Modern.az

Azərbaycan jurnalistləri “Eurovision-2012”də iranlı müxbirin reportajına etiraz ediblər - BƏYANAT

Azərbaycan jurnalistləri “Eurovision-2012”də iranlı müxbirin reportajına etiraz ediblər - BƏYANAT

25 May 2012, 02:48

Özünü farsdilli “Tekon” televiziya kanalının jurnalisti Bijən Samami kimi təqdim edən iranlı müxbirin mayın 24-də internet resurslarında yayımlanan telereportajı "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsini işıqlandıran azərbaycanlı jurnalistlərin hiddətinə səbəb olub. Modern.az xəbər verir ki, Azərbaycanın aparıcı KİV-lərinin əməkdaşları buna etiraz edən bəyanat qəbul ediblər.

Bəyanatda qeyd olunub:

- Əslində ona jurnalist də demək mümkün deyil. Reportajdan da göründüyü kimi, təlxək hərəkətləri ilə diqqəti cəlb etməyə çalışsa da, heç kim onu ciddi qəbul etmir. Öz ölkəsində bütün hüquq və azadlıqları boğulan təlxəyə deyəsən, Azərbaycanda gördüyü azadlıq kifayət qədər artıqlıq edib. Bakıda şahidi olduğu inkişaf və tərəqqi, yeni tikilən binalar iranlı təlxəyin başını necə gicəlləndiribsə, bütün bunların müqabilində o, Azərbaycanda aclıq və müflisliyin hökm sürdüyünü deyir. Bu şeytansifət “insan” deyir ki, Azərbaycan məhv olmaq üzrədir. Bu, ən primitiv təxribatdan və qısqanclıqdan başqa bir şey deyil. “Eurovision” kimi möhtəşəm bir mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi fonunda isə bu qısqanclıq özünü həddən artıq büruzə verir. Təbii ki, bu baxımdan iranlı jurnalistdən də bundan artıq nə gözləmək olar ki?!
Biz bu təlxəyin internetdə Bakı ilə bağlı daha bir reportajını da izlədik. Eynilə bu reportaj da yalan və iftira üzərində qurulmuşdu. O, müsahiblərinin dediklərini təhrif edir, özünə sərf edəcək fikirlər səsləndirir. Bütün bunlar isə sadəcə özü kimi bəsit düşüncəli auditoriya üçün nəzərdə tutulub.
"Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzindəki jurnalistlər də, “Eurovision-2012”nin iştirakçıları da müsabiqənin yüksək səviyyədə keçirildiyini və Bakının necə gözəl şəhər olduğunu həm müsahibələrində, həm də şəxsi söhbətlərində dəfələrlə bildiriblər. Görünür, bundan sonra Azərbaycan belə qısqanclıqlara təbii yanaşmalıdır. Çünki Azərbaycan bir çox ölkənin bacara bilməyəcəyi bir uğurun astanasındadır. Cəmi 20 illik bir zaman kəsiyində bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, forum və konfranslar gənc olmağına baxmayaraq, ölkəmizin dünyadakı nüfuzunun sübutudur. Azərbaycan bir çox beynəlxalq layihələrə imza atmaqla regionda lider, dünyada söz, nüfuz sahibi olmuşdur. Təfəkkürü mağara adamının səviyyəsində olan iranlı jurnalist bunları yaxşı bilsə də, vicdanının səsinə xilaf çıxır.
Biz - AzərTAc, Trend, APA, ATV, AzTV, Space, Muz TV, Yurd TV, Vesti.az, Lent.az, 1News və digər KİV-lərin əməkdaşları əminik ki, bu cür hərəkətlərlə nə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi prosesinə, nə də Azərbaycanın artan beynəlxalq imicinə zərər gətirmək mümkünsüzdür. Hər şey göz qabağındadır.

***

Qeyd edək ki, Azərbaycan barədə videomaterialında iranlı jurnalist ölkəmizin şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir.

Materialın müəllifi “Eurovision” yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist sanki təsadüfən “Eurovision” yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atır.

Həmin vidematerial əvvəlcə Youtube sosial şəbəkəsində yerləşdirilsə də, sonradan onun yayımı dayandırılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü