Modern.az

Azərbaycana qarşı soyuq müharibə aparan ÖLKƏLƏR

Azərbaycana qarşı soyuq müharibə aparan ÖLKƏLƏR

Ölkə

25 Aprel 2024, 13:38

Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar.

 

"İndi bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumlarla üzləşirik. Biz cavab veririk. Bu ölkələr, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Dedik ki, yaxşı, biz bunu qəbul edirik və eyni şeyi təkrarlayırıq. Biz də eyni şeyi edirik və qırmızı xətləri keçmirik, sonuncu körpünü yandırmırıq. Amma biz cavab verəcəyik. Amma biz heç vaxt birinci başlamayacağıq, Ermənistanla da münasibətlərdə eyni idi", - dövlət başçısı qeyd edib.

 

Prezident hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb. Dövlət başçısı başqa bir suala cavabında isə Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı silahlandırmasından danışıb: "Onların bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik".

 

 

Dövlət başçısının çıxışı ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin çıxşı proqram xarakterli olub:

 

"Prezident İlham Əliyev çıxışında iqlim dəyişikliyi, regionda baş verənlər, Ermənistan-Azərbaycan arasında olan münasibətlə bağlı məsələlərə aydınlıq gətirdi. Hörmətli Prezident xüsusilə qeyd etdi ki, Ermənistanla sülhə indiki kimi heç vaxt yaxın olmamışıq. Ermənistan da başa düşür ki, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Delimitasiya işləri də artıq başlanılıb. Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı məlumatı Ermənistan hökuməti elan etdi".

 

Komitə sədrinin  fikrincə, Prezident İlham Əliyev "bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibə aparırlar" deyəndə ilk növbədə Fransanı nəzərdə tutub:

 

"Cənab Prezidentin Azərbaycana qarşı bəzi ölkələrin soyuq müharibə apardığı ilə bağlı fikri tamamilə həqiqəti əks etdirir. 44 günlük Vətən müharibəsində, hətta mən deyərdim, müharibədən öncəki dövrdə bəzi ölkələr, Minsk qrupuna daxil olan ölkələr ikili standart siyasəti yeridirlər. Müharibədən sonra başda Fransa olmaqla, onu dəstəkləyən bəzi Avropa ölkələri Azərbaycana qarşı soyuq müharibə aparır. Mən düşünürəm ki, cənab Prezident çıxışında ilk növbədə Fransanı nəzərdə tutub. Azərbaycan müstəqil siyasət yürüdür, dövlətimiz özümüzə məxsus olan torpaqları işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi. Bu da bəzi ölkələri  narahat edir. Yeri gəlmişkən konfransın dünən keçirilməsi təsadüfi deyildi. Biz Laçında sərhəd-keçid məntəqəsini məhz bu tarixdə qurmuşduq. Birgünlük antiterror tədbirləri nəticəsində bütün terrorçuları, qanunsuz erməni silahlı birləşmələrini ərazimizdən silib süpürdük. Bütün bunlar bəzi dövlətlərin, başda Fransa olmaqla xoşuna gəlmir. Niyə? Fransa Cənubi Qafqazda sülhün bərpa olunmasını istəmir. Çünki imperial dövlətdir.  Bu yaxınlarda Fransa müstəmləkəçiliyinə məruz qalan Yeni Kolodoniyadan nümayəndələr gəlib, Azərbaycanda görüşlər keçirdilər. Onları hörmətli sədrimiz Sahibə Qafarova qəbul etdi. Fransa imperial siyasəti Qafqaz üzərində keçirmək istəyir. Biz də buna imkan verə bilmərik. Biz Cənubi Qafqazda sülhün,əmin-amanlığın bərpa olunmasını istəyirik. Amma Fransanın xoşuna gəlmir. Özgə vaxtı demokratiyadan, ədalətdən danışırlar. Belədirsə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi sizi niyə narahat edir? Harda qaldı sizin ədalətiniz, harda qaldı Qərbin demokratiyası? Bütün bunlara baxmayaraq, bizi haqq yolundan heç kəs döndərə bilməzlər. Öz haqq işimizi davam etdirəcəyik.  Beynəlxalq hüququn bərqərar olmasında rol oynayan ölkələr özləri beynəlxalq hüququ pozsalarda, biz beynəlxalq hüquqa həmişə hörmət etmişik. Təzyiqlərin bundan sonra da olması bir effekt verməyəcək". 

Z.Əsgərov qeyd edib ki, Azərbaycan Ermənistanla məsələləri vasitəçisiz həll edə bilər:

 

"Onsuz da bizim Ermənistan istisna olmaqla bütün qonşularımızla normal əlaqələrimiz var. Ermənistan da sülh müqaviləsini imzalasa, onunla da normal əlaqələr qurmağa hazırıq. Digər yandan cənab İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı çıxış etdi. Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci il tarixində izmalanmış üçtərəflli bəyanatın xüsusi maddəsidir və Ermənistanın öhdəliyidir. Lakin Ermənistan bu öhdəliyini yerinə yetirmir. Ermənistan, doğrudan da, sülh istəyirsə, Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? Ancaq mən düşünürəm ki, Zəngəzur dəhlizi də açılacaq. Lakin görünür, bu məsələdə zamana ehtiyac var. Yetər ki, Fransa kimi ölkələr məsələyə qarışmasın. Qısa müddət ərzində Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində görüşlərdə delimitasiya məsələləri üzrə uzun yol qət edildi. Hətta sərhəddə delimitasiya stolbaları qoyulub.  Demək ki, biz vasitəçisiz Ermənistanla məsələləri müzakirə edib, anlaşa bilirik. Ona görə bizə heç bir vasitəçi lazım deyil.  Biz birbaşa görüşlərlə nəticə əldə edə bilirik. Yetər ki,Ermənistan oturub fikirləşsin və Fransa kimi ölkələrin quyruğu ilə getməsin. Danışıqların aparılmasına hazır olmuşuq və hazırıq. Məsələlərin iki ölkənin birbaşa görüşü ilə həll etmək mümkündür".

 

Milli Məclisin deputatı Fazil Mustafa isə deyir ki, 44 günlük Vətən müharibəsinin nəticələrindən sonra Azərbaycana qarşı soyuq müharibə aparılır.

 

"Ölkə başçısı dəfələrlə konkret ölkə adları çəkir. İlk növbədə Fransa Azərbaycana qarşı düşmən mövqe sərgiləyir. Azərbaycan da Fransanın  bir-bir hücumlarının qarşısını almaq üçün addımlar atır. Çünki biz müstəqil və şəxsiyyətli dövlətik. Hər hansı ölkənin bizim daxili işlərimizə qarışmasına yol verəcək qədər aciz deyilik. Eyni zamanda ABŞ-nin son vaxtlar erməni lobbisinin təsiri altında insan haqları mövzusunda departementin açıqlamaları göstərir ki, soyuq müharibə bütün formalarda gedir. Buna baxmayaraq, Azərbaycan öz mövqelərində qətiyyətlidir. Hər hansı bir ölkənin Azərbaycanla bağlı hansısa layihəsinin həyata keçməsinə yol vermə niyyətində deyil".

F.Mustafa söyləyib ki, Azərbaycana qarşı soyuq müharibə aparan dövlətlərin özü narahat olmalıdır:

 

"Həmin dövlətlər narahat olmalıdır ki, hazırkı vəziyyət onların özləri üçün mənfi nəticələr doğura bilər. Çünki  biz özümüzə aid məsələlərin həll  yollarını bilirik. Başqalarının bizə yol göstərmək, erməni kartı üzərindən təsir göstərməyin effekti yoxdur. Ermənilər də bunu başa düşüb. Qazaxın 4 kəndinin qaytarılması onu göstərdi ki, onlar da soyuq müharibənin iştirakçısına çevrilmək istəmirlər. Onlar da problemin həlli istiqamətində  xoşməramlı addımlar atmağa çalışırlar. O baxımdan biz ikilikdə bu məsələni həll edib regionu barış bölgəsinə çevirməyə nail olacağıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok