Modern.az

Bu il istehsalatdakı 41 hadisə nəticəsində 10 nəfər ölüb

Bu il istehsalatdakı 41 hadisə nəticəsində 10 nəfər ölüb

Təhsil

27 Aprel 2012, 13:48


Bu gün 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Yaşıl» iqtisadiyyatda təhlükəsiz və sağlam əməyin təşviqi»  mövzusunda konfrans keçirilib. Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin, bir sıra dövlətlərin ölkəmizdəki səfirliklərinin, Aİ-nın Tvinninq layihəsininməsul şəxsləri, beynəlxalq ekspertlər, müəssisə, idarə və təkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri iştirak edib. Bu Barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, beynəlxalq Əmək Təşkilatının məlumatına görə, dünyada hər il istehsalatda təxminən 339 mln. bədbəxt hadisə baş verir, 160 mln. nəfər peşə xəstəliyinə tutulur, bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il təxminən 2.3 mln. nəfər həlak olur. Baş verən hadisələr nəticəsində dünya iqtisadiyyatı hər il 1.25 trilyon ABŞ dolları, başqa sözlə, ÜDM-in 4%-i həcmində itkiyə məruz qalır.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2012-ci ilin I rübündə Azərbaycandakı 1412 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 4197 qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. 156 623 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 140 322 manat gecikdirilmiş əmək haqqının işçilərə ödətdirilməsi, işdən qeyri-qanuni şəkildə azad edilmiş 7 nəfərin əvvəlki işinə bərpa olunması,  qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan  506 nəfərlə işəgötürən arasında əmək müqavilələrinin bağlanılması təmin edilib.

İşəgötürənlərə ümumilikdə 103 700 manat məbləğində cərimə tətbiq olunub. Qeyd olunan müddətdə istehsalatda 41 bədbəxt hadisə qeydə alınıb və həmin hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə tikinti sektorunda baş verən bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin  sayı azalaraq 3 nəfər təşkil edib.

Konfransda əmək hüquqlarının təminatına, o cümlədən iş yerlərində əməyin mühafizəsi normalarının tətbiqinə dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi məqsədilə mötəbər beynəlxalq təşkilatlarla birgə görülən işlər, icra olunan layihələr və onların nəticələri barədə məlumat verilib, sosial tərəfdaşlıqda yeni uğurlu addım kimi cari ilin yanvarında sosial tərəfdaşların iştirakı ilə Təhlükəsiz və Sağlam Əmək Şəraiti (TSƏŞ) üzrə Milli Üçtərəfli  (Tripartiat) Sosial Şuranın yaradıldığı vurğulanıb.

Qeyd olunub ki, Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd olunur. 2012-ci ilin Ümumdünya Əməyin Mühafizəsi günü üçün «Yaşıl» iqtisadiyyatda təhlükəsiz və sağlam əməyin təşviqi» devizi müəyyən olunub.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır