Modern.az

Ovçu Ramizin nağılı

 Ovçu Ramizin nağılı

Ölkə

17 Fevral 2010, 14:21

st1:*{behavior:url(#ieooui) } st1:*{behavior:url(#ieooui) }

O, gözünü açandan atasını çiynində qoşalülə görüb. Uzun qış gecələrini dəmir sobanın istisində mürgüləyə-mürgüləyə atasının ov xatirələrinə qulaq asmaqla keçirib. Biri vardı, biri yoxdu ilə başlayıb, sonunda göydən üç alma düşməsə də, Babacan kişinin gerçəklikdən yoğrulmuş bu nağılları ona ovçu Pirimin nağılından da şirin gəlib. Atasının ayı ovunu dovşan ovuna, dovşan ovunu ördək, qaz ovuna calaya-calaya günləri yola salıb. Hərdən atasıyla ova gedib, «ovçu Babacan»ın nağıllarının yaranma tarixçəsinin canlı şahidinə çevrilib. Bir qış günü də dərsə getməmişdən öncə anasından patron alıb, ördək ovuna çıxıb. İlk güllədəncə havadan endirdiyi ördək Azərbaycanın ilk fəxri ovçusu Ramiz Novruzovun ovçuluğa vizit kartı olub.

 

1951-ci ildə Şamaxıda anadan olub. 32 illik pedoqoji, 29 illik ovçuluq stajı var. Ovçuluq biletinin olmadığı 1976-cı ilə qədərki ovçuluq təcrübəsi də nəzərə alınsa, ovçuluq stajı 40 ilə çatır. 7-ci sinifdəki müstəqil ördək ovundan təxminən 2 il sonra canavar ovlayıb. Mal-qaranı otarmağa aparıbmış. Gözlənilmədən iki canavar sürüyə hücum edir. Əlini çiynindəki tüfəngə aparanda onu qarşılaşdığı mənzərədən daha çox «canavarlar sürüdəki qoyunları parçalasa, evdə nə cavab verəcəyəm» sualı qorxudurdu. İlk gülləsi sərrast alınır. İkinci gülləsi də boşa çıxmır. Beləcə, 15-16 yaşlarında iki gülləyə iki canavar öldürərək, yaşıdları arasında sərrast atıcı kimi ad çıxarır: «Ov mənim xobbimdir. Ova yalnız heyvan ovlamaq üçün deyil, həm də istirahət etmək üçün gedirik. Mövsüm başlayandan Azərbaycandakı ov təsərrüfatlarını qarşı-qarış gəzirik. Aralarında xanəndə Teymur Mustafayevin də olduğu yaxşı ovçu dostlarım var».

Su quşlarının ovuna daha çox getsə də, ördək və qaban ovunun ürəyinə daha çox yatır. Qaban ovunun çətinliyindən çöz açır. Deyir, qaban ovu ən təhlükəli ovlardan sayıldığından hər ovçuyla bu ova getmək düzgün deyil: «Qaban ovuna adətən 6-7 nəfər və 2-3 itlə getmək lazımdır. İt qaban ovunda ovçunun birinci köməkçisidir. Qalın kolların arasında ovçular bir-birlərini görmədiyindən əvvəlcədən elə istiqamət seçməlidirlər ki, bədbəxt hadisə baş verməsin. Qaban ovunda ovçunun sərrastlığı, hissiyyatı həlledici amillərdəndir. Yaralanmış qabanda qisasçılıq hissi güclü olduğundan hər dəqiqənin öz hökmü var. Son dəfə 3 il əvvəl qaban ovlamışım. Meşəyə qaban ovunla getsək də, tapmamışdıq geri dönərkən təsadüfən rastımıza çıxdı».

Ovçu olasan, ov itin olmaya. Ovçu Ramizin da ağ-qara xallı ov iti var. «Mosik» adlı bu it yaman ərköyündür. Sahibinin gülləsi boşa çıxanda əsəbiləşir və əmrə tabe olmaqdan imtina edir.

 

Aman ovçu, vurma məni…

 

Ovçuluq etmək, güllə atmaq asan olsa da, ovçuluğun da öz qayda-qanunları var: «Ovçuluq mənim şakərim olsa da, heyvan vurmaqdan zövq almıram. Əslinə qalsa, ovçular kövrək, həssas və ürəyiyumşaq olurlar. Cavan vaxtlarımda yaralanmış ovun başını kəsəndə ətim ürpəşirdi. Quşların civiltisinə dözə bilmirdim. Elə indi də bu hissdən tam azad olmamışam. Ömrümdə ceyrana güllə atmamışam və atmaram da. Ceyran təbiət gözəlidir, mən görməmişəm, ancaq ovçu yoldaşlarımdan yaralı ceyranının ağlamağının şahidi olanlar var. Azərbaycanda ağ, qara qu quşları, turacın, mərmərcürə ördəyin ovlanması qadağan edilib. Cavanlara nisbətən yaşlı ovçular bu qadağalara daha çox əməl edirlər. Ovçu qanunlarına görə, əsil ovçu ovu qadağan edilən heyvanlara güllə atmamalıdır. Ancaq indi hər yerindən duran ovçuluqla məşğul olduğundan qaydalar da bir qədər arxa plana keçib. Ovçunun ovöncəsi spirtli içki qəbul etməsi, ov yerinə çatmamış silahı açması, doldurması qəti qadağandır. Təbiətin, ətraf mühitin mühafiəzəçisi olan ovçuların yazılı qanunlarından biri də ov normasına əməl olunmasıdır».

Bütün peşələr kimi, ovçuluğun da daşdan keçərli olan yazılmamış qaydaları var. Bəzən ov zamanı ovçulardan birinin bəxti gətirmir. Həmin ovçu evə əliboş dönməsin deyə, onun xurcununa mütləq ovlanmış ördəkdən, dovşandan qoyulur. «Bəxtsiz» ovçu evdəkilərin yanında xəcalətli qalmaq hissindən qurtulsa da, yol boyu ovçu yoldaşlarının təriflərinə qulaq asmaq məcburiyyətində qalır. Ovçuları da bilirsiniz, gop etməsələr olmur. Bizim ovçumuzun da özünün etirafına görə, ovla bağlı məsələlərdə azdan-çoxdan gop etməyi var. Bir də, ovçu özü gop etməsə də, camaat «ovçu-gopçu» məsəliylə onun bir sözünün üstünə beşini qoyub danşır: «Bir dəfə Nabrandan bir balıq tutmuşdum. Üzərində ərəb və latın qrafikasıyla Allah kəlməsi yazılmışdı. Həmin vaxtdan iki il keçib. Mən böyütməsəm də, bu iki ildə camaat balığın ölçüsünü bir neçə dəfə böyüdüb».

Ovçuluğun yazılmamış digər qanunu da ov bölgüsüdür: «Ovçuların bir-birini tanıyıb-tanımamısından asılı olmayaraq, birinin vurub yaraladığı heyvanı digər ovçu mütləq öldürməlidir. Suya düşən yaralı ördək qamışlıqların arasında gizlənməyə can atır. Ova daha yaxın məsafədə olan ovçu mütləq onu vurmalıdır. Bu halda birinci ovçu «onu mən vurmuşam» deyə haqqını tələb etsə də, ikincisi də «mən vurmasaydım, qaçıb aradan çıxacaqdı» iddiasında bulunur. Burada dava-dalaşın, çığır-bağırın heç bir faydası yoxdur. Məsələni yoluna qyomağın yalnız bir yolu var. Birinci ovçu ikinciyə bir patron, yəni, atdığı güllənin əvəzini qaytarmaqla quşu ondan alır».

Ovçuların öz qayda-qanunları kimi, alqış və qarğışları da var. «Ovun uğurlu olsun» sözləri ov üstündə olan adam üçün ən böyük alqış, eyni zamanda ovçu salamlaşmasıdır. «Güllən boşa çıxsın», «Ovun yaralı getsin», «Səni görüm güllən açılmasın» sözləri isə sınaqdan keçirilmiş ən təsirli qarğışlardandır. Bu qarğış «qonaq»lığından sonra ovçunun    əlinin gətirməsi qaranlıqda çıraqla iynə axtarmaq ikmi bir şeydir: «Ova çıxanda kiminlə rastlaşacağın da önəmlidir. Anamın ayağı mənimçün düşərlidir. Qonşuluqda bir nəfər var, iki dəfə ova gedəndə qarşılaşmiışıq, hər ikisində ovum gətirməyib».

 

Ovunu yuxuda görən ovçu

 

Deyirllər, bir gün Hüseyn Arif, Vaqif Səmədoğlu və daha bir neçə nəfər ova gedirlər. Gecəni qohumlardan birinin evində keçirib, sübh tezdən yola çıxmağı qərarlaşdırırlar. Səmədoğlu içəridən bir neçə taxtayla çalın-çarpaz mismarlanmış pəncərənin önündə yatmalı olur. Arabir «ay Vaqif, gör səhər açıldımı» deyə soruşan Hüseyn qağasının səsinə ayılaraq, qaranlıqda pəncərəni açıb, başını bayıra çıxararaq, «hələ açılmayıb, yatın» deyirdi. Səhərəcən bu vəziyyət bir neçə dəfə təkrarlanır. Vaqif Səmədoğlu bir də onda xəbər tutur ki, otaqda hay-küydür. Hüseyn qağası da  «yatıb qalmışıq» deyə onun qarasınca deyinir. Yuxulu-yuxulu qapısını açdığı şkafın içinə boylanarq, «dedim axı,  yatın, özüm sizi oyadacağam, hələ səhər açılmayıb» deyir. Otağı gülüş səsləri bürüyür. Məlum olur ki, şair pəncərə taxtasıyla dolabın qapısını səhv salıb. Və bütün gecəni pəncərə əvəzinə dolabı açaraq içinə baxıb».

Lətifəsi bizim ovçudan uzaq, ovçu Ramiz elə də yatağan deyil. Ovu çıxdığı gecəni sübhəcən yata bilmir, yatanda da ovda başına gələcək hadisələri röyasında görür: «Yuxuda gördüklərim daim gerçəkləşir. Kəklik ovuna getməliydik. Yuxuda vurduğum kəkliklərin arasında canavar gördüm. Ov zamanı da rastımıza çıxan canavarı vurdum».

Onilliklərin təcrübəsi Ramiz Novruzova özünəməxsus ov sirrləri aşılayb. Ov heyvanlarının uçuş sürətinin təxmin edilməsi və ovun tapılması üzrə mütəxəssisdir: «Hər ovun öz atma xüsusiyyəti var. Yaşılbaş ördək saatda 80-90 km, qaşqaldaqsa 50-60 km sürətlə uçur. Hər quş öz uçuş sürətinə görə vurulmalıdır. Güllə düz hədəfə yox, quşun uçuş sürəti nəzərə alınmaqla yarım metr qabağa atılır. Yaralı heyvanları tapmaq hər ovçuya nəsib olmur. Yaralanmış kəkliyi tapmaqsa digərlərindən daha çətindir. Ancaq mənimçün bir müşkülü yoxdur. Hətta başqa ovçular belə kəkliyi vurduqları yeri göstərsələr, onu asanlıqla tapıram».

40 ilə yaxın ovçuluq təcrübəsi olan Ramiz Novruzov hələ ki, ov tüfəngiylə vidalaşmaq fikrində deyil. 90 yaşlı qohumlarından birinin ömrünün 80 ilini ovda keçirdiyini deyən müsahibimiz çiynində tüfəng, «Mosik» də yanında onillikləri yola salmaq fikrindədir: «Bu illər ərzində əlimdən bir dəfə də olsun xəta çıxmayıb. Nə qədər gözüm görür, tətiyi çəkəndə əlim titrəmir təbiətin qoynundan ayrılmaq fikrində deyiləm. Mənimçün ovçuluğun dadı-duzu heyvan ovlamaqda yox, ovun əzab-əziyyət dolu gözəlliyini duymaqdır».

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır