Modern.az

Efiopiyada Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filmin təqdimatı oldu

Efiopiyada Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş filmin təqdimatı oldu

Aktual

25 Sentyabr 2018, 15:04

15-23 sentyabr tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Səfirliyinin təşəbbüsü və daha on bir ölkənin (Türkiyə, İran, Pakistan, Çin, Hindistan, Yaponiya, Avstraliya, Banqladeş, Yeni Zelandiya, İndoneziya, Koreya) Səfirliklərinin birgə təşkilatçılığı ilə “Asiya və Sakit okean regionu ölkələrinin Film Festivalı” həftəsi keçirilib. Festival İtaliya Mədəniyyət Mərkəzində təşkil edilib.


Modern.az xəbər verir ki, 23 sentyabr tarixində keçirilmiş Festivalın bağlanış mərasimində təşkilatçı səfirlər adından Azərbaycan Respublikasının səfiri Elman Abdullayev çıxış edib. O, festivalı Efiopiya cəmiyyətinin və diplomatik korpusun müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olması baxımından gözəl imkan adlandırıb, tamaşaçılara və təşkilati dəstək göstərmiş bütün şəxslərə təşəkkür edib. Səfir Elman Abdullayev festivalının təşkilinin diplomatik korpusun sıx əməkdaşlığı nəticəsində baş tutduğunu qeyd edərək, gələcəkdə digər birgə layihələrin də həyata keçirilməsinin vacibliyini vurğulayıb. Səfir E.Abdullayev həmçinin, təşkilatçı ölkələrin səfirlərini səhnəyə dəvət edərək, birgə təşkilatçılığın rəmzi olaraq xatirə şəkli çəkdirilib.


Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunmuş və ölkəmizdə azsaylı xalqların, etnik qrupların həyatından bəhs edən “Bir günəş altında” sənədli filmi nümayiş olunub. Filmin baş prodüseri Arzu Əliyevadır. Qeyd edək ki, Azərbaycan filmi festival çərçivəsində böyük auditoriya toplamış və tamaşaçıların böyük marağına səbəb olub. Film haqqında qısa təqdimat verən səfir Elman Abdullayev, qeyd olunan sənədli filmin Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələrini nümayiş etdirdiyini qeyd etmişdir. Səfir Azərbaycanda bütün xalqların və etnik qrupların mədəniyyətlərinin və dillərinin dövlət səviyyəsində qorunduğu və inkişaf olunduğunu vurğulayıb.

Bağlanış mərasimi ilə bağlı təşkilatçı Səfirliklər tərəfindən verilmiş geniş ziyafətdə Asiya ölkələrinin milli mətbəx nümunələri və içkiləri qonaqlara təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...