Modern.az

“ATƏT-in müşahidə missiyasına göstərişlər olub” - Deputatlar hesabatı qərəzli SAYIR

“ATƏT-in müşahidə missiyasına göstərişlər olub” - Deputatlar hesabatı qərəzli SAYIR

Aktual

13 Aprel 2018, 15:07

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə  Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86 faizini toplayaraq qalib olub.

Aprelin 12-də isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyini açıqlayıb. Bildirilib ki, seçkilər məhdud siyasi mühitdə keçirilib və müəyyən pozuntular qeydə alınıb.

Milli Məclisin deputatları bu dəfə Modern.az saytına  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyalarının prezident seçkilərində apardıqları müşahidələrə dair ilkin rəyi barədə danışıblar.

 

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili bildirib ki, Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərini müşahidə edən hər bir təşkilat və ya fərdlər artıq öz mövqelərini bəyan edirlər.

“11 aprel prezident seçkiləri şəffaf və demokratik əsaslarla keçirildi. Seçkilərin əsas məqsədi xalqın öz iradəsini əks etdirməsidir. Seçkiləri müşahidə edən hər bir təşkilat bu barədə artıq öz mövqeyini bildirir. Bəyan edilmiş mövqelərə görə seçkilər kifayət qədər şəffaf və demokratik əsaslarla keçirilib. Seçkilərdə aktiv iştirak edən Azərbaycan vətəndaşları öz iradələrini ifadə ediblər”.

Deputat qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müşahidə etdiyi bütün ölkələrdəki seçkilərlə bağlı oxşar bəyanatlar verir.

“Ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı verdiyi ilkin bəyənatda da seçkilərin nəticələrinə və vətəndaşların öz iradəsini bildirməyə təsir edə bilməyəcək ayrı-ayrı faktların mövcudluğundan bəhs edirlər. Halbuki, qeyd eilən faktlar reallıqlardan uzaq, həqitətə uyğun olmayan və qeyri-peşəkar yanaşmaların nəticəsi kimi görünür. Seçkidə iştirak edən müxtəlif siyasi təşkilatları təmsil edən namizədlərin hər birinin kifayət qədər təbliğat imkanı olduğu halda, seçicilərin bu dərəcədə aktivliyi, çoxsaylı müşahidəçilərin və kameraların mövcudluğu ilə keçirilən bir prosesə qeyri-peşəkar qiymət vermək nə Azərbaycan-ATƏT münasibətlərinə uyğundur, nə beynəlxalq praktikaya, nə də reallıqları əks etdirir. Seçki xalqın iradəsinin ifadəsidir. Azərbaycan xalqının iradəsinə hər kəs hörmət etməlidir”.

 

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib ki, Azərbaycanda keçirilən prezident seçkilərini müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan  müşahidəçilər izləyiblər.

“Bunun üçün hökumət, siyasi partiyalar tərəfindən hər cür şərait yaradılıb. Demək olar ki, bütün qapılar müşahidəçilərin üzünə açıq idi. Onların fəaliyyəti üçün hər cür şərait yaradılmışdı. Onlar təbliğat-təşviqat kampaniyalarında da iştirak ediblər. Bu gün hansısa bir təşkilatlar seçkilərdə rəqabətin olmadığını qeyd edir. Namizədlər arasında İlham Əliyevdən başqa dövlət başçısı vəzifəsini idarə etmək qabiliyyətli şəxs yox idi. Təbii ki, burada rəqabət bərabər deyildi. Çünki ortada Yeni Azərbaycan Partiyasının namizədinin nüfuzu, təcrübəsi və 15 il ərzində xalqdan qazandığı etimad dayanırdı.
Seçki prosesi tam demokratik şəraitdə keçdi. Biz də müşahidə etmişik ki, müşahidəçilər vətandaşların seçki məntəqələrinə axınının şahidi olublar. Onlar görüblər ki, insanlar hansı əhval-ruhiyyə ilə səs veriblər. Hansı gözləntilərlə seçkiyə gəliblər. Məncə, seçki prosesində hansısa pozuntudan danışmaq düzgün deyil. Belə çıxır ki, seçkinin necə keçirilməsi sözügedən təşkilatları maraqlandırmır. Onda niyə görə, onlar Azərbaycanda prezident seçkilərini müşahidə etməyə gəlirdilər? Bu hal birinci dəfə deyil. ATƏT və digər təşkilatların Azərbaycana hər zaman iradları olur. Sadəcə, Azərbaycan xalqının öz seçimində əmin olması vacibdir. Aprelin 11-də xalqımız düzgün seçimini edib. Düşünürəm ki, heç bir təşkilatın rəyi, mövqeyi bizi o yoldan döndərə bilməz”.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının 11 aprel tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə əlaqədar hazırladıqları ilkin hesabat qərəzli və ədalətsizdir:


“Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək, seçimini edib. Baş tutan şəffaf və demokratik seçki prosesini görməzdən gələrək məsələni başqa istiqamətə aparmaq mənfi haldır. 2015-ci ildə Ukraynada AŞPA-nın nümayəndəsi kimi seçkiləri müşahidə edirdim. Həmin vaxt rəhbərimiz qərəzli mövqeyi ilə seçilən Qross adlı şəxs idi. Sonda öz hesabatlarımızda göstərdik ki, müşahidələrimiz zamanı heç bir qayda pozuntusu qeydə almamışıq. Qross bunların hamısını qəbul etdi və razı qaldı. Bir gün sonra, yəni, bütün ölkə üzrə nəticələr gələndən sonra o, seçki prosesi ilə bağlı mənfi mövqeyini açıqladı. Onun sonradan tamamilə başqa bir hesabat açıqlaması qərəz və ədalətsizlikdən xəbər verirdi. Ona hansısa əvvəlcədən hazırlaşmış sənəd gəlmişdi. Bu, mənə deməyə əsas verir ki, Azərbaycanda da eyni vəziyyətlə qarşılaşırıq. Amma Azərbaycanda xalq öz seçimini edib”.

 

Deputat qeyd edib ki, sözügedən hesabat xalqın seçiminə edilən hörmətsizlikdir.

“Sözügedən təşkilat əvvəlcədən hazırlanmış hesabatı açıqlayaraq qərəzli mövqeyini ortaya qoydu. Azərbaycan xalqı düz yoldadır, xalq cənab prezident İlham Əliyevi dəstəkləyir və Azərbaycanın ərazi problemini həll etmək üçün öz liderinin ətrafında sıx birləşib. Yaxşı olardı ki, bu təşkilatlar ədalətli mövqedən çıxış etsin. Amma görünür, onlara bu hesabatla bağlı hansısa göstərişlər olub. Məhz bunu bildiklərinə görə də, təşkilatın hesabatı Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin, eləcə də jurnalistlərin ciddi etirazı ilə qarşılanıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü