Modern.az

Yazıçılar Anara cavab verdilər: “Hər vergülü, nöqtəni iyləyən baş redaktora yazı vermərik”

Yazıçılar Anara cavab verdilər: “Hər vergülü, nöqtəni iyləyən baş redaktora yazı vermərik”

Mədəni̇yyət

12 Dekabr 2012, 16:42

Yazıçılar Birliyinin sədri Anarın qurumun orqanı olan “Ədəbiyyat” qəzetindən narazılığı yeni xəbər deyil. Kulis.az saytına müsahibəsində xalq yazıçısı həmkarlarının “Ədəbiyyat” qəzetinə yazı göndərməmələrindən giley edib.
“Bəzən şikayətlənirlər ki, qəzet pis çıxır. Mən də deyirəm, siz qəzetə yazmırsınız, ona görə də pis çıxır. Təkcə gənclərə demirəm, Ramiz Rövşənə, Vaqif Bayatlıya, başqalarında deyirəm. Siz yazın ki, qəzet yaxşı çıxsın. Kənardan baxıb deyirsən ki, pis çıxır, bu, olmadı ki...”.

Modern.az Anarın həmkarlarına iradına yazıçıların münasibəti fərqlidir.

Xalq yazıçısı Əkrəm Əylisli bildirib ki, son vaxtlar yazıçıları bir-biri ilə vuruşdurmaq dəbə çevrilib: “Ona görə də, mən Anarın hər sözünə münasibət bildirməyəcəm. Bu məsələ ilə bağlı reaksiya vermək istəmirəm”.

Şair Vaqif Bayatlının sözlərinə görə, indiyə qədər “Ədəbiyyat” qəzetindən ona heç bir müraciət olmayıb. “Sizlər nə vaxt istəsəniz, mənimlə əlaqə saxlayırsınız, mən də müsahibə verirəm. Amma onlar heç vaxt mənə müraciət etməyiblər. Nə mənə sual veriblər, nə də müsahibə götürmək istəyiblər. Özümün o qəzetə yazı göndərməyimə gəldikdə isə, mən heç o qəzeti nə görürəm, nə də oxuyuram. Amma “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı, digər qəzet və saytları mütaliə edirəm”.

Yazıçı Seyran Səxavət isə bildirib ki, “Ədəbiyyat” qəzetinə 20 ildən çoxdur ki, yazı göndərmir: “Bu qəzeti oxumurlar, mən də oxunmayan qəzetə yazı göndərmirəm. Yazılarımı həmişə “525-ci qəzet”ə göndərirəm. Hər kəs istəyər ki, yazıları oxunan qəzetdə, populyar saytda çap olunsun. Mən də bunun nəzərə alaraq, artıq 20 ildən yuxarıdır ki, yazılarımı ancaq “525-ci qəzet”də çap etdirirəm”.

“Ədəbiyyat” qəzetini tənqid edən S.Səxavət qeyd edib ki, qəzet sovet prinsipləri ilə işləyir. “Mən bir dəfə demişəm, indi də deyirəm, SSRİ boyda bir dünya dağıldı, amma o qəzetin indiki redaktoru Ayaz Vəfalı dağılmaq bilmədi ki, bilmədi. Artıq elə bir qəzetin olduğu yadımdan çıxıb. Məşhur qəzetləri qoyub niyə “Ədəbiyyat” qəzetinə, yazının hər vergülünü, nöqtəsini iyləyən baş redaktora yazı verməliyəm? Mən vermirəm, təbii ki, sizlər də verməzsiniz. Bunları nəzərə alıb, mən heç vaxt o qəzetə yazı göndərmərəm”.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı