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib və müəyyən pozuntular qeydə alınıb. Siz bu rəylə bağlı nə deyə bilərsiniz?

 - ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları qərəzli rəylə çıxış etməsi təəssüf doğurur. Bu, xalqın da haqlı etirazı və nifrətinə səbəb olur.  Birinci hal deyil ki, ATƏT-in missiyası bizə münasibətdə ikili standartlarla çıxış edir. Təkcə Azərbaycana qarşı deyil, bir sıra dövlətlərdəki seçkilərdə də ATƏT-in bu cür çıxış etməsi göstərir ki, onları həqiqi demokratiya, hüququn aliliyi maraqlandırmır, həmin bəyanatlar öz maraqlarına və niyyətlərinə xidmətin nəticəsidir.  Hətta seçkidən əvvəl bizdə belə bir informasiya vardı ki, artıq ATƏT-in rəyi öncədən hazırdır. Yəni onlar Azərbaycandakı seçkini formal olaraq müşahidə edəcəklər və artıq onlara Qərbin müxtəlif dairələrində hazırlanmış, Azərbaycana düşmən qüvvələrin münasibətini ifadə edən seçki arayışı təqdim ediblər. Bu çox narahatlıq yaradan bir faktordur. Ümumiyyətlə, ATƏT missiya olaraq nüfuzunu çoxdan itirmiş təşkilatdır. 25 il ərzində nə ATƏT-in Parlament Assambleyası, nə Minsk qrupu, nə də AŞPA qəti şəkildə Dağlıq Qarabağ konfilikti ilə bağlı bir fikir ortaya qoyub. İşğalçı Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında bir fərq qoymayıblar. Əksinə, Ermənistandakı seçkiləri bir çox hallarda demokratik dəyərləndiriblər. Baxmayaraq ki, Ermənistanda parlementi gülləbaran edilmişdi, prezident seçkiləri vaxtı namizədləridən birinə sui-qəsd edilmişdi. Amma ATƏT Ermənistanda seçkilərin demokratik keçdiyi barədə rəy verdi. Bu təşkilatların Azərbaycanda azad və aşkar şəkildə keçirilən, xalqın iştirak etdiyi seçki kampaniyasına qara yaxması qərəzdən başqa bir şey deyil. Hesab edirəm ki, Azərbaycan xalqının da belə təsisatlara etiraz etməsi tamamilə təbiidir. ATƏT-in ilkin rəyində guya, Yeni Azərbaycan Partiyasının (YAP) inzibati resurslardan istifadə etməsi, seçkidə rəqabət mühitinin olmaması barədə ağılagəlməz yalanlar öz əksini tapıb.  Mən bir şeyi xatırlatmaq istəyirəm ki, YAP-ın təbliğat-təşviqat kampaniyası dövründə Gəncədə keçirilən görüşü 4 saatdan çox davam edib. Orada 100 mindən çox adam toplaşmışdı. Administrasiv üsullardan istifadə edib 100 min insanı ora yığmaqmı olardı? Həmin insanları orada 4 saat saxlamaq olarmı? Yaxud da seçkinin nəticələri elan olunduqdan sonra Bakı şəhərinin və rayonlarımızın küçələri insanlarla doldu. Hər kəs əlinə ölkənin bayrağını götürüb bayram etməyə başladı. Rayonlarda və Bakıda bayram konsertləri keçirildi. Bunları inzibati resurslarla etmək olarmı? İnsanları kim zorla sevindirə bilər ki? Hesab edirəm ki, bu kimi hallarla Avropa qurumları özlərinin çirkin əməllərini ortaya qoyurlar. Bizim də xalqın haqlı nifrətini qazanırlar.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının Azərbaycanda prezident seçkiləri bağlı rəyi gələcəkdə hansı narahatlıqlar yarada bilər?

- Bunların nə yazmasının heç bir əhəmiyyəti yoxdur. Onlar lap yazsaydılar ki, Azərbaycanda seçkilər demokratik keçirildi, onun xalqımıza, Azərbaycan iqtidarına heç bir təsiri yoxdur. Bu seçim Azərbaycan xalqının seçimidir. Dünyanın nufuzlu dövlətlərinin rəhbərləri prezident İlham Əliyevi seçkidə qalib gəlməsi münasibətilə təbrik edir. Bu da o deməkdir ki, seçkinin nəticələrinı həm Azərbaycan xalqı, həm də dünya ictimaiyyəti tanıyıb. Azərbaycan xalqı qarşıdakı 7 il müddətində də ölkə başçısının rəhbərliyi altında böyük uğurlara imza atacaq. Amma ATƏT, Avropa Şurası kimi təşkilatlar da bilməlidirlər ki, Azərbaycanı oyuncaq dövlətə çevirmək olmaz. Azərbaycan 1990-cı ilin əvvəlindəki ölkə deyil. Azərbaycan qüdrətli dövlətdir. Hakimiyyətin yeganə mənbəyi isə xalqıdr. Azərbaycandan da heç kəs öz niyyətləri üçün istifadə edə bilməz. Onlar istəyirlər ki, iqtisadi cəhətdən güclü olan, təbii ehtiyatları olan dövlətləri öz əlaltısına çevirsinlər. Amma Azərbaycanın bütün sərvətləri öz xalqına məxsusdur. Çox təəssüflər olsun ki, bizim içərimizdə olan milli satqınlar - mən deyərdim ki, onlar siyasi və başqa cəhətdən də azlıqlardır - ATƏT-in rəyini alqışalarla qarşılayırlar. Mən deyərdim ki, milli satqınlar belə formalaşır. Sənin xalqın öz demokratik seçimini etsin, amma sən də ATƏT-in yalançı bir rəyinə aldanıb denən ki, mitinq keçirəcəm və yaxud seçkinin nəticəsini qeyri-legitim hesab edəcəm. Bunlar mənasız şeylərdir. Hesab edirəm ki, bu seçki xalq-iqtidar birliyini daha da möhkəmləndirdi. Xaqlımız və dövlətimiz üçün uğurlu olsun.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü