Modern.az

10 ali məktəbdən Misir Mərdanova şikayət edilib

10 ali məktəbdən Misir Mərdanova şikayət edilib

Təhsil

18 Dekabr 2012, 16:25

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: [email protected]) 2012-ci ilin noyabr ayında 613 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi və digər məsələlərdən bəhs olunur. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi ilə və dövlət proqramı çərçivəsində xaricdə ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərlə bağlıdır.

Bir sıra müraciətlərdə ümumi təhsil, orta-ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 63 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.

Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 53 müraciət qəbul edilib. Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 24, digər şəhər məktəblərindən 5 (Gəncə şəhəri 4, Şirvan şəhəri 1), Abşeron, Goranboy, Tovuz, Qazax, Qəbələ və Biləsuvar rayonlarının hər birindən 2, Astara, İmişli, Xaçmaz, Ağdam, Hacıqabul, Bərdə, Balakən, Tərtər, Saatlı, Ağcabədi, Lənkəran və Füzuli rayonlarının hər birindən 1 müraciət daxil olub. Məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlardan, təhsil prosesinin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər məsələlərdən bəhs edən bütün müraciətlərə baxılıb, mövcud problemlər həll edilib.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanlar aşkarlanmış təhsil müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub.

Ali təhsil müəssisələrindən daxil olan 10 şikayət (8-i dövlət, 2-si özəl ali məktəblərdən) diplomların verilməsinin gecikdirilməsi, imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin xərclərinin müvafiq xarici ölkə təhsil müəssisələrinə köçürülməsinin gecikməsi ilə bağlı olub. Bütün bu şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib və vaxtında öz həllini tapıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır