Modern.az

 “Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər, ikili yanaşmalar aradan qalxır” - DEPUTAT  

 “Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər, ikili yanaşmalar aradan qalxır” - DEPUTAT   

18 Dekabr 2018, 12:28

“Keçən həftə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri ilə birgə Avropa Parlamentinə səfər etdik. Bu il AXC-nin 100 illiyi ilə bağlı ölkə xaricində, o cümlədən Avropada çoxlu tədbirlər keçirildi. Biz nümayəndə heyətimizin üzvləri ilə Strasburqa getdik. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Azərbaycanın Avronest Parlament Assambelaysındakı nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova həmin tədbirdə çox yüksək səviyyədə iştirak etdilər. Həmin tədbirdə 140-dan çox qonaq iştirak edirdi. Onlara Azərbaycan Xalq Cümhuriyyəti haqqında dəyərli məlumatlar verildi”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, bu tədbirlərdən sonra Avropa Parlamentinin plenar sessiyası keçirildi. Və Avropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edilib.

Cavanşir Feyziyevin sözlərinə görə, sənəddə bütün “Şərq tərəfdaşlığı ölkələri”nin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin tanındığı öz əksini tapıb, sonda isə qətnamə qəbul edilib.

“Qətnamədə Avropa İttifaqının və İttifaqa üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr yer alıb. Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamentarilərin cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib. Müzakirələrdən sonra qəbul edilmiş qətnamədə Azəbaycanın maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir”-deyə o bildirib.

Deputatın sözlərinə görə, sənəddə bütün “Şərq tərəfdaşlığı ölkələri”nin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır.

“Bu ilki hesabatda təsdiq olunur ki, “Şərq tərəfdaşlığı ölkələri”ndə dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi onu göstərir ki, Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər. Bu Azərbaycan xarici siyasət idarəsinin və Azərbaycan prezidentinin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir. Qətnamədə yer alan digər vacib müddəa isə qaçqın və məcburi köçkünlərlə bağlıdır. Sənəddə “Şərq tərəfdaşlığı” regionundakı münaqişələr zamanı yurd yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardımların edilməsini nəzərdə tutur. Avropalı parlamentarilər yekun qətnamənin obyektiv əsaslara söykəndiyini deyir. Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi parlamentarilərin cəhdləri nəticəsiz qalıb. Belə ki, onlar qətnaməyə xalqların öz müqəddəratının təyin etməsilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, təklif böyük səs çoxluğu ilə rədd edilib”.

C.Feyziyev bildirib ki, qətnamədə xalqların öz müqəddəratını təyin etmə prinsipindən söz açılmayıb.

“Erməni lobbisinin səylərinə baxmayaraq, öz müqəddəratını təyin etmə məsələsi bu məruzəyə salınmadı. Bütün bunlar Azərbaycan rəhbərliyinin apardığı uğurlu xarici siyasət dayanır. Artıq yavaş-yavaş Azərbaycana qarşı ikili yanaşmalar aradan qalxır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi