Modern.az

 “Ədəbiyyatın kulisi”nə kulisdən baxış

 “Ədəbiyyatın kulisi”nə kulisdən baxış

Aktual

1 Oktyabr 2018, 14:10

Biz Kənan Hacı ilə qiyabi olaraq lap çoxdan tanışıq. Bir-birimizə yazılarımızdan bələdik. Tale elə gətirdi ki, qismətimizə qonşu olmaq da düşdü, jurnalistlər üçün inşa edilən binalarda. Bu yaxınlarda isə dostumuz Akif Cabbarlının təşəbbüsü ilə əyani tanış da olduq. Kənan mənə “Ədəbiyyatın kulisi”, mənsə ona “Bir qəlbin nəqəratsız nəğməsi” kitabımı hədiyyə etdik. Kənan Hacının kulis.az saytının “Ədəbiyyatın kulisi” layihəsi üçün yazılarından ibarət kitabını ikicə günün içində oxuyub başa vurdum. Qərara gəldim ki, qənaətimi bölüşüm. Tam səmimiyyətlə deyirəm, bu dostmodernizm “fəlsəfə”indən qaynaqlanmadı (“dostmodernizm” ifadəsinin müəllifi mən deyiləm – A.M), sadəcə içimdən gəldi.

 

“Uşaqlığım yaddaşımda ilmələndi”, “Hərdən fikirləşirəm ki, Azərbaycanın ürəyi çat verib”, “İçində söz bişirə-bişirə yaşayırsan”, “Yenə birinə bənd olub, xam cöngə kimi havalanmışdım”, “Cibimdə siçanlar “Yallı” gedirdi”, “Yaddaşın da zirzəmisi var” , ələlxüsus da, bu yaxınlarda “Əcəli çatmamış ölənlər” yazısındakı “Huşyarlıqdan məstanəliyə bir qədəhlik yol var” kimi mükəmməl deyimləri onun cilalanmış qələmindən xəbər verir. Hər bir qələm əhlinin yaratdıqları onun iç dünyasının aynasıdır. Kənanın yazılarından aydınca sezirsən ki, o, Vətənin daşı (qayası) olmaq qüdrətinə yüksələn soydaşlarımızdandır. Onun qələmə aldıqları oxunaqlıdır, səni düşündürür, daşındırır, münasibətə səsləyir. Kənanın yazılarından durmadan üyüdən təxəyyül, sərhəd tanımayan təfəkkür, mürəkkəbi tükənməyən  qələm, yoruldum demək bilməyən mənəvi ruh, bulaq halallığı, qartal gözlü müşahidəçilik qabiliyyəti, adicə bir elandan matah düzəltmək fərasəti boylanır. Kənanın təhkiyəsi səni söhbətləşməyə çağırır, təbii və cəlbedicidir. Son vaxtlarda onun yazılarının ruhuna sosial şəbəkə “üslub”unun qismən sirayət etdiyi də nəzərdən qaçmır. Yəqinki, bu, onun sosial şəbəkələrdəki fəallığından qaynaqlanır. Bəzən də adama elə gəlir ki, yazılarında özü həddən çoxdur. Düzdür, elə əksər yazarlar özünü yazır, di gəl, sanki, bu Kənanda daha qabarıqdır.

 

“Ədəbiyyatın kulisi” kitabında toplanan yazılarda milli-mənəvi dəyərlərimizin aliliyini daim uca tutmağa çağırış, hər bir soydaşımıza dəyər verməyin, ona arxa durmağın vacibliyi, 17 yaşlı əsgər Nabat(“Qəşəng döyüşçü”), Kərim Nalə(“Səfil şairin eksperimental şeirləri”), Soltan Rauf(“O şairin məzarını ot basıb”) və bu qəbildən digər həmvətənlərimizin taleyinə həssaslıqla yanaşmağın bizim mənəvi borcumuz olduğu ən xırda çalarlarına qədər əksini tapıb. Kənanın qələmə aldıqlarının əksəriyyəti çox vaxt bir o qədər əhəmiyyət vermədən laqeydcəsinə yan ötdüyümüz həyat reallıqlarıdır. Onun iki-üç səhifəlik yazılarının çoxsunda bir romanın yükü var. “İndiki zamanda it adamdan da baha olub” deyə hayqıran Kənan (O, rəhmətlik Məmməd Arazın “İti bazarında atından baha” gileyinin indi bu hala gəldiyi qənaətindədir) bizləri ayıq-sayıqlığa, insani, humanist dəyərləri zirvədə saxlamağa səsləyir.

 

 

Nə yaxşı ki, kasıbçılığın daşı Kənanın qələminin gözünü hüç cür bağlaya bilmədi. İndi işsiz olan dostumuz yenə də Tanrıdan ümidini üzmədən yazıb-yaradır. İnanır ki, şair Kəramət bir vaxtlar bazarda kasa satmaq məcburiyyətində qalan rəhmətlik şair Abdulla Rəfibəyliyə özünün “Yeni Qurtuluş” qəzetində iş verdiyi kimi günlərin birində ona da mənəvi arxa duracaq soydaşımız tezliklə tapılacaq(“Bir şair vaxtilə kasa satırdı”). Şükür Tanrıya ki, Ülviyyə Heydərovanın təbirincə desək, Kənan Hacı bir əlçim ömür payını “kirayə arzularla” başa vurmadı. Jurnalistlərin mənəvi dayağı olan Prezident İlham Əliyev ömrünün xeyli hissəsini kirayələrdə keçirən bu qələm əhlini də mənəvi haqqına qovuşdurdu, onu da jurnalistlərin binasında mənzilə layiq bildi.  Başının üstündə damı olmaq isə əvəzsiz nemətdir, Tanrı kimsədən əsirgəməsin.

 

 

Kənanın əksər yazarlar kimi ən böyük istəklərindən biri nədir? Azərbaycanda əsl bazar iqtisadiyyatına xas kitab bazarı formalaşsın, ədəbiyyat dərgiləri, qəzetləri normal qonorar vermək gücündə olsun. Qələm əhli də (cızmaqaraçıları çıxmaq şərtilə) alın tərinin məhsulu olan bir parça çörəyini qürurla evinə aparsın, bu yolla əsl ədəbiyyat uğrunda “mübarizə”yə təkan verilsin. O inanır ki, bizim millət aciz deyil, əgər həqiqi ədəbiyyat mühiti formalaşarsa, bizimkilər də dünya ədəbiyyatı səhnəsində layiqli yerini tuta bilər. Bunu min-bir çətinliyə baxmayaraq indinin özündə də ayrı-ayrı fərdlərin timsalında görürük. Adicə bir qayıqla dünya ədəbiyyatı okeanına baş vuran barmaqla sayılası soydaşlarımız mənzilbaşına yetir, nüfuzlu beynəlxalq mükafatlara layiq görülür, üstəlik bir çox hallarda əməlli-başlı qonorar sahibi də olurlar.  Sadəcə, Kənanın istəyi odur ki, bu, peşəkar səviyyədə təşkilatlanmış qaydada baş versin, haqqı çatan hər bir kəs üçün əlçatan olsun.

 

Həyatın hər anı, addımbaşı müşahidə etdikləri Kənan üçün əhvalatdır, həyat etüdləridir. Adi mətləblərdə böyük fəzilətlər kəşf etmək onun şakəridir. Ta uşaqlıqdan düzüb-qoşmaqda necə pərgardısa, eləcənə də nə təxəyyülünə, nə təfəkkürünə, nə də qəlbinə, ruhuna və qələminə dinclik vermək fikirindən tamam uzaqdır(aradabir əldən düşsə də). Dünyaya gözünü açdığı Buzovnanın “duzu, istiotu” da çox vaxt karına gəlir. Nə yaxşı ki, qərinələr, əsrlər bir-birini əvəzləsə də, böyük şəhərlərdən fərqli olaraq kiçik yaşayış məntəqələrindən nağıl, dastan ruhu hələ də köçünü çəkməyib.  Ən başlıcası, Kənanın bütün yaradıcılığı kimi “Ədəbiyyatın kulisi” kitabındakı yazıları da sıravilkdən uzaqdı, özünəməxsusdur və dəyərlidir. Comolonquma zirvəsindəkiləri görmək xeyli kəsə müəyyəsər ola bilər, di gəl, oğulsan, Marian çökəkliyindəkiləri duyub görə biləsən, bax, bu, tamam başqadır!!! Kənan Hacının yaradıcılığını fərqləndirən həlledici məqam da məhz onun yazılarından bu ucalığın, təravətin əskilməməsi ilə bağlıdır. Qələminə qüvvət, qardaş, çin olmayan arzuların qalmasın!!!

 

Azad Müzəffərli

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı