Modern.az

Deputatdan Azərbaycanda Fransa mallarına boykot çağırışı

Deputatdan Azərbaycanda Fransa mallarına boykot çağırışı

Parlament

24 Yanvar 2012, 16:11

Vahid Əhmədov: “Biz Türkiyəyə ciddi dəstək verməklə fransız parlamentarilərinin haqsız olduğunu sübut etməliyik”

Milli Məclisin deputatı, baş nazirin keçmiş birinci müavini Vahid Əhmədov Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbuluna Azərbaycanda ciddi etiraz edilməsinin çox vacib olduğunu bəyan edib.
Deputat Modern.az saytına deyib ki, ilik növbədə Fransa istesalı olan malların boykot edilməsi ən təsirli addımlardan biri ola bilər:

“Prezident Sarkozi və onun parlamentdəki dəstəkçiləri başa düşməlidirlər ki, Türkiyəyə qarşı edilən bu haqsızlıq həm də birbaşa Azərbaycana yönəlib. Çünki Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində həm qardaş bir ölkə, həm də ATƏT-in Minsk qrupunun üzvü kimi həmişə Azərbaycanın maraqlarının müdafiəçisi kimi çıxış edib. Eyni zamanda Fransa Minsk qrupunun həmsədrlərindən biridir. Qondarma “erməni soyqırımı” ilə bağlı belə haqsız qərar qəbul edilən Fransa bundan sonra Qarabağ probleminin Azərbaycanın, ümumiyyətlə Türk dünyasının maraqlarına uyğun həllinə maraqlı ola bilərmi? Zənnimcə, biz ilk növbədə bu amili nəzərə alıb Milli Məclis səviyyəsində Fransanın həmsədrlikdən kənarlaşdırılması məsələsini gündəmə gətirməliyik”.

Vahid Əhmədovun fikrincə, Türkiyəyə qarşı bu cür haqsızlıq etməklə Sarkozi və onun hakimiyyəti həm Fransada yaşayan ermənilərin, həm də Ermənistanın maraqlarına üstünlük versə də, Cənubi Qafqazda Azərbaycanın öz iqtisadi imkanlarına görə bu ölkənin ən real tərəfdaşı olduğunu unudur:

“Təbii ki, Türkiyə ilə müqayisədə Azərbaycanla Fransanın ticarət dövriyyəsini müqayisə etmək olmaz. Amma son məlumatlara görə, Fransa ilə Azərbayca arasında ticarət dövriyyəsi 2 milyard manata yaxındır. Özünə daha yaxın hesab etdiyi Ermənistanla Fransanın ticarət dövriyyəsi bunun heç üçdə biri qədər deyil. Bundan başqa, Fransa şirkətləri Azərbaycanın neft-qaz sektorunda fəal iştirak edir”.

Millət vəkilinin fikrincə, Fransanın indiki mövqeyi Fransa ilə həm ticarət əlaqələrinin məhdudlaşdırılmasına, həm də bu ölkə şirkətlərinin yeni neft-qaz yataqlarının istismarında iştirakına problemlər yarada bilər:

“Görünür, prezident Sarkozi və onun komandası “erməni soyqırımı” ilə bağlı bu qərarı qəbul etməklə fransızlardan daha çox, 500 min erməninin mənafeyini nəzərə alıb”.

Vahid Əhmədov sonda İkinci Dünya Müharibəsinin iştirakçısı Əhmədiyyə Cəbrayılovun Fransada göstərdiyi şücaəti də xatırladıb:

“Bir türk oğlu həmin şücaətə görə Fransada ən yüksək ada layiq görülüb. Bu, heç kəsin, hətta fransızların, elə Sarkozinin özünün də dana bilməyəcəyi gerçək bir tarixdir. Amma “erməni soyqırımı” iddiası heç bir real fakta söykənməyən yalançı tarixdir. Real tarixi hadisə ermənilərin 22 il öncə Xocalıda törətdiyi soyqırımıdır. Əgər Fransa parlamentariləri ermənipərəst olmasaydı, növbəti ildönümü ərəfəsində Xocalı qətliamı ilə bağlı məsələni Senatın müzakirəsinə çıxarardılar”.

Millət vəkili bütün bunlardan sonra Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı ciddi işlərin görülməsini ən vacib addım hesab edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü