Modern.az

Gürcü gənclər xarici universitetlərə, azərbaycanlılar isə Gürcüstan universitetlərinə üz tuturlar - PARADOKS

Gürcü gənclər xarici universitetlərə, azərbaycanlılar isə Gürcüstan universitetlərinə üz tuturlar - PARADOKS

Təhsil

10 Oktyabr 2012, 12:23

Builki tədris ilində Azərbaycandan 660-dən çox  gənc Gürcüstanın ali təhsil müəssisələrində təhsil alacaq. Gedənlərin əksəriyyəti Gürcüstanın özəl təhsil müəssisələrinə üz tutub ki, həmin ali məktəblərdə də təhsilhaqqı heç də az deyil.
Bunun müqabilində təhsilin səviyyəsi də çox aşağıdır.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı saytımıza bildirib ki, dövlətin yaratdığı imkanlar hesabına Azərbaycanın istedadlı gəncləri inkişaf etmiş ölkələrin ən nüfuzlu universitetlərində ali təhsil alırlar ki, bu da təqdirəlayiq haldır:

“Bu baxımdan prezident İlham Əliyevə təşəkkür etməliyik ki, istedadlı gənclərə qayğı ilə yanaşılır. Azərbaycanın istedadlı gəncləri dövlətimizin inkişafından, gücündən və qüdrətindən yararlanaraq dünyanın inkişaf etmiş ölkələrinin ən tanınmış universitetlərində təhsil alırlar.
Onlar ən yüksək səviyyədə bilik alaraq ölkəmizə dönəcəklər və dövlətimizin inkişafı, gələcəyi üçün əllərindən gələni edəcəklər. Xüsusi dövlət proqramı belə istedadlı gənclərə şərait yaradır və onlar xarici universitetlərdə təhsil alırlar.
Azərbaycandan 600-ə yaxın tələbə gənc qonşu, dost Gürcüstanın ali məktəblərində oxuyur. Əlbəttə, Gürcüstan bizə yaxın dostdur, çox önəmli qonşudur və biz Gürcüstanın nailiyyətlərinə, əldə etdiyi hər bir irəliləyişə sevinirik.
Amma bu gün hər kəsə aydındır ki, Gürcüstanın ali məktəbləri, təhsil sistemi Azərbaycandan irəli deyil. Bu gün hətta Azərbaycanın ucqar bölgələrində olan modern səviyyədə tikilmiş bir orta məktəbin, Azərbaycandakı hansısa universitetin bölgədə olan bir filialının maddi-texniki bazası Gürcüstanın ən aparıcı universitetlərindən də yüksək səviyyədədir. Bu mənada Azərbaycan gənclərinin ali təhsil almaq üçün Gürcüstana getməsi ən azı bizim cəmiyyətin çatışmayan cəhətidir. Hesab edirəm ki, bu, bir boşluqdur və qüsur kimi qiymətləndirmək olar”.

Deputat hesab edir ki, bunun qarşısı alınmalıdır.

“Səbəblər araşdırılmalıdır. Nəzərə alaq ki, Gürcüstanda da sonradan yaradılmış “San Marino” kimi nüfuzu olmayan universitetlər var. Həmin universitetlərin normal təhsil verə bilmir və diplomu da hətta Gürcüstanın özündə belə, tanınmır. Gürcüstanın gəncləri xaricdə oxumağa üstünlük verirsə, biz niyə gənclərimizi bu ölkədə oxutmalıyıq? Hesab edirəm ki, ictimaiyyət bu məsələ ilə bağlı öz sözünü deməlidir, aidiyyatı qurumlar məsələni araşdırmalıdır, gələcəkdə biz bunun qarşısını almağa çalışmalıyıq”.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı