İran prezidenti Mahmud Əhmədinejat növbəti bəyanatla çıxış edib. Dövlət televiziyası ilə xalqa müraciətində prezident bir daha İranın nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını qeyd edib. Tehranın atom bombası yaratmaq niyyətində olmasına dair Qərbin ittihamlarını rədd edən Əhmədinejat ölkəsinin müdafiə doktrinasında atom bombasına yer olmadığını deyib. “İranın nüvə doktrinasında atom bombasına yer yoxdur. Bunu dini lider də bəyan edib”-deyə prezident bildirib. Onun sözlərinə görə, İran nüvə fəaliyyətləri sahəsində beynəlxalq öhdəliklərə əməl edir. O, BMT müfəttişlərinin ölkənin nüvə stansiylarında təftiş keçirdiklərini də xatırladıb.
Əhmədinejat bütün ölkələrlə ədalət və qarşılıqlı hörmət əsasında əlaqələrə önəm verdiklərini vurğulayaraq yaşadığimız dünyada İran kimi bir ölkənin təcrid edilə bilməyəcəyini bəyan edib. “Heç bir ölkə İranı təcrid edə bilməz” deyən Əhmədinejat İranın Yaxın Şərqdəki rolu ilə qlobal ilişkilərinin buna imkan verməyəcəyini bildrib. O, İranın Yaxın Şərq ölkələri ilə yanaşı Afrika, Latın Amerikası və dünyadakı bır sıra dövlətlərlə siyasi və iqtisadi əlaqələrdə mühüm rol oynadığını deyib. İran lideri ABŞ və İsrailin bütün dünyada getdikcə etibarını itirdiyini də deyib.