Modern.az

Milli Məclisdə deputatların fikir ayrılıqları: Rafiq Əliyev və eks-prezidentlər məsələsi...

Milli Məclisdə deputatların fikir ayrılıqları: Rafiq Əliyev və eks-prezidentlər məsələsi...

Təhsil

15 Noyabr 2011, 14:16


Modern.az
xəbər verir ki, Milli Məclisin bu günkü iclasında “Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsi ikinci oxunuşda müzakirə olunarkən deputatlar sənədlə bağlı mövqelərini bildiriblər.

Milli Məclisin komitə sədri Əli Hüseynli deyib ki, qanun layihəsi Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil edilir.
“Azərbaycanda belə bir hal olmadığına görə bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunur”.

Qanunun qəbul olunmasının tərəfdarı kimi çıxış edən deputat Tahir Rzayev eks-prezident Ayaz Mütəllibovu cinayatkar adlandırıb. T.Rzayev deyib ki, A.Mütəllibov heç olmasa öz əməlləri ilə bağlı Azərbaycan xalqı qarşısında, xocalılar qarşısında üzr istəsin, sonra onun cinayətlərinə xitam verilsin və Azərbaycan xalqı onu bağışlasın.

Deputat İqbal Ağazadə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri  Rafiq Əliyevin işdən çıxarıması ilə bağlı məsələyə münasibət bildirib. İqbal Ağazada deyib ki, Rafiq Əliyevin işdən çıxarılması düzgün hal deyil, Milli Məclis bu məsələyə dərhal münasibət bildirməli və konkret olaraq öz mövqeyini ortaya qoymalıdır.

Deputat Aydın Mirzəzadə isə öz çıxışında Rafiq Əliyevin işdən çıxarılmasını xırda məsələ adlandırıb və deyib ki, onun parlament müzakirəsinə çıxarılması lazım deyil.
“Hansısa bir insanın kafedra müdiri vəzifəsindən azad olunması parlamentdə müzakirəyə çıxarılacaq məsələ deyil. Azərbaycanda onlarla ali məktəb, yüzlərlə kafedra var. Bununla bağlı məsələlərə parlamentdə deyil, elmi şuralarda baxılmalıdır”.

Deputat Qüdrət Həsənquliyev çıxış edərək 17 noyabır Milli Dirçəliş günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. O, eks-prezidentlər haqqında qanunun qəbulunun tərəfdarı olduğunu bildirib. Ancaq o, bir məsələyə diqqət yetriməyi xahiş edib. Bildirib ki, qanunun sabiq prezident Ayaz Mütəllibova şamil olunmasının gələcəkdə başqa problemlər yaradacağını düşünür. Onun sözlərinə görə, Ayaz Mütəllibova qarşı irəli sürülmüş ittihamlar prezident səlahiyyətləri başa çatandan sonra törətdiyi əməllərə görədir: “Mütəllibov ağır və xüsusilə ağır və dövləti cinayətlərdə ittiham olunur”.

Millət vəkili Jalə Əliyevə çıxış edərək qanun layihəsinin lehinə səs verəcəyini bildirib. Amma deputat qeyd edib ki, çox yaxşı hal olardı ki, mərhum dövlət başçısı Heydər Əliyev haqqında xüsusi bir qanun da qəbul olunsun.
“Çünki Heydər Əliyevi digərləri ilə eyniləşdirmək  olmaz”-deyə o, vurğulayıb.

Deputat Fazil Müstafa da akademik Rafiq Əliyevin məsələsinə toxunub. O, bildirib ki, Rafiq Əliyevin işdən çıxarılması düzgün hal deyil.
“Bu necə haldır ki, dünya şöhrətli akademik işdən çıxarılır” deyən Fazil Mustafa  sual edib.
F.Mustafa eks-prezidentlər haqqında qanun layihəsinə də münasibət bildirib. O, deyib ki, Ayaz Mütəllibov keçmiş məsələlərə görə cinayətkardı.
“Ayaz Mütəllibov da, Əbulfəz Elçibəy də Azərbaycanın keçmiş prezidenti olublar. Ayaz Mütəllibova “cinayətkardır” demək  düzgün deyil, onun məhkəməsi olmayıb ki, bilinsin cinayətkardır, yoxsa cinayətkar deyil. Bununla bağlı Cinayət Məcəlləsində təqsirsizlik priziumpsiyası var”.

Deputat Zahid Oruc “Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsinin əleyhinə səs verəcəyini bildirib.

Səsvermədən sonra adı çəkilən qanun layihəsi qəbul olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir