Modern.az

TANAP-ın açılışı oldu - YENİLƏNİB

TANAP-ın açılışı oldu - YENİLƏNİB

İqtisadiyyat

12 İyun 2018, 19:45

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Modern.az xəbər verir ki, TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başladı.

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Daha sonra Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Sonra TANAP kəmərinə qazın verilməsi mərasimi olub.

Xatırladaq ki, uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Sonda birgə foto çəkdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır