Modern.az

Bakıdakı “CİP”lərin Şuşaya yürüşü təklif edildi

Bakıdakı “CİP”lərin Şuşaya yürüşü təklif edildi

Təhsil

2 May 2012, 15:50

Azay Quliyev: “20 il əvvəl hamı düşünürdü ki, Azərbaycan Şuşasız yaşaya bilməz”

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin ofisində Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı toplantı keçirilib.

Şuranın sədri Azay Quliyev açılış nitqində Şuşanın işğaldan azad olunması üçün ümumi çıxışlardan daha çox konkret addımlara ehtiyac olduğunu bildirib: “Bu gün biz hamımız şuşalıyıq, hamımız qarabağlıyıq.  Şuşa işğal olunanda hamı düşünürdü ki, Azərbaycan Şuşasız yaşaya bilməz. Amma üstündən 20 il keçdi və biz bu zamanı yaşadıq. Artıq 10 ildir yeni nəsil Şuşasız böyüyür. Bu dövrdə beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğalına laqeyd münasibət göstəriblər. Mənim fikrimcə, Şuşa yalnız hərb yolu ilə azad olunmalıdır”.
A.Quliyev qeyd edib ki, Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar anım tədbirlərinin keçirilməsi barədə dövlət başçısının sərəncamı Şuşanın heç vaxt heç bir azərbaycanlı tərəfindən unudulmayacağını göstərir.

Şuşanın erməni vandalları tərəfindən dağıdılmasına həsr olunmuş filmin nümayişindən sonra çıxış edən deputat Bəxtiyar Əliyev “Nə qədər ki, Şuşa işğal altındadır, Azərbaycan dövlətçiliyi üçün təhlükələr də qalır” deyib. O, dəvət olunmalarına baxmayaraq diplomatik korpus təmsilçilərinin tədbirə qatılmamasından da  nəticə çıxarılmasının zəruriliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva isə beynəlxalq təşkilatlardan nələrsə gözləməyin sadəlovhlük olduğunu söyləyib. Hazırda dünyada elektron medianın təsir imkanlarının genişləndiyini bildirən millət vəkili  bu sahədə ciddi işlər görməyə çağırıb.

Milli QHT Forumunun prerzidenti Rauf Zeyni Bakıdakı “Cip”lərin Şuşaya yürüşünün təşkil olunmasını təklif edib.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında deyib ki, 20 ildir Ermənistan ordusunun işğalı altında olan Şuşa şəhəri dağıdılıb. Oradakı maddi-mədəniyyət abidələri, qəbiristanlıqlar məhv edilib. B.Səfərov həmçinin Şuşanın işğalının 20 illiyi ilə bağlı anım tədbirlərinin hazırlandığını vurğulayıb.

Sonda Azərbaycan QHT-ləri adından beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü