Modern.az

Nazirlik vətəndaşları «Özünədəstək»ə alışdırır

Nazirlik vətəndaşları «Özünədəstək»ə alışdırır

26 Yanvar 2012, 16:05

2011-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 120 478 ailə ünvanlı yardım alır ki, 541 989 nəfər ailə üzvünü əhatə edən həmin ailələrin hər birinə ayda orta hesabla 106,45 manat yardım ödənilir.
Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib və bildirlib ki, yardımlar 2006-cı ilin iyulundan verilir.

Nazirliyin məlumatına görə, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə və onların mövcud daxili resurslarından istifadə olunmaqla kömək göstərilməsi məqsədilə «Özünədəstək»-Birdəfəlik ünvanlı sosial yardım layihəsi hazırlanıb. Bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə istinad olunmaqla hazırlanan layihənin 2011-ci ilin martında seçilmiş pilot rayonlardan biri olan Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində icrasına başlanılıb. Həmin kənddə ünvanlı yardım alan 15 ailəyə ev təsərrüfatlarında şəxsi istehsalla məşğul olmaları və bununla özlərini təmin edə bilmələri üçün yerli ictimaiyyətin nümayəndələrindən ibarət Şuranın iştirakı ilə mal və materiallar alınıb verilib.

«Özünədəstək» proqramı digər seçilmiş pilot rayon olan Bakının Nizami rayonunda davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, adı çəkilən rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərlərinin və nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin iştirakı ilə müəyyən edilmiş seçim indikatorları əsasında müsahibələr keçirilib və müvafiq qiymətləndirmə aparılmaqla, proqrama cəlb olunacaq ailələr seçilib. Növbəti aydan etibarən seçilmiş 30 ailəyə kiçik istehsal və müxtəlif xidmət sahələri ilə məşğul olmaq üçün birdəfəlik ünvanlı yardımın verilməsi təmin ediləcək.

«Özünədəstək» layihəsinə cəlb olunan ailə ölkə üzrə ünvanlı sosial yardımın orta aylıq məbləğinin 12 misli miqdarında vəsaitlə təmin edilməsi nəzərdə tutulur.

Proqramda iştirak edəcək ailə ünvanlı sosial yardım almayacaq və sosial reabilitasiya edildikdən sonra tədricən yoxsulluq həddindən çıxarılacaq. Layihənin cari il ərzində bütün ölkə ərazisində icrası gözlənilir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü