Modern.az

Minik qrupu

Minik qrupu

29 Avqust 2010, 13:04

Dünyada ATƏT kimi tanıdığımız bir təşkilat 20 ildir bizi barmağına dolayıb. Yaxşı adı var bu təşkilatın: Avropada Təhlükəsizlik və Əməkdaşlış Təşkilatı. Amma bu qurum adına layiq işlər görürmü? Ad əsasdır, fərqi yoxdur adam olsun, ya da təşkilat. Məsələn, adam var ki, adını qoyur Allahverdi, Tanrıverdi, Məhəmməd. Amma baxıb görürsən o qədər murdar işlərlə məşğul olur ki... Elə təkcə bu ad altında o cür əməllərə görə onu cəhənnəm odunda başına qurğuşun əridib töksələr də azdır. ATƏT-in də adı ilə məli düz gəlmir. Bəzilərimiz ümidini bu quruma bağlayıb gözləyirik ki, torpaqlarımız nə vaxt işğaldan azad olunacaq? ATƏT-dən təşkilat olmayıb, olmayacaq da. Hələ bu ATƏT-in bir törəməsi də var, adını qoyublar Minsk qrupu. Bu törəmənin üç atası var, biri rusdu, biri fransız, o biri də amerikan. Bax indi deyin görək, bir törəmənin ki, üç atası olsun, bundan nə gözləmək olar? Üç hegemon bir münaqişəni həll edə bilmirsə, daha bu qrupa Minsk qrupu yox, minik qrupu demək istəyirəm. O qrupun həmsədrlərini tutub minik arabasına qoşmaq lazımdır. Ona görə ki, bu üç kişi birləşib, ən azı ayda bir dəfə Azərbaycana, Ermənistana, Gürcüstana səfər edirlər. Hələ hərdən bir-birindən xəlvət tək-tək də gəlirlər, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında minirlər maşına, başlayırlar Bakını gəzməyə. Bakıda bir söz deyirlər, əgər o söz ermənilərin xətrinə dəyirsə, Ermənistana gedəndə həmin sözü fırladıb başqa cür söyləyirlər. Yox, əgər görsələr ki, məsələ qəlizdi, dedikləri söz Azərbaycanı və ya erməniləri bərk narahat eləyib, onda günahı yıxırlar tərcüməçinin üstünə. Mən neçə dəfə şahidi olmuşam ki, Minsk qrupunun həmsədrləri ağızlarından «quş» buraxıb, yazıq tərcüməçini bədbəxt eləyiblər.

Hərdən oturub fikirləşirsən ki, bu həmsədrlər ayda bir dəfə Cənubi Qafqaza səfər edirlər, amma onlara qalan ancaq bir qarın yemək, bir də təmiz tut arağı olur. Lakin bu adamların başı yaxşı işləsəydi, indi Bakıda, Tiflisdə, İrəvanda hərəsi bir «toçka» açıb işlədərdi. İndi çox az alverçi var ki, ayda bir dəfə mal gətirmək üçün xaricə gedir. Bu Minsk qrupu isə ayda bir dəfə naxçıvanlılar demişkən, “donqili” kimi gəlib-gedirlər. Hər gələndə özləri ilə bir-iki bağlama mal gətirsələr, yaxşı qazanarlar. Məsələn, mən əminəm ki, rusiyalı həmsədr Bakıya yaxşı rus arağı gətirə bilər və ucuz qiymətə satsa, hamı onun «toçkasından» araq alar. Fransalı həmsədr isə yaxşı fransız ətirləri, bəzək əşyaları gətirib əməlli-başlı pul qazana bilər. İndi bizdə «fransuziski» təmiz mal tapmaq çətindi.

Amerikalı həmsədr isə daha böyük iş qura bilər. Məsələn, o, Afrikadan banan gətirə bilər. Eyni zamanda, Bakıda indi çox az olan Amerika maşınlarını gətirib sata bilər. İndi «bərkgedən» oğlanlar «amerikanka» maşınlara üstünlük verirlər. Ancaq gərək amerikalı həmsədr nəzərə alsın ki, daha Bakıya ili köhnə olan maşınlar gətirmək olmaz. Yoxsa mayanı batırar.

Hamımız bilirik ki, bu həmsədrlərə həmdə vasitəçilər deyirlər. Guya onlar Qarabağ məsələsinin həllində Azərbaycanla Ermənistana vasitəçilik edirlər. Vasitəçi isə bizdə həmişə dəllal kimi tanınır, hətta hətta bəzən bundan da pis ad qoyurlar. Arada söz-aparıb gətirənə nə deyirlər, onu yazmağa ehtiyac yoxdu.

Əlbətdə, əgər vasitəçi-dəllal hansısa bir işə girişirsə, orada həmişə öz marağını, öz xeyirini güdür. İndi bizim bu minik qrupunun vasitəçiləri də maklerlik edirlər və Qarabağ məsələsində hərəsi öz marağını güdür. Necə ki, məhşur bir təmsildə üç heyvan birləşib bir arabanın öhdəsindən gələ bilmirlər, biri arabanı suya, biri quruya, biri də havaya dartır, axırda da heç bir nəticəsi olmur. Bax bu minik qrupu da ona bənzər bir şeydir. Rusiya çalışır Qarabağ məsələsini öz bildiyi kimi həll etsin, Fransa özünə sərf eləyən variantlara üstünlük verir, Amerika da bunların ikisini də itələyir kənara və deyir ki, «nou, nou». Bax onda Qarabağ münaqişəsi həmin o araba kimi qalır ortada. Bu boyda Azərbaycan qalıb üç yaramazın əlində. Bu Minsk qrupunda indiyə kimi neçə həmsədr dəyişibsə, hamısı içki düşkünü olub. Mən neçə dəfə eşitmişəm ki, onlar hər səfərdə yeyib-içib qatıqlayıblar və məsuliyyətsiz bəyanatlar verəndə də çox vaxt içkili olurlar. Məsələn, amerikalı yeni həmsədr Robert Bratke Azərbaycana ilk səfərinə saqqız çeynəyə-çeynəyə gəlmişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı