Modern.az

Nazir - "Bəzi qüvvələr Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar"

Nazir - "Bəzi qüvvələr Azərbaycanda radikallaşmaya rəvac verməyə çalışırlar"

Aktual

28 Mart 2013, 16:00


Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasından 94 il ötür. MTN-in İctimai Əlaqələr Mərkəzindən Modern.az-a verilən məlumata görə peşə bayramı münasibətilə Milli Təhlükəsizlik Nazirliyinin 94-cü ildönümü ilə bağlı nazirliyin Heydər Əliyev adına Akademiyasında tədbir olub.

“Son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur.Son hadisələr də bu məqamı təsdiqləyir. Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələr ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar”- deyə, Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov  tədbirdə çıxış edib.

Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun artdığını, respublikanın bir çox mötəbər tədbirlərin, eləcə də mədəniyyətlərarası dialoqların keçirildiyi mərkəzə çevrildiyini bildirən nazir Eldar Mahmudov, bütün bu nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla qarşılandığını vurğulayıb.

Nazir vurğulayıb ki, destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir: “İctimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində bir qrup şəxs saxlanılıb, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda “Molotov kokteyli” adlanan maye aşkar edilib. Qeyd olunmalıdır ki, anti-Azərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışırlar. Təhlükəsizlik və sabitlik həm normal yaşayış və fəaliyyət, həm də dövlətin inkişafı və nüfuzu üçün mühüm şərtlərdir. Ona görə də adiyyati hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunması ümdə məsələlərdəndir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü