Modern.az

Əsgər ölümü ilə əlaqədar 2 nəfər həbs olunub

Əsgər ölümü ilə əlaqədar 2 nəfər həbs olunub

Aktual

11 Yanvar 2013, 14:56

Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə əlaqədar onun xidmət etdiyi hərbi birləşmənin cəzalandırılmış zabit heyətinin tam siyahısı məlum olub

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu əsgərin ölümünə görə kimlərin cəzalandırılması ilə bağlı APA-nın sorğusunu cavablandırıb:

“Xəbər verildiyi kimi, əsgər Ceyhun Qubadovun ölümü ilə əlaqədar müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir neçə yüksək rütbəli zabit barəsində vəzifə səlahiyyətlərini lazımı səviyyədə yerinə yetirmədiklərinə görə təsirli tədbirlər görüb. Nazirin əmri ilə korpus rəhbərliyi ciddi cəzalandırılıb. Bundan başqa, briqada komandirinin rütbəsi bir pillə endirilib. Briqadanın qərargah rəisi tutduğu vəzifədən azad edilib. Tabor komandiri, taborun qərargah rəisi və bölük komandirinin rütbələri də bir pillə aşağı salınıb”.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı artıq iki nəfər həbs edilib.

Gəncədəki hərbi mənbələrdən teleqraf.com-a verilən məlumata görə, əsgər Ceyhun Qubadovun öldürülməsinə görə “N” saylı hərbi hissəsinin zabiti, baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər.

Modern.az saytı xatırladır ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin əmri ilə birləşmə komandirinə şiddətli töhmət, və sonuncu xəbərdarlıq edilib.

Hadisə baş verən hərbi hissənin komandiri  polkovnik-leytenant Polad Həşimovun rütbəsi bir pillə aşağı - mayor rütbəsinə salınıb.
Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb.Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri barəsində də intizam tədbirləri həyata keçirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunub. Mərhum əsgərin əvvəlcə ürək çatışmazlığından öldüyü bildirilsə də, sonradan anası onun döyülərək öldürüldüyünü iddia edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı