Modern.az

Quru sərhədlərimiz hələ bir müddət bağlı QALACAQ

Quru sərhədlərimiz hələ bir müddət bağlı QALACAQ

Ölkə

25 Aprel 2024, 16:24

Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forum zamanı Prezident İlham Əliyev quru sərhədləri barədə də danışıb. O, quru sərhədlərinin bağlı qalmasının səbəbindən bəhs edib. Dövlət başçısı bildirib ki, quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib.

 

"Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür", - dövlət başçısı qeyd edib.

 

Dövlət başçısı bildirib ki, məsuliyyətli olmaq lazımdır: "Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki, yetişməyib".

 

Prezidentin bu çıxışını necə dəyərləndirmək olar? Prezidentin çıxışı quru sərhədlərinin hələ bundan sonra da bağlı qalacağına işarədir?

 

Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır. Sonuncu dəfə karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov ilk növbədə forumun əhəmiyyətindən danışıb:

 

"Aprelin 23-də ADA Universitetində  “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum maraqlı, yaddaqalan tədbir oldu. 2021-ci ildən bu cür forumlar dünyanın beyin mərkəzlərinin nümayəndələri üçün keçirilir. Dünyanın müxtəlif yerlərində baş verən müharibə və münaqişələrin fonunda beyin mərkəzlərinin aktivliyi müsbət haldır. Beyin mərkəzlərinin kifayət qədər geniş imkanları var ki, yeni ideyalar ətrafında iş aparıb, müəyyən sosial təhlillər aparsınlar və dünya ölkələrinin hökumətlərinə bununla bağlı müraciət etsinlər".

Deputat vurğulayıb ki, sərhədlərin bağlı qalması təhlükəsizliyə hesablanıb:

 

"Cənab Prezident qeyd olunan forumda bir çox məsələlərə toxunub, öz mövqeyini bildirdi. Əlbəttə, quru sərhədlərinin bağlı qalması ilə bağlı sual gözlənilən idi. Prezident məsələyə aydınlıq gətirdi. Bu günə qədər quru sərhədlərinin bağlı saxlanılması COVİD-19 pandemiyası ilə bağlıydısa, digər yandan da bunun səbəbi milli təhlükəsizlik idi.Azərbaycan elə bir regionda yerləşir ki, onun ətrafında bir çox xoşa gəlməz hallar, terror, müharibə və münaqişələr baş verir. Bu baxımdan quru sərhədlərinin bağlı saxlanılması Azərbaycanın və onun xalqının təhlükəsizliyinə hesablanıb. Quru sərhədlərimiz bu günə qədər bağlı saxlanılıb. Deməli, hazırda milli təhlükəsizliyimiz üçün elə də böyük təhdidlər yoxdur".

 

K.Bayramov quru sərhədələrinin hələ bir müddət bağlı qalacağını düşünür:

 

"Düşünürəm ki, quru sərhədlərimizin bağlı qalması davam edəcək. Prezident bildirdi ki, quru sərhədlərinin bağlı qalması həm azərbaycanlılara, həm də qonşu ölkələrin vətəndaşlarına narahatlıq doğurur. Bu, cənab Prezidentin Azərbaycan xalqına qayğısının göstəricisidir. Lakin Prezident milli təhlükəsizlik məsələsinin daha önəmli olduğunu deməyi də unutmadı. Təbii ki, Azərbaycan dövləti ilk növbədə Azərbaycan xalqının təhlükəsizliyini düşünür. Milli Təhlükəsizliyin qorunması üçün bütün tədbirlər görünür. Sərhədlərin bağlı qalması onu deməyə əsas verir ki, təhlükələr hələ sovuşmayıb. Azərbaycana qarşı müəyyən təhdidlər, riskər ola bilər. Bu baxımdan quru sərhədlərin bağlı qalması anlaşılan və məntiqə uyğundu. Sərhədlərin açılması məsələsinə təhlükələr sovuşduqda və ya azaldıqda baxmaq olar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok