Modern.az

Qarabağ: Zamanın uzanması Ermənistanı radikallaşdırır - TƏHLİL

Qarabağ: Zamanın uzanması Ermənistanı radikallaşdırır - TƏHLİL

22 Avqust 2013, 16:12

1991-1994-cü illər Qarabağ müharibəsində Azərbaycan üç qüvvə ilə - Ermənistan, Dağlıq Qarabağ ermənilərinin yaratdığı separatçı dəstə və erməni diasporu ilə qarşı-qarşıya idi. Bura Ermənistanın havadarlarını da əlavə etsək, o zamanki vəziyyəti təsəvvür etmək çətin deyil. Erməni diasporu əsasən bölgəyə maliyyə yardımları ayırmaqla və müxtəlif ölkələrin hökumətlərinə təzyiq etməklə Qarabağa yardım göstərirdi. Münaqişə başlandığı andan Qarabağ erməniləri ilə Azərbaycanın hərbi toqquşmasına üzdə qoşulmadığını göstərən Ermənistan faktiki olaraq müharibədə əsas rolu öz üzərinə götürmüşdü. Hətta bu müharibəyə qarşı olan Qarabağ erməniləri Ermənistan tərəfindən ən ağır cəzalara məhkum edilirdi. 1989-cu illərin sonlarına yaxın sırf bu məsələ ilə bağlı 10-dan artıq Qarabağ ermənisi güllələnmişdi.

Ermənistan istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından hər zaman Qarabağdakı separatçı rejimə yardım göstərib. Əslində Qarabağ ermənilərini bu məsələyə Ermənistan və dünya üzrə erməni diasporu təhrik edirdi. Ermənistanın iştirakı olmasaydı, Qarabağ ermənilərinin müqavimətini nəinki Azərbaycan, elə Qarabağda yaşayan azərbaycanlılar asanlıqla qıra bilərdi. Münaqişədə Ermənistanın birbaşa təşkilatçı və iştirakçılıq rolu dünya birliyinə məlum olsa da, bu ölkəyə indiyədək sanksiyalar tətbiq edilməyib. Bizim tez-tez diplomatik uğur kimi qələmə verdiyimiz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə əslində ciddi əhəmiyyətə malik sənəd deyil və hüquqi olaraq Ermənistana şamil edilə bilməz.
Təəssüf ki, bu, belədir. Qarabağla bağlı ilk qətnamə 1993-cü il aprelin 30-da Dağlıq Qarabağ  bölgəsinin inzibati ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun işğalı ilə bağlı qəbul edilib. Qətnamənin mətninə baxdıqda orada yalnız bir dəfə Ermənistanın adına rast gəlmək olar. Burada Ermənistanın adı yalnız Azərbaycanla münasibətlərin pisləşməsi kontekstində çəkilir. Qətnamə Kəlbəcərin işğalına görə “yerli erməni silahlı birləşmələrini” ittiham edir. Halbuki, bütün dünyaya məlumdur ki, “yerli erməni silahlı birləşmələri”ni Ermənistan Rusiyanın himayəsi ilə yaradırdı.
1993-cü ilin 29 iyulunda, 14 oktyabrında və 12 noyabrında BMT Təhlükəsizlik Şurasında qəbul edilən digər 3 qətnamə də eyni məzmundadır. Düzdür, sonradan ayrı-ayrı beynəlxalq qurumlar Qarabağla bağlü müxtəlif sənədlər qəbul ediblər. Ancaq bunların əksəriyyəti deklarativ xarakterli oldu və Ermənistan üçün nəinki təzyiq gücünə malik idi, əksinə onun işğalçı kimi tanınmasına dolayısıyla əngəl tərətdi. Proseslər bunu açıq şəkildə isbatlayır.

Beləliklə, qəbul olunan qətnamələr Ermənistanı birbaşa işğalçılıqda ittiham etmir. Bu isə erməni diplomatiyasının qələbəsidir. Çünki faktiki olaraq münaqişədə aparıcı və xüsusən də işğalçı tərəf kimi iştirak edən Ermənistan işğalçılıq siyasətini həyata keçirməklə paralel beynəlxalq birliyin sanksiyalarından yan keçə bildi. Nəticədə isə Azərbaycan Dağlıq Qarabağdan əlavə, 7 ətraf rayonu da itirmiş oldu.
Atəşkəs razılaşmasından sonra başlanan diplomatik danışıqlar ilk növbədə Qarabağın statusunu müəyyən etməli idi, yəni Ermənistan heç bir halda ətraf rayonları əlində saxlamaq bəhanəsinə malik deyildi. Azərbaycan diplomatiyasının bu mərhələdəki əsas prioritet vəzifəsi 7 ətraf rayonun qeyd-şərtsiz boşaldılmasına nail olmaq idi. Düzgün təşkil ediləcək diplomatik hücum blokadadan və iqtisadi çətinliklərdən əziyyət çəkən Ermənistanı ətraf əraziləri boşaltmağa vadar edə bilərdi. Lakin buna nail olunmadı. Hətta Ermənistan diplomatiyası Qarabağa aid olmayan 7 rayonu bazarlıq üçün danışıqlar prosesinin əsas predmetinə çevirdi.
Məsələnin mərhələli və paket şəklində həlli variantı ortaya çıxanda Azərbaycan paket variantına üstünlük verdi. Təbii ki, danışıqlar masasında torpaqları işğal olunan Azərbaycandan güzəşt gözlənilirdi. İstər paket variantı, istərsə də mərhələli həll variantı bu mənada Azərbaycan üçün müəyyən itki demək idi. Ermənisna nəyə güzət edəcəkdi ki? Ən yaxşı halda hansısa istəyindən əl çəkə bilərdi. Bu məqamda Lissabon sammiti Azərbaycana baha başa gəldi. 20 ildən artıqdır ki, Azərbaycana məxsusluğu heç Ermənistanda belə, şübhə doğurmayan 7 rayon işğal altındadır. Azərbaycan diplomatiyası yalnız Lissabon Sammitinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyan çoxsaylı beynəlxalq qətnamələrdən birini uğur hesab etməklə kifayətləndi. Öz xələflərinə nisbətdə praqmatik olan Levon Ter-Petrosyan yaxşı başa düşürdü ki, sərhədlərinin 75%-də qonşuluq etdiyi Türkiyə və Azərbaycanla münasibət nizama salınmazsa, ölkəsini iflas gözləyir. Buna görə də qeyri-rəsmi danışıqlarda Qarabağ ətrafındakı Laçın istisna olmaqla digər 6 rayonun qaytarılmasına, Dağlıq Qarabağla sərhəd boyu beynəlxalq qüvvələrin yerləşdirilməsinə şifahi razılıq verdi. Əvəzində isə Türkiyə və Azərbaycan Ermənistanın blokadasına son verirdi. Lakin Petrosyanın yaxın çevrəsini təşkil edən və getdikcə siyasi həyatda təsirlərini artıran baş nazir Robert Köçəryan, daxili işlər naziri Serj Sərkisyan və müadfiə naziri Vazgen Sərkisyan ona təzyiqlər etməyə başladılar. Təzyiqlərə tab gəriə biləmyən Ter-Petrosyan 1998-ci il fevralın 3-də istefa verdi. Növbədənkənar seçkilərdə Dağlıq Qarabağ qüvvələrinə müharibə dövründə rəhbərlik etmiş, 4 il Dağliq Qarabağın “prezidenti” səlahiyyətlərini icra edən Robert Köçəryan prezident seçildi.

Robert Köçəryanla danışıqlar aparmaq və güzəştə nail olmaq qat-qat çətin idi. Çünki Azərbaycana təcavüzdə birbaşa rəhbər olan Köçəryan əslən Qarabağ ermənisi idi. Ümumiyyətlə, Qarabağ müharibəsindən sonra Ermənistanın siyasi həyatında müharibə veteranlarının siyasi təsirinin artması müşahidə olunurdu. Müharibə veteranlarını öz sıralarında birləşdirən “Yerkrapa” təşkilatının sədri Vazgen Sərkisyan ölkədə ən nüfuzlu fiqur idi. Köçəryan hökumətində o, baş nazir vəzifəsini icra ediridi. Lakin 1999-cu il oktyabrın 29-da Ermənistan parlamentində baş verən terror aksiyası nəticəsində Sərkisyan həlak oldu. Onunla birlikdə terror aktında parlamentin spikeri vəzifəsini icra edən, 1974-1988-ci illər ərzində Ermənistan Kommunist Partiyasının 1-ci katibi olmuş Karen Dəmirçyan və daha 6 deputat həlak oldu.

Prezidentlik məsələsində Vazgen Sərkisyan Koçəryanın əsas rəqibi sayılırdı. Onun yoxluğunda 2003- cü il prezident seçkilərini Koçəryan asanlıqla qazandı. Hakimiyyətdə olduğu 10 il müddətində Qarabağla bağlı heç bir güzəştə getməyən Köçəryanın prezident Heydər Əliyevlə 2001-ci ilin martında Parisdə, apreldə isə Amerikanın Ki-Uest şəhərlərində yüksək səviyyədə görüşləri təşkil edildi. Diplomatik mənbələrdən mətbuata sızan məlumatlara görə, tərəflərin Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial razılığa gəldiyi bildirilirdi. Məsələ ilə bağlı qeyri-müəyyənliyə elə mərhum prezident Heydər Əliyevin özü son qoydu.

2001-ci il iyunun 14-də Bakıda ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edən prezident Əliyev uğursuz bitən danışıqların bəzi detallarını ictimaiyyətə açıqladı. Onun sözlərinə görə,  Parisdə əldə olunmuş razılığa əsasən, Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizi ilə yanaşı, Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin edəcək Mehri dəhlizinin də açılması gözlənilirdi. Tərəflər Parisdə Laçın dəhlizinə görə Ermənistana veriləcək suveren hüququn Azərbaycan üçün Mehri dəhlizinə də aid edilməsini müzakirə etmişdilər. Lakin Prezidentin sözlərinə görə, Ki-Uest danışıqlarında Ermənistan tərəfi gözlənilmədən Parisdə razılaşdırılan məsələnin şərtlərinə yenidən baxılması təklifini irəli sürdü. Yəni Ermənistan Laçın dəhlizi üçün veriləcək statusun Mehri dəhlizinə şamil olunmasına qarşı idi. Bununla da danışıqlar prosesi növbəti dəfə uğursuzluqla nəticələndi. Tərəflər danışıqların nəticəsi olaraq yalnız sülhə sadiqlik haqqında bəyannamə qəbul etdilər.

2003-cü ildə Azərbaycan prezidenti seçilən İlham Əliyev Köçəryanla danışıqlarda Heydər Əliyevin müəyyən etdiyi xətlə çıxış etməyə başladı. Ətraf rayonların qaytarılması, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin öz evlərinə qaytarılması onun danışıqlarda əsas tələbləri oldu. 2006-cı ildə Fransa sonuncu dəfə danışıqlar prosesində aparıcı vasitəçi kimi çıxış etdi. İki ölkə prezidenti Paris yaxınlığındakı Rambuye qəsrində danışıqlara başlaydır.

2006-clı il fevralın 9-11-i arasında baş tutan sülh görüşməsi gözlənilmədən yarımçıq qaldı. Ermənistan prezidenti Parisi tərk etdi. Azərbaycan tərəfi Köçəryanın danışıqları yarımçıq qoyaraq müdafiə naziri Serj Sərkisyanın yaxın qohumunun dəfnində iştirak etmək bəhanəsi ilə danışıqları pozduğunu iddia etdi. Danışıqlarda iştirak edən və adının açıqlanmasını istəməyən fransız diplomatının sözlərinə görə, əsas mübahisə Kəlbəcər rayonunun statusu və referendumun keçirilmə müddətinin təyin edilməsilə bağlı olub. Beləliklə, ilk dəfə olaraq Ermənistan Dağlıq Qarabağ inzibati ərazisinə daxil olmayan Laçın və Kəlbəcər rayonlarını da danışıqlar mövzusu etməyə qərar verir.

2008-ci ilin fevralında Köçəryanın prezidentlik müddətinin bitməsindən sonra Qarabağ klanına mənsub olan Serj Sərkisyan ekspertlər tərəfindən nisbətən müalyim siyasətçi kimi xarakterizə olunur. Elə həmin ildən Rusiya prezidenti olan Dmitri Medvedev sələfi Putindən fərqli olaraq Dağlıq Qarabağ məsələsini həll etmək üçün danışıqlar prosesinə aktiv şəkildə qoşulur. Bu, danışıqlara canlanma gətirir. Medvedevin vasitəçiliyilə prezidentlər dəfələrlə görüş keçirirlər.

2008-ci il noyabrın 2-də Moskva üçtərəfli Rusiya, Ermənistan və Azərbaycan danışıqlarının nəticəsi olaraq tərəflər münaqişənin sülh yolu ilə nizama salınması barədə bəyannaməyə imza atırlar. Bu, 1994-cü ildə atəşkəs haqqında müqavilə imzalanmasından sonra tərəflərin imzaladığı ilk sənəd idi.
Medvedev 2010-cu il iyunun 24-də Tatarıstanın paytaxtı Kazan şəhərində növbəti görüş təşkil edir. Sülhə dair böyük ümidlər olsa da, görüş nəticəsiz qalır. Qarabağda referenduma razılaşan Azərbaycan onun 20 ildən sonra keçirilməsini istəyir. Ermənistan isə mümkün qədər referendumu tez keçirməyi təkilf edir. Danışıqlardakı müşahidəçilər iki prezidentin arasında soyuq münasibət olduğunu bildirirdilər. Kazan görüşündən sonra martın 5-də tərəflər Soçi şəhərində danışıqlar aparırlar. Rusiya prezidenti vasitəçilik səylərinin nə qədər artırdısa, münaqişə tərəfləri bir-birindən o qədər aralandı. Xüsusən Xankəndi aeroportu və cəbhə xəttində hər iki tərəfin itki verməsi ilə nəticələnən periodik gərginlik danışıqlar prosesinə əlavə çətinliklər yaradırdı.

Göründüyü kimi, ermənilər hər vəhclə danışıqlar prosesindən yayınmaq istəyirlər. Diqqət edin, 2012-ci il avqustun 31-də Ramil Səfərov Macarıstan tərəfindən azadlığa buraxılır, bunun ardınca Prezident İlham Əliyev tərəfindən əfv olunur. Ermənilər o zamandan bu məsələni əsas gətirərək bir stol arxasına gəlmirlər. Halbuki, bu məsələdə beynəlxalq hüquq normaları tam olaraq gözlənilib. Görünən odur ki, bundan sonra da danışıqlar prosesində elə bir ciddi irəliləyiş gözləmək sadəlövhlükdür. Əlahiddə bir hadisə baş verməsə, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində de-fakto mövqeyini möhkəmləndirəcək.

Əlahiddə və fövqəladə hadisə isə hələ ki, gözlənilmir. Status-kvonun dəyişməyəcəyi halda Cənubi Qafqaz üzrə ekspert, Karnegi fondunun əməkdaşı Tomas De Vallın dediyi kimi, Qarabağla ətraf rayonların sürətlə yaxınlaşması və vahid məkan təşkil etməsi gerçəkləşəcək. Yəni zamanın uzanması Azərbaycanın əleyhinə işləyir. Bu halda isə Ermənistanın tələbləri daha da radikallaşa bilər. Burada Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT) Minsk Qrupundan söhbət açmadıq. Bu da onunla bağıdır ki, beynəlxalq müstəvidə Qarabağ məsələsində vasitəçilik missiyasını üzərinə götürmüş Minsk Qrupu bu mandatı BMT-dən aldıqdan sonra fəaliyyəti ilə problemin donmasına xidmət edir. Bir daha xatırlatmaq yerinə düşər ki, vaxt itkisi Ermənistanın xeyrinə işləyir və bir on illikdən sonra çox asanlıqla Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam Dağlıq Qarabağla vahid məkan anlamına gələcək.

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü