Modern.az

Şeyxin Aşura aksiyası - Azərbaycanlılar kütləvi şəkildə qanverməyə qatılıb - VİDEO 

Şeyxin Aşura aksiyası - Azərbaycanlılar kütləvi şəkildə qanverməyə qatılıb - VİDEO 

20 Sentyabr 2018, 20:14

Bu gün Azərbaycanda Aşura günü qeyd olunub.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, Aşura günü Məhərrəm ayının 10-na, sentyabrın 20-nə düşür. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu bu gün zülmə qarşı mübarizə nümunəsi kimi islam dünyasında hörmətlə yad edilir. İmam Hüseyn və Əhli-beytinin Kərbəla çölündə şəhid edilməsi tarix boyunca müsəlman xalqları arasında qeyd olunub.

Aşura günü ilə bağlı Təzəpir məscidində qanvermə aksiyası keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulublar.  Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında  bildirib ki, Azərbaycan dövləti dindarlar üçün hər cür şərait yaradıb. Qanvermə aksiyası barədə təəssüratlarını bölüşən A.Paşazadə bildirib ki, bu gün ədalətin bərpa olunduğu və şəhidlərin yad edildiyi günüdür: "Qanvermə aksiyası gözəl ənənədir. Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik".

Azərbaycanda artıq neçə illərdir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günü ölkədə  qanvermə aksiyası keçirilir.  Şeyxülislam verdiyi  açıqlamalarında qan verməklə ehtiyacı olan, şəfa gözləyən insanlara köməyi imam Hüseynin islam aləmi üçün etdiyi qəhrəmanlıq nümunəsinə bərabər olduğunu bəyan edib. Bu aksiya “öz qanınla qana ehtiyacı olanlara həyat ver!” devizini əsas prioritet kimi qabartmaqla islam dini üçün mühüm olan xeyirxahlıq, yardım missiyasını tamamlayır.


"Mən heç ömrümdə özümə zəncir vurmamışam. Qana ehtiyacı olan xəstələr var. İmam Hüseynin də ruhu şad olardı ki, qanlarımızı həmin insanlara verək. Bu, böyük savabdır. Mən istərdim ki, imkanı olan bütün müsəlmanlar tək Aşura günü yox, başqa günlərdə də qan versinlər. Bir insanın həyatını xilas etmək bütün dinlərdə bəyənilir. Bu gün İmam Hüseyn aramızda olsaydı, o da belə addım atardı” –deyə A.Paşazadə müsahibələrinin birində qanvermə aksiyasının əhəmiyyəti barədə danışarkən demişdi.

Əvvələr bu mərasim zamanı insanların  zəncir vurmaq, bıçaqla qollarını kəsmək, baş yarmaq bəzi davranışlara yol verilsə də Allahşükür Paşazadənin təşəbbüsü ilə qanvermə aksiyasına başlanılması bu kimi arzuolunmaz adətlərin sıradan çıxmasında mühüm rol oynadı və cəmiyyət tərəfindən təqdir edildi.

Maraqlıdır ki, Şeyxin bu təşəbbüsü  tədricən digər müsəlman ölkələrinə də yayılmaqdadır.

Artıq Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başa çatıb.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, aksiyada 5539 nəfər iştirak edib və 2492,6 litr qan toplanıb.

Z.Əlimirzəyeva qeyd edib ki, bu il aksiyada ötən ilkindən çox insan iştirak edib. Onun sözlərinə görə, ötən il təqribən 4 minə yaxın insan iştirak etmişdi. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyası gün ərzində davam etdiriləcək.

Qeyd edək ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, “İçərişəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzəpir məscidi”, “Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi”, Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şirvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır