Modern.az

Qarabağda döyüşmüş əfqan mücahidi: "Heydər Əliyev mənə polkovnik rütbəsi verdi"

Qarabağda döyüşmüş əfqan mücahidi: "Heydər Əliyev mənə polkovnik rütbəsi verdi"

18 İyun 2012, 16:51

"Döyüşə atılanda 13 yaşım vardı" 

Muhammed Popal hazırda Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, həmçinin Əfqanıstanın Azərbaycanda fəxri nümayəndəsidir. Ancaq bütün bunlara qədər Muhammed bəy böyük bir mücahid yolu keçib. Əfqanıstanda, Qarabağda ruslara qarşı...

Modern.az-a müsahibəsində Muhammed bəy həyat yolunun maraqlı məqamlarını açıqlayıb.

- Muhammed bəy, söhbətimizə özünüz haqda bilgi verməklə başlasaq, yaxşı olar.

- Mən Muhammed Popal Muqim oğlu 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulmuşam. Orta təhsilimi və Kimya Biologiya İnstitutunu da Kabulda bitirmişəm. Həmçinin, Politologiya İnstitutunu Pakistanda bitirmişəm. 1993-cü ildə Azərbaycana gəlmişəm, burada azərbaycanlı qadınla ailə qurmuşam. İki oğlum var. Bakıda yaşayırıq. Uşaqlar da burda Azərbaycan məktəbində oxuyurlar, əlaçıdırlar. Böyüyünün adı Xalid - 9-cu sinifə keçdi, kiçiyinin də adı Hamid - 7-ci sinifə keçdi.

- Necə oldu ki, Azərbaycana gəldiniz?

- Azərbaycanın torpaq bütövlüyü uğrunda mübarizə və müharibə gedirdi. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gələnlərdənəm. 

- Yəqin ki, Qarabağ savaşına gəlməmişdən öncə də döyüş təcrübəniz vardı.

- Əfqanıstan elə bir ölkədir ki, orada 40 ilə yaxındır müharibə gedir. Ölkəmiz davamlı işğala məruz qalır. Bir tərəfdən ruslar, bir tərəfdən başqa əcnəbi ordular... Və o vaxt hər bir əfqanın borcu idi ki, rusların ordusuna qarşı mübarizə aparsın. Mən də bu savaşa atılmışdım. Hətta o vaxt 13 yaşım vardı. Biz 5 qardaş idik. 4-ü müharibədə idi. Məni vadar etdilər ki, 13 yaşımdan mən də gecələr hərbi əməliyyatlarda iştirak edim. Ruslar Kabulun təxminən 20-30 kilometrliyinə qədər gəlmişdilər. Lakin, onlar bacarmadılar ki, Əfqanıstanı bütövlükdə işğal etsinlər. Xalq öz ölkəsinin müdafiəsinə qalxdı. Döyüşənlərə də mücahidlər deyirdilər. Biz Vətən yolunda mücahidlərdən biri olmuşuq. Ruslara qarşı nə qədər bacarmışıq, döyüşmüşük. 

- Hərbi rütbəniz nədir?

 - Ruslar Əfqanıstandan qaçdılar. Məğlub olub çıxdılar. Ondan sonra kim ki, Vətən yolunda müharibədə fəal iştirak etmişdi. onlara fəxri olaraq hərbi rütbələr verildi. Mən də onlardan biriyəm ki, mənə sizin təbirinizcə podpolkovnik rütbəsi verdilər. Sonra 1994-cü ildə isə Azərbaycanda o vaxtkı prezident Heydər Əliyev tərəfindən fəxri polkovnik rütbəsi verildi.

- Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədrisiniz. Bu cəmiyyəti də Siz qurmusunuz?

- Azərbaycanda əfqanların heç bir dövlət, siyasi, qeyri-siyasi nümayəndəliyi olmadığına görə, biz bu fikrə gəldik ki, icma olaraq bir qurum yaradaq. 2007-ci ildə cəmiyyəti təsis etdik. Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçdi. 

- Azərbaycanda nə qədər əfqanın yaşaması haqda sizdə bilgi varmı?

- Burada təqribən 2000-ə yaxın əfqan yaşayır. Onların da əksəriyyəti ailəlidirlər. Kimsə bir vaxt buraya təhsil almağa gəlib, kimisi iş dalınca, kimisi də mənim kimi müharibə zamanı gəlib burada qalıb. Bəzi əfqanlar da üçüncü ölkəyə getmək üçün Azərbaycandan istifadə edirlər. Burada BMT nümayəndəliyində qeydiyyata düşürlər və onların da köməkliyi ilə üçüncü ölkəyə keçirlər. 

- Dediniz ki, Əfqanıstanın Azərbaycanda heç bir rəsmi təmsilçiliyi yoxdur. Bəs, burada vətəndaşların problemləri necə yoluna qoyulur?

- Burada rəsmi nümayəndəlik, konsulluq olmadığına görə, hətta Əfqanıstandan da rəsmilər gələndə biz qarşılayırıq, bizimlə görüşürlər. Həmçinin, əvvəllər Əfqanıstanın Rusiyadakı Səfirliyi Azərbaycandakı əfqanların da işinə baxırdı. Onlariın pasportlarının vaxtının uzadılması, subaylıq kağızı və s. Bir dəfə Əfqanıstanın dövlət nümayəndələri buraya gələndə biz onlardan xahiş etdik ki, Moskva bizim üçün uzaqdır. Ya Azərbaycanda bir nümayəndəlik açılsın, ya da Azərbaycana yaxın dövlətlərdən birindən verilsin bu sənədlər. Bu təşəbbüsdən sonra Azərbaycandakı əfqanların məsələsi Moskvadan alındı, Əfqanıstanın Tehrandakı Səfirliyinə verildi. Oradakı səfirimiz gəldi burada Azərbaycan prezidenti ilə görüşdü, etimadnaməsini təqdim etdi. Və belə qərara alındı ki, 2-3 aydan bir Tehrandan bura səfirliyin bir nümayəndəsi gəlsin, vətəndaşlarımızın işlərinə baxsın. Bizə də səlahiyyət verildi ki, həmin müddətdə vətəndaşların müraciətlərinə baxaq, toplayaq və gələn nümayəndəyə təqdim edək. Demək olar ki, fəxri konsulluq kimi fəaliyyət göstəririk. Amma yəqin ki, yaxın vaxtlarda burada konsuluq da açılacaq. Mən bu yaxınlarda Əfqanıstana gedəndə bu haqda söhbət oldu. Azərbaycandan da bir heyət getmişdi, bu haqda razılıq əldə olunub. Çünki, Azərbaycanın da Əfqanıstanda səfirliyi yoxdur, Pakistandakı səfirlik oraya baxır. 

- Əfqanıstana tez-tez gedirsiz?

- Uşaqlar tətildə olanda, yayda istirahətə gedirik.

- Uşaqları Əfqanıstana aparmağa ehttiyat etmirsinizmi? Axı orada hər gün atəş səsləri eşidilir, qan tökülür... Və ya xanımınız mane olmur ki, uşaqları aparmağa?

- Vallah, biz evlənəndə də demişik ki, ikinci vətənimiz Əfqanıstandır. Əfqanıstan kənardan baxanda təhlükəli yer kimi görsənir. Amma oraya gedəndə sərbəstlikdir, heç bir şey hiss etmirsən. Müharibə var, amma mərkəzdən kənarlarda. Amma Kabulda sakitçilikdir. Kabulda 7 milyona yaxın əhali yaşayır.

- Ümumiyyətlə, hazırda Əfqanıstanda vəziyyət necədir?

- Əfqanıstanda illərdir ki, müharibə gedir. İndi də yardım adı ilə gəliblər və bir çox şəhərlərin əmniyyətini ələ alıblar. Bir çox qəsəbə və kəndlər, ucqar ərazilər də talibanların nəzarəti altındadır. Hər halda, başqa ölkələrin də dəstəyi var, talibanların arxasında. Məsələn, Pakistanı, İranı deyə bilərəm. Hərəsinin öz siyasi maraqları var. Əfqanıstan inkişafa doğru gedir. Elə bir ölkə yoxdur ki, oraya sərmayə qoymasın, məktəblər, xəstəxanalar, yollar, evlər tikilir. Amma bizim müharibə elə idi ki, ölkə təmiz dağılmışdı. Mən bir hərbçi kimi hər zaman demişəm, Əfqanıstana hər şeydən əvvəl güclü ordu lazımdır. Heç kimə arxalanmadan. Çünki, digərləri yalnız öz maraqlarını güdür. Bizdə bir problem də var ki, Amerika sistemi kimi orduya çağırış yoxdur. Pullu ordudur. Bu da gələcəkdə, Əfqanıstan üçün yardımlar kəsilsə, çətin olacaq.
   

- Əfqanıstanda insanların yaşamının narkotik alverindən çıxdığı təəssüratı var dünyada. Ümumiyyətlə, Əfqanıstanın hansı təbii zənginlikləri var?

- Düz buyurursunuz, bu gün əfqan deyəndə, iki şey fikirləşirlər - ya deyirlər ki, yaxşı döyüşkən millətdir, ya da deyirlər ki, orda narkotik var. Amma baxmayaraq ki, Əfqanıstanın siyasətçiləri də var, şairləri də, başqa dəyərləri də... Əfqanıstan 80 faiz dağlıq zonadır. Ona görə də təbii resurslar işlənməmiş qalıb. Müharibə imkan verməyib. Dünyanın gözü bəs niyə Əfqanıstandadır? Çünki, uran mərkəzidir, mis mədənləri var, onu Çin neçə milyarda icarəyə götürüb. Məsələn, dünyada zümrüdün əsası mənbəyi Əfqanıstandır. Almaz da var və s. İndi Qərb dövlətlərinin maraqları var bu mənbələrdə. Əvvəllər Əfqanıstanın öz məhsulları özünə bəs edirdi. Buğdası, maldarçılıq, bağçılıq... Əgər imkan versələr, Əfqanıstan özü-özünü saxlaya bilər. Müharibələr imkan vermir. 

- Həqiqətənmi orada narkotik biznesində açıq bazardı?

- Oranın ərazisi böyük olduğuna görə dövlət nəzarətindən çıxıb. Oralarda narkotika əkirlər. Əsl bazarı Pakistandır. Pakistanın Vəziristan vilayətində "Dərə" deyilən bir yerdə həm silahlılar, həm narkotik becərilməsi və biznesi var. İslam bunu rədd edir. Əfqanlar da bunu haram sayırlar.

İndi Əfqanıstanda ayrıca Narkotiklərə qarşı mübarizə Nazirliyi fəaliyyət göstərir. Özünün silahlı qüvvələri var.  Narkotik plantasiyaları məhv edilir, ciddi mübarizə aparılır. Ancaq hələ ki, mafiya bu sahədə işləyir. Biz istəyirik ki, bunun kökü kəsilsin və bizi narkotika adı ilə tanımasınlar. 

- Azərbaycan insanının o zamankı döyüş ruhu ilə indiki vəziyyəti bir keçmiş əfqan mücahidi kimi necə müqayisə edərdiniz?

- Əlbəttə ki, indi Azərbaycan ordusu daha güclüdür, daha sistemlidir. O vaxt ermənilər özləri bacarmırdılar, onların arxasında rusla dayanırdı. Qarabağ müharibəsində də buraya gələn əfqanların bir məqsədi də o idi ki, gəlib öz düşmənlərindən - rus hərbçilərindən qisas alsınlar. Düşmən də, Əfqanıstandan çıxıb gəlmişdi Qarabağa. O zaman Azərbaycan ordusu zəif idi. Amma o zaman insanların döyüş ruhu, vətənpərvərlik çox yüksək idi. Lakin, indi televiziyalar vətənpərvərlik əvəzinə başqa istiqamətdə təbliğat aparır. Sülh prosesi nəticə verməsə, savaşa gedilməlidir. 

- İndiki gənclikdə mücahid ruhu görürsünüz?

- Azərbaycan xalqı bütövlükdə öz torpağını istəyir. Ancaq dediyim kimi o dövrdə döyüş ruhu daha böyük idi. Bilirsiz, müharibə aparmaq üçün gərək təcrübə olsun. Oxumaqla deyil ki. Hər şey döyüş meydanında bilinir.

- Bir vaxtlar Azərbaycana gəlməyinizə səbəb olmuş Qarabağ savaşı təkrar başlasa, bir mücahid kimi yenə gedərsiniz döyüşə?

- Həm mən, həm də burada olan digər əfqanlar hazırıq Qarabağ uğrunda döyüşə. Çünki, biz bu torpağın üstündə gəzirik, buranın havasını uduruq, çörəyini yeyirik. Ona görə borcumuzdur. Düzdür, o vaxta baxanda qocalmışıq, amma yenə də öz təcrübəmizi bölüşə bilərik. Deyirəm ki, Allah-təala türk və əfqan millətinə bir sevgi, istək verib. Mən çoxlu ölkələrdə olmuşam, amma mənə Azərbaycan hər yerdən doğma gəlir.

 



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü