Modern.az

Günay Əfəndiyeva: “Azərbaycandan daha bir neçə irs nümunəsi YUNESKO-ya təqdim olunub” - MÜSAHİBƏ

Günay Əfəndiyeva: “Azərbaycandan daha bir neçə irs nümunəsi YUNESKO-ya təqdim olunub” - MÜSAHİBƏ

18 Aprel 2013, 12:12

18 aprel tarixi Beynəlxalq Abidələr və Tarixi Yerlər günüdür. Modern.az saytı bununla əlaqədar YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 1-ci katibi Günay Əfəndiyevanın müsahibəsini təqdim edir.

- Günay xanım, YUNESKO-yla bağlı fəaliyyət göstərdiyinizi nəzərə alaraq, ilk sualımız Beynəlxalq Abidələr və Tarixi Yerlər günü ilə bağlıdır. Bu günün tarixi haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, YUNESKO-nun əsas prioritet istiqamətlərindən biri mədəniyyət sahəsidir. Mədəni abidələrin YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, onların bərpası, mühafizəsi, onlarla bağlı tədqiqatların aparılması və s. məsələlər təşkilatın bu sahədəki fəaliyyətinin bir hissəsini təşkil edir. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün geniş səpkidə qeyd olunması da YUNESKO-da artıq 40 illik bir ənənəyə çevrilib. Günün tarixi barədə onu deyə bilərəm ki, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İKOMOS-un) təklifi ilə 1983-cü ildə YUNESKO-nun Baş Konfransında 18 Aprelin Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi keçirilməsi qəbul olunub.

- Beynəlxalq Abidələr və Tarixi Yerlər gününün əhəmiyyəti nədən ibarətdir?

- Cəmiyyətin mədəni irslə daha yaxından tanış edilməsi, bu abidələrin əhəmiyyətindən bəhs edərək maarifləndirmə yolu ilə insanların öz vətəninə, tarixinə sevgi ilə yanaşmasının təşviq olunması və mədəni irs nümunələrinin qorunması istiqamətində təbliğatın aparılması bu günün qeyd edilməsinin məqsədləri sırasındadır. Bilirsiniz ki, Azərbaycanda tək dövlət əhəmiyyətli deyil, həm də ümumdünya əhəmiyyətli bir-çox abidələr var ki, onlardan bir qismi YUNESKO tərəfindən də qeydiyyata alınıb. Onların qeydiyyata salınması ilə biz zəngin tariximizi həm dünya ictimaiyyətinə tanıtmış, həm də dünya mədəni irsinə töhfə vermiş oluruq. Bu tarixi abidələr neçə-neçə əsrlərdən keçib, bir çox tarixi hadisələrin şahidləri olublar.

YUNESKO bu abidələr vasitəsilə cəmiyyətdə maarifləndirməni də maraqlı tədbirlərlə həyata keçirməkdədir. Buna misal olaraq, artıq bir-neçə ildir təşkil olunan Yer Saatı layihəsini göstərə bilərik. Adı çəkilən layihə bu abidələrdə bir saatlıq işıqların söndürülməsiylə həyata keçirilməkdədir. Layihəyə uyğun olaraq, cari il mart ayının 23-də saat 20:30-dan 21:30-dək YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan abidələrimizdə də işıqlar söndürülməklə planetimizin gələcəyi naminə ətraf mühitin qorunmasının vacibliyi ictimaiyyətin diqqətinə çatdırılıb.

- YUNESKO tərəfindən qeydiyyata alınan mədəni irs nümunələrimizə toxundunuz.  İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi və eləcə də, Qobustanın YUNESKO tərəfindən qeydiyyata alındığı  ictimaiyyətə geniş məlumdur. Bilmək istərdik ki, abidələr hansı meyarlar əsasında qeydiyyata alınır və daha hansı abidələrimiz YUNESKO-nun müvafiq siyahısındadır və ya gələcəkdə daxil edilməsi nəzərdə tutulur?

- Düzdür, bəhs etdiyiniz abidələrimizdən İçərişəhər 2000-ci ildə, Qobustan isə 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Qeyd olunmalıdır ki, hər hansı bir abidənin bu siyahıya daxil edilməsi uzunmüddətli bir prosesdir. Belə ki, ilk öncə, abidənin beynəlxalq əhəmiyyəti təsdiq olunmalıdır və daha sonra abidə haqqında nominasiya faylı hazırlanıb YUNESKO-ya təqdim edilməlidir. Əlbəttə, bu nominasiya faylının zənginləşdirilməsi, mütəmadi olaraq yeni məlumatlarla təchiz edilməsi, müvafiq mütəxəssislərinin rəyləri də tələb olunur. Ona görə də, bu işlər bir-neçə il zaman tələb edir. Ancaq onu da qeyd etməliyəm ki, Azərbaycandan bir-çox irs nümunəsi hazırda nominasiya faylı şəklində YUNESKO-ya təqdim olunub və dəyişkən siyahıda (tentative list) yer almaqdadır. O abidələri də yaxın illərdə YUNESKO-nun müvafiq siyahısında görəcəyimizə inanıram. Onlar arasında Şəki Xanlarının Sarayı, Möminə Xatun Türbəsi, Atəşgah məbədi də yer almaqdadır.

Lakin təəssüflə qeyd etməliyəm ki, tarixi abidələrimizin bir-çoxu bu siyahıya düşməyə layiq olsa da, məhv olmaq təhlükəsi ilə üzləşib. Belə ki, Dağlıq Qarabağ və ətraf rayonlarımızın erməni işğalçıları tərəfindən işğal edilməsilə yüzlərcə tarixi abidə, mədəniyyət evi, kitabxanalar, qalereyalar və ümumilikdə on minlərlə mədəni irs nümunələrimiz məqsədli şəkildə məhv edilib. Onlar arasında ümumdünya əhəmiyyətli abidələr də var.

- YUNESKO-nun işğal edilmiş ərazilərimizdəki abidələrin taleyi ilə bağlı nə kimi fəaliyyəti var?

- YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası olaraq dəfələrlə bu ərazilərə YUNESKO tərəfindən monitorinq missiyalarının cəlb edilməsi təşəbbüsü ilə çıxış etmişik. Bilirsiniz ki, keçən ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə YUNESKO-da “İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması” adlı sənəd qəbul edilib. Sənəddə bu ərazilərə müşahidə missiyalarının göndərilməsi və orada yerləşən abidələrin vəziyyəti ilə bağlı hesabatın verilməsi nəzərdə tutulub. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Biz inanırıq ki, işğal olunmuş ərazilərimizdəki abidələrimizin acı taleyinə YUNESKO biganə qalmayacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir