Modern.az

Gezi Parkı Hadisələri və “Model Ölkə” Türkiyə - TƏHLİL

Gezi Parkı Hadisələri və “Model Ölkə” Türkiyə - TƏHLİL

Aktual

21 İyun 2013, 11:33

Araz Aslanlı, QAFSAM-ın Sədri
//www.qafsam.org/

“Soyuq Müharibə”nin başa çatması bir çox ölkə kimi Türkiyə üçün də çox sayıda qeyri-müəyyənliklər ortaya çıxardı. Bu qeyri-müəyyənliklər müəyyən qədər Türkiyə daxili siyasəti və iqtisadiyyatı, amma daha çox Türkiyənin xarici siyasəti ilə bağlı idi. “Soyuq Müharibə”nin sabit şərtlərinə uyğunlaşmış xarici siyasətin bundan sonra necə olacağı ilə bağlı suallar ortaya çıxdı. Bəzilərinin fikrincə Türkiyə üçün ciddi imkanlar ortaya çıxmışdı və bundan istifadə edilməli idi. Bəziləri isə risklərin və Türkiyənin problemlərinin çoxluğunu irəli sürərək ehtiyatlı olmağın tərəfdarı idilər.    

Bununla bərabər “Soyuq Müharibə”dən dərhal sonra Türkiyənin “model ölkə” olduğuna dair fikirlər də səsləndirilirdi. Türkiyənin və yeni müstəqil olmuş Türk respublikalarının daxilində də tərəfdarı olan bu fikrin əslində ABŞ-ın istəyi olduğu iddia edilirdi. Türkiyənin dünyəvi Türk-Müsəlman dövləti imici ilə yeni sistem axtarışında olan Azərbaycan və Orta Asiya dövlətləri üçün nümunə ola biləcəyi və bunun da regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün imkanları artıracağı qeyd olunurdu. AK Parti (Adalet ve Kalkınma Partisi - Ədalət və İnkişaf Partiyası) iqtidarı ilə birgə buna “mülayim siyasi İslam” amili də əlavə olundu və Türkiyənin daha geniş coğrafiya üçün (təxminən bütün İslam dünyası üçün) model ola biləcəyi qeyd olunmağa başlandı.

Bəs Türkiyə buna nə qədər hazır və layiq idi? Doğurdan da, “Soyuq Müharibə”dən sonrakı mənzərədə Türkiyə müasir, insan hüquqlarına və azadlıqlara ən çox hörmət edən, ən demokratik “Müsəlman dövlət” (bu ifadə şərtidir və əhalisinin çoxu özünü Müsəlman adlandıran ölkələr nəzərdə tutulur) idi. Təbii ki, qüsurları da yox deyildi. Əvvəla, Türk demokratiyasının (daha doğrusu cümhuriyyətin) quruluş mərhələsi müəyyən təzadlara malik idi: işğalçılara qarşı müharibə (Kurtuluş Savaşı) və rejim dəyişikliyi (xilafətdən respublikaya keçiş) təxminən eyni vaxtlarda getdiyi üçün əslində respublika ümumxalq hərəkatının nəticəsi kimi yox, tək liderin (Mustafa Kamal Atatürkün və cüzi tərəfdarlarının) istəyi nəticəsində formalaşdırılmışdı. Yəni, yerləşdiyi regionda müsbət mənada fərq yaradan, cəmiyyətini irəliyə aparan və digərləri üçün (hətta şimal qərbindəki bəzi dövlətlər üçün də) model sayıla biləcək sistem əslində hamının (ya da çoxluğun) istəyi ilə qurulmamışdı. Respublikanın quruluşunun ilk illərində tək adam idarəetməsi, İngiltərə və Fransanın Anadolu ilə bağlı planları tam reallaşmadığı üçün bu iki ölkə tərəfindən dəstəklənən bəzi etnik və dini təmayüllü hərəkatların sərt metodlarla qarşısının alınması cəmiyyətdəki bəzi qruplarda sistemdən kənarda qalmaq hissi (və eyni zamanda revanş üçün fürsət gözləmək psixologiyası) yaratmışdı.

Digər tərəfdən Türk ictimai-siyasi həyatında çox ciddi hərbi çevriliş (“darbe”) abu-havası mövcud idi. Türkiyədə “darbe” ehtimalı, qorxusu və arzusu ilə yaşayanların cəmi əhalinin əksəriyyətini təşkil edirdi. Bu, Türk demokratiyasına kölgə düşürürdü. Eyni zamanda çoxpartiyalı siyasi həyata keçildikdən sonra demokrasik sistemin işləyişində dəfələrlə (1960 və 1980-ci illərdə hərbi çevriliş, 1971 və 1997-ci ildə çevriliş təşəbbüsü ilə hakimiyyət dəyişikliyinin təmini) fasilələr yaratmışdı.

Yenə də Türkiyədə hakimiyyətin ədalətli  və azad seçkilər yolu ilə dəyişdirilməsi təcrübəsi bu ölkənin model ölkə kimi mövqeyini gücləndirirdi. Digər tərəfdən parlament üsul idarəsindən qaynaqlanan çoxpartiyalı koalisiyaların formalaşması, hökumətlərin tez-tez dəyişməsi və seçkilərin də çox vaxt rəsmi olaraq nəzərdə tutulduğundan daha tez keçirilməsi siyasi qeyri-sabitlik görüntüsünün yaranmasına səbəb olurdu.

Türkiyə digər “Müsəlman dövlətlər” və bəzi cənub-şərqi Avropa ölkələri ilə müqayisədə xeyli irəlidə olsa da insan hüquq və azadlıqları ilə bağlı vəziyyət Qərb standartlarından geridə idi. Bura fərdi azadlıqlarla bağlı məsələlər də daxil idi, milli azlıq hüquqlarına ya da dini azadlıqlara dair məsələlər də... Azadlıqların “milli maraqlar” naminə məhdudlaşdırılmasına etiraz nadirən də olsa “xəyanət” kimi qəbul edilirdi.

Model ölkə olmaq üçün zəruri olan istiqamətlər arasında yer alan iqtisadiyyat baxımından da  vəziyyət də bir yandan müsbət, digər yandan isə qeyri-sabit idi. Türkiyə liberal iqtisadi modeli ilə digər sahələrdə olduğu kimi iqtisadiyyatı ilə də xeyli müsbət məqamlara malik idi. Ancaq sərmayə (kapital) problemi, Beynəlxalq Valyuta Fondu başda olmaqla maliyyə mərkəzlərindən asılılıq və qeyri-sabitlik Türk iqtisadiyatının ciddi əskiklikləri arasındaydı.

Silahlanma imkanlarına görə ayrı-ayrı “Müsəlman dövlət”lər Türkiyədən irəlidə olsalar da Türkiyə hərbi gücü və hərbi sistemi baxımından da İslam və Türk dünyası üçün nümunə təşkil edə biləcək mövqeyə malik idi. Soyuq müharibədən sonra qlobal təsir gücünə malik tək təhlükəsizlik ittifaqı kimi qalan NATO-nun üzvü olması da Türkiyə üçün bir üstünlük idi. Amma hərbi sənayesinin arzu edilən səviyyədə olmaması, hərbi texnologiya idxalatında xüsusilə ABŞ və İsraildən həddindən artıq dərəcədə asılılıq Türkiyə üçün mənfi məqamlar kimi qiymətləndirilirdi.  

Türkiyənin model ölkə kimi mövqeyini gücləndirən ən vacib istiqamətlərdən biri Türk mediasının vəziyyəti idi. Digərləri ilə müqayisədə media ən uğurlu (sırf ideoloji xəttə malik olan kütləvi informasiya vasitələri mövcud olsa da) bir sahə idi. Operativlik, azad olmaq və obyektivlik baxımından Türk mediası nəinki Müsəlman və Türk dünyası üçün, eləcə də uzaq şərqən ən qərbə qədər dünyanın bir çox digər ölkəsi üçün nümunə ola biləcək səviyyədə idi.

İnkidi hakim AK Parti də hakimiyyətə məhz bu mənzərə fonunda gəlmişdi. AK Partinin hakimiyyəti illərində Türkiyənin model ölkə imici uzun müddət boyunca daim güclənmə xəttinə malik oldu. Hüquqi islahatlar, iştirakçılığın artması, hərbi çevriliş vərdişinə qarşı müqavimət və demokratiyanın fasiləsizliyinin təmini istiqamətində, eləcə də milli və dini çoxsəsliliklə bağlı ciddi addımlar atıldı. Türkiyə “yumuşaq güc” kimi qəbul olunan media, kino və s. sahələrdə də xeyli irəliyə getdi. PKK terroru ilə bağlı “çözüm süreci” (“həll prosesi”) kimi adlandırılan proses də bütün tənqidlərə və risklərə (hətta Türkiyəni bölünməyə götürəcəyinə dair iddialara) rəğmən yaxın xaricdə Türkiyənin bu problemin də öhdəsindən gələrək daha da güclənəcəyinə dair düşüncə formalaşdırdı.

Son 10 ildə Türkiyə iqtisadiyyatı da müqayisəli olaraq xeyli uğurlu yol keçdi. Hakimiyyətin şişirdiyi müsbət, müxaliflərinin şişirdiyi mənfi istiqamətli rəqəmləri bir kənara qoyaraq, Türkiyənin ən azı iqtisadi sabitliyi təmin etdiyini, qlobal iqtisadi böhranların yaşandığı mərhələləri belə minimum zərərlə keçdiyini qeyd etmək mümkündür.

AK Parti hakimiyyəti dövründə Türkiyə xarici siyasətdə xeyli fəallaşdı. Xüsusilə Əhməd Davutoğlunun Xarici işlər naziri olduğu dövrdə mübahisəli “sıfır problemli xarici siyasət” anlayışına rəğmən müxtəlif istiqamətlərdə uğur qazanıldı. İnsan mərkəzli, liberal ritorikaya malik olan, ədalət vurğusunu ön plana çıxaran xətt dünyada simpatiya qazandı. Türkiyə xüsusilə Balkan regionunda və Yaxın Şərqdə öz üstünə əhəmiyyətli missiyalar götürməyə başladı. Ümumən Suriya böhranına qədər Türkiyənin regioanl və qlobal nüfuzu artdığı ümumi qəbul olunan məqamdır.

Beləliklə, son 10 ildə Türkiyə daxili siyasəti, hüquqi islahatları, iqtisadiyyatı və qlobal iddiaları ilə Türk və İslam dünyası üçün model ölkə mövqeyini xeyli gücləndirdi. Ancaq bu mərhələdə hər il getdikcə artan suallar da mövcud idi. Ak Parti hərbi çevriliş təşəbbüslərinə müqavimət göstərərək, hətta çevrilişlə bağlı düşünənləri belə “zərərsizləşdirərək” demokratik sistemin fasiləsizliyini təmin etdi. Amma belə bir görüntü var ki, AK Parti sadəcə demokratik sistemin deyil, iqtidarının da fasiləsizliyini təmin etməyə çalışır. Hətta hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirən hərbçilər belə iqtidarı qısa müddət sonra seçkilər yolu formalaşdırılmış hökumətlərə təhvil veriblər. Amma bəzilərinə görə hazırda Türkiyədə iki dünya müharibəsi arasında, qurtuluş savaşından sonra və cümhuriyyətin quruluşu zamanı mövcud olan tək partiyalı sistemin xarakterinə uyğun bəzi addımlar atılmağa başlanıb. İqtidarın əleyhinə olanlar barədə məhkəmələr keçirilmədən insanların 5-6 il kimi uzun müddət həbsdə saxlanılması, iqtidara yaxın olanlar haqqındakı ciddi iddiaların hüquq mexanizmini hərəkətə keçirməməsi (“Deniz Feneri” işində olduğu kimi) isə cəmiyyətdə etiraza səbəb olduğu kimi xaricdə də Türkiyənin imicinə mənfi təsir edir.

Türkiyədə çoxpartiyaslı siyasi həyata keçildikdən sonra adətən daxili siyasi proseslərdə tərəf olmayan dövlət qulluqçularının (məmurların - hansı ki, təyinatları özünəməxsus qaydalarla həyata keçirilir və hökumətin yox dövlətin məmuru statusuna malikdirlər) “hökumətin adamı” kimi hərəkət etməyə başlamaları, öz səlahiyyətlərindən hakim partiyanın xeyrinə istifadə etmələri, hətta bunun seçki proseslərində də müşahidə olunması da Türkiyənin “model ölkə” imicinə zərər verir.

Hakim partiya cəmiyyət üçün xeyli faydalı addımını həyatın hər sahəsinə avtoritarcasına müdaxilə görüntüsü və geniş kütlələrin mövqeyini nəzərə almaq ehtiyacı hiss etməmək ritorikası ilə kölgədə qoymağa başlayıb. “İçki qanunu”, Avropa ilə Asiyanı birləşdirəcək 3-cü körpünün adı və nəhayət Topçu kazarmasının yenidən tikilməsi (hansı ki, Gezi parkı hadisələrinin başlama səbəbi kimi qeyd olunur) məsələsində rəsmilərin açıqlamaları, eləcə də teleserialların mövzuları və ailələrin neçə uşaqlı olmalarına dair açıqlamalar bunu açıqca göstərirdi.

Xüsusilə son hadisələr fonunda qabarıq şəkildə ortaya çıxan başqa bir məqam da Türk mediasının düşdüyü vəziyyət idi. Son illərdə həbsxanalardakı jurnalistlərin sayının artması (səbəbləri barədə iqtidar və müxalifət fərqli fikirdə olsalar da), hakim partiyanın liderlərinin media ilə bağlı ritorikası hətta hökumətə yaxın media orqanlarında belə tənqid edilib. Təzyiqlər nəticəsində NTV, Milliyet, Hürriyet kimi nüfuzlu media orqanlarında işləyən bəzi araşdırmaçı jurnalistlər işlərindən uzaqlaşdırılıblar. Son hadisələrdə isə Türk mediasının (xüsusilə televiziyaların) uzun müddət etirazlarla bağlı məlumatları  yaymaması ya da obyektivlikdən uzaq şəkildə yayması cəmiyyətdə mediaya etirazları artırdı, media orqanlarının ofisləri qarşısında etiraz mitinqləri təşkil edildi.

Və nəhayət “Gezi parkı hadisələri”ndə təhlükəsizlik qüvvələrinin vətəndaşlara sərt müdaxilələri ilə bağlı yayılan görüntülər Türkiyənin imicinə kölgə düşürən ən ciddi amillərdən biri oldu. Bu görüntülərin bir qisminin saxta olması, bəzi radikal qrupların polisi təhrik etməsi, polisin yorğun və yuxusuz olduğuna dair açıqlamalar əsas məqamı dəyişdirməyə kifayət etmədi: Rəsmi və bəzi mülki geyimli polislər vətəndaşlara qarşı hüquqa zidd şəkildə zor tətbiq etmişdilər və telekommunikasiya imkanlarının indiki səviyyəsində iqtidardan çəkinən Türk mediasının bu barədə obyektiv məlumat yaymaması “Türkiyənin imicini qorumaq” üçün kifayət etməmişdi.

Digər tərəfdən, əvvəlcə prezident Abdullah Gülün, daha sonra Baş nazirin müavini Bülent Arıncın və daha sonra Baş nazir Erdoğanın etirazçıları təmsilən müxtəlif heyətləri qəbul etməsi, danışqlar aparılması və bəzi səhvlərə görə üzr istənilməsi müsbət məqamlar kimi diqqət çəkdi. Türkiyənin maraqlı etirazlarıyla müəyyən dərəcədə yenə nümunə ola biləcəyi də qeyd olunur.

Beləliklə, “Soyuq müharibə”dən sonra “model ölkə” kimi göstərilən Türkiyə AK Partinin hakimiyyəti illərində bu mövqeyini daha da gücləndirdi. Amma son illərdə yol verilən səhvlər və bir mənada da bu səhvlərinin cəmindən qaynaqlanan partlayış kimi də qiymətləndirilən “Gezi parkı hadisələri” Türkiyənin imicinə ciddi zərər verdi. Gələcək illər üçün istər iqtisadiyyatda, istərsə də regional və qlobal məsələlərdə iddialı olan Türkiyənin imiclə bağlı hansı istiqamətə gedəcəyi yenə də əhəmyyətli dərəcədə AK Partinin və xüsusilə onun lideri Erdoğanın verəcəyi qərarlardan asılı olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü