Modern.az

Müsavatdan sərt cavab: “İcra Hakimiyyəti yaxasını kənara çəkməsin”

Müsavatdan sərt cavab: “İcra Hakimiyyəti yaxasını kənara çəkməsin”

Aktual

27 May 2013, 15:08

Müsavat başqanının müavini Gülağa Aslanlı Masallı rayon İcra Hakimiyyətindən gələn açıqlamaya münasibət bildirib. Onun Modern.az-a söylədiyinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı tədbir keçirmək üçün İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edilsə də, bu məktuba hələ də cavab gəlməyib. Bununla yanaşı, icra orqanları tədbirin Müsavatın yerli partiya qərargahında keçirilməsinə də maneçilik törədib.

“Müsavat Partiyasının orada icarəyə götürdüyü qərargah var. Həmin qərargahın sahibinə xüsusi tapşırıq verilib ki, sən qərargahı tədbir keçirilən gün açmayacaqsan. Qərargahın yerləşdiyi bina həm şənbə, həm də bazar günü açıq olur. Nəyə görə həmən gün bina bağlı idi? Bunun səbəbini təbii ki, İcra Hakimiyyətində axtarmaq lazımdır. Müsavatçılara da bina sahibləri tərəfindən söz verilmişdi ki, heç bir problem olmayacaq, qapı açıq olacaq, amma fakt insanlar ora toplaşandan sonra qapını açmalı olan adam müxtəlif bəhanələrlə həmin qapını açmaqdan imtina edib və ora gəlməyib. İcra Hakimiyyəti özünə haqq qazandırmaq üçün istənilən yalanı söyləyə bilir. Tədbiri zalda keçirmək mümkün olmadı. Buna baxmayaraq, tədbir binanın qarşısında keçirildi. Müsavat Partiyasının Divan üzvləri Almaz Əliqızı və Nüşabə Sadıxlı da tədbirdə iştirak ediblər. Sadəcə, İcra Hakimiyyəti biləndən sonra ki, müsavatçılar Cümhuriyyətin 95 illiyinə həsr olunmuş tədbiri layiqincə keçiriblər, bu biabırçılığı boyunlarından atmaq üçün bəhanələr uydururlar”, – deyə başqan müavini qeyd edib.

Xatırladaq ki, Masallı rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilmişdi ki, Müsavat Partiyasının tədbirinə İcra Hakimiyyəti heç bir maneçilik törətməyib və problem partiyanın yerli şöbəsi ilə icarədar arasındakı münasibətlərdədir.

 

 

Vüqar İsmayılov    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü