Modern.az

“Bütün bu proseslərin başında Vladimir Putin dayanır” - ŞƏRH

“Bütün bu proseslərin başında Vladimir Putin dayanır” - ŞƏRH

29 May 2013, 14:29

Bu gün Qazaxıstanın paytaxtı Astanada Avrasiya Ali İqtisadi Şurasının iclasında “Avrasiya İqtisadi Məkanının yaradılması haqqında” saziş layihəsinin müzakirəyə çıxarılması gözlənilir.  Tədbirdə Belorus və Qazaxıstan prezidentlərinin iştirakı da gözlənilir. Bununla yanaşı, iclasdan sonra Ukrayna və Qırğızıstan prezidentlərinin də iştirakı ilə görüş olacağı vurğulanır. Bu barədə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

Son zamanlar Rusiyanın bölgədə “SSRİ modelini” bərpa etməsi cəhdləri heç də birmənalı qarşılanmır. Azərbaycan isə Rusiyanın təzyiqlərinə baxmayaraq, Avrasiya İttifaqına qoşulmaqdan imtina edib. Yeni “SSRİ layihəsi” - Avrasiya İttifaqının perspektivi və gücə çevrilməsi isə sual doğurur. Bu yolla region dövlətlərinin müstəqilliyinin təhdid olunduğuna dair politoloji rəylər səsləndirilir. Azərbaycanın Avrasiya İttifaqına qoşulmayacağı təqdirdə ölkəmiz üçün hər hansı təhlükə gözlənilə bilərmi? Bu haqda Modern.az-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb.

Politoloqun sözlərinə görə, Avrasiya İttifaqı Rusiyanın neoimperialist iddialarından irəli gələn bir təşkilat olacaq. Siyasi ekspert hesab edir ki, bu təşkilata daxil olan dövlətlərin müstəqilliyi və suverenliyi sual altına düşə bilər.
“Bu həmin ölkələrin suveren hüquqlarını müəyyən qədər məhdudlaşdıracaq. Həm də bu proses tədricən həyata keçəcək. Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətlər öz suverenliklərini mərkəzə, yəni Kremlə verməli olacaqlar. Nəticə etibarilə belə bir ittifaqın yaradılması SSRİ-nin ilkin formalarını xatırlatmaqla müstəqil dövlətlərin suverenliyini mənimsəməyə başlayan prosesinə start verəcək. Bu respublikaların hamısı ayıqdırsa və onun liderləri suverenliklərinin üstündə əsirsə, o, prosesi duyaraq həmin təşkilatlardan çıxmağa cəhd göstərəcək və ya müqavimət göstərəcək”.

Politoloq bildirib ki, hansısa dövlət Rusiyanın tabeliyində olmaqdan zövq alırsa, həmin ölkələr Avrasiya İttifaqının içərisində əriyib gedəcək.  Düşmən və işğalçı Ermənistan faktoruna da toxunan Qabil Hüseynli bildirib:
“Son vaxtlar Ermənistanın Rusiyanın tərkibinə daxil olmaq kimi tezislər səsləndirir. Bu, mənim zənnimcə, Moskva ilə razılaşdırılmış və bir növ digər respublikalara təlqin xarakteri daşıyan bir addımdır. Bununla Rusiya digər ölkələri də Avrasiya və Gömrük İttifaqına cəlb etmək üçün şirnikləndirmək istəyir. Bu baxımdan Avrasiya İttifaqı normal siyasi-iqtisadi bir təşkilat deyil. Bu sırf müstəqil ölkələrin suverenliyinə qəsd xarakteri daşıyan anormal və dünyada gedən proseslərin məntiqinə uyuşmayan bir siyasi kursdur”.

Siyasi şərhçi Azərbaycanın bu cür ittifaqlara qoşulmamasını müsbət qiymətləndirib. “Azərbaycan belə bir siyasi xətt seçməklə həm öz suverenliyini qoruyub saxlayır, həm də digər respublikalara nümunə və örnək olur. Bütün bu proseslərin başında isə Rusiya prezidenti Vladimir Putin dayanır. Onun bu addımları,  Rusiyanı fövqəldövlətə çevirmək istəməsi, yenidən bəsəriyyəti ikiqütblü dünyaya çevirmək və soyuq müharibə dövrünün qanunlarına uyğun olaraq beynəlxalq münasibətlərə yeni bir destruktiv elementlər gətirmək məqsədi daşıyır. Bunun artıq ilkin əlamətlərini Suriya və İranla bağlı məsələlərdə də görmək olar”.

Xatırladaq ki, Moskva Avrasiya İttifaqı üçün son tarixi 2015-ci il yanvarın 1-i elan edib.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü