Modern.az

Müxalifətdən Şeyxin qudasına sərt CAVAB: “Özü haramxordur”

Müxalifətdən Şeyxin qudasına sərt CAVAB: “Özü haramxordur”

13 Sentyabr 2013, 18:00

“Əgər hansısa deputat, yaxud siyasi xadim öz opponentləri ilə qarğış leksikası ilə danışırsa, deməli, həmin adama baş qoşmağa da dəyməz”. Bunu Modern.az-a Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu deputat hacı Qalib Salahzadənin qarğışına münasibət bildirikən deyib.  

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə Milli Məclis üzvü hacı Qalib Salahzadənin müxalifətin ünvanına söylədiyi qarğışı siyasi etikadan kənar davranış adlandırıb. “Bu adamlar özləri haram pul qazanırlar. Din pərdəsi adı altında əslində mövcud hakimiyyəti tərifləyirlər. Bu cür insanların qarğış etməsi elə onların özlərini ifşa edir. Belə fikirlərə ciddi əhəmiyyət verilməsinə ehtiyac yoxdur”.

ADP sədri Sərdar Cəlaloğlunun cavabı belə olub: “Bizim vəzifəmiz məddahlıq deyil ki?! Onlar məddahlıq etməli, biz də tənqid etməliyik”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə belə səviyyədə çıxışlara şərh vermək istəmədiyini qeyd edib.

Xatırladaq ki, bu gün parlamentin Regional məsələlər komitəsinin iclasında deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə qeyd edib ki, bu gün Azərbaycanda baş verən yenilikləri, inkişafı aşkar formada dananlar var: “Bunu görməyənləri Allaha tapşırıram, onlar Allahın bəlasına gələcəklər. Anlaya bilmirəm, baş verənləri görməməkmi olar?! Danmaqmı olar?! Allah sizin bəlanızı versin!”.

Deputat deyib ki, bu gün dövlətin siyasəti nəticəsində təkcə Bakıda yox, bütün regionlarda sürətli yeniliklər, inkişaf baş verir: “Rayonlarla Bakının arasında fərq yoxdur. Hətta bunu danan müxalifətin özündə də inkişaf var. Məsələn, onlar əvvəllər 5 qəpiklik ianə aksiyası keçirirdilərsə, indi 10 manatlıq aksiya keçirirlər. Bu onların inkişafının göstəricisi deməkdir. Bunu belə danırlarsa, burunlarından gəlsin!”

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü