Modern.az

“Mən görmədim ki, bir azərbaycanlı xaricə gedəndə muzeyə baş çəkə”

“Mən görmədim ki, bir azərbaycanlı xaricə gedəndə muzeyə baş çəkə”

17 Oktyabr 2013, 17:55


Modern.az
saytı cəmiyyətin mədəni göstəricisinin inkişafı, təbliği yönündə yeni layihəyə başlayır. Ölkənin ayrı-ayrı muzeylərindən bəhs edəcək layihədə muzey mədəniyyəti anlayışı, onlar barədə araşdırmalar, muzeylər və cəmiyyətin marağından bəhs olunacaq. Layihəyə giriş xarakteri daşıyacaq ilk yazıda Azərbaycan cəmiyyətindəki muzey mədəniyyəti və bu sahədə yaşanan problemlərdən bəhs etmişik. 

Muzeylər,  keçmiş zamanın  indiki zamandakı təmsilçisidir desək, yanılmarıq. Bura elə  bir məkandı ki, hər üç zaman kriteriyasını əhatə edir. Belə ki, muzey keçmişdən gələn, indidə yaşayan, gələcəyə isə səfər edən bir incidi. O indidə məskunlaşmaqla kifayətlənmir, həmçinin yaşaya-yaşaya keçmişi yaşadır, gələcəyə isə böyük bir bazanı ötürür. Odur ki, hər hansı bir dövlətdə muzeylərin çoxluğu həmin ölkə üçün əlavə mədəni göstəricidir.
Cəmiyyətdə muzeylərin varlığı və əhalinin ona münasibəti mədəni səviyyəni çox gözəl dəyərləndirə bilir. Bəs bizdə muzey mədəniyyəti, muzey təfəkkürü necə inkişaf edir?

Çox şahidi olmuşuq, turistlər, əcnəbi qonaqlar ölkəmizə səfər edərkən öncə mütləq muzeylərə səyahət edirlər. Əllərində fotoaparat tutan və mədəni göstəricidən başqa heç nəyi nəzərə almayan şortikli-eynəkli turisti ən azından İçərişəhərdə görmüşük. Bəs bizlər necə? Biz də muzey mədəniyyəti faktorunu bu cür dəyərləndirə bilirikmi?  
Yəqin ki, orta məktəb vaxtı da müəllimlər çoxumuzu muzeylərə aparmayıb. Halbuki, heç olmasa bir dəfə hər hansı bir muzeydə olmaq şagird psixologiyasına müsbət mənada çox kömək edir. Muzeylər məktəblinin fantaziyalar aləminin əvəzedilməz məkanına çevrilməklə təfəkküründə sanki yeni üfüqlər açır.
Avropada hər il orta hesabla 30 milyon insan muzeyləri ziyarət edir. Ən çox gedilən muzeylər isə Parisin “Luvr” və Londonun “Viktoriya və Albert” muzeyləridi. Estetika və modernizmin paytaxtı sayılan bu iki şəhərdə adı çəkilən muzeylərə səyahət edənlərin sayı son illərdə 8-10 milyon civarında dəyişir. Bunlardan başqa, Londonun “Teyt qalareyası”, Nyu-Yorkun “Metropaliten”, Romanın “Vatikan”, Madridin “Prado”,  Tokionun “Milli muzey”ləri də  insan  selinin məskəninə çevrilir. Onların ziyarətçiləri isə 4-6 milyon aralığında dəyişir. Bu göstəriciləri bizim muzeylərlə müqayisə etmək təbii ki, absurddur. 

Muzeyə insanların cəlb olunması üçün turizm potensialını inkişaf etdirmək gərəkir ki, Azərbaycan da bu istiqamətdə təzə-təzə fəaliyyət göstərir. Amma hər halda muzeylərə getmək təfəkkür hadisəsi olduğundan, bu məkanlara laqeydlik aktual problem hesab olunmalıdır.  Bizlərdə muzey mədəniyyəti anlayışı varmı?
Muzeylərə yola sala biləcəyimiz təfəkkürlü insan kapitalı yetişdirə bilirikmi? İntellektual insan kapitalının formalaşdığı  cəmiyyətdə istər-istəməz muzey mədəniyyəti də inkişaf edəcək. Dövlətdə muzeylərə maraq ordakı insan intellekti ilə düz mütanasibdir.

Hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.

Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

İlk muzey Bakıda 1920-ci ildə, ilk memorial muzey isə Şəkidə 1938-ci ildə yaradılıb

Muzeyi tikmək bir mədəniyyətdir, amma bu muzeylərə insanları cəlb etmək, mütəmadi səfər  təşkil etmək ayrılıqda xüsusi bir mədəni faktordu. Bu gün Azərbaycan bir cəmiyyət olaraq muzeyi qəbul etmir. Sıravi vətəndaş öz maraq dairəsinə muzey anlayışını yaxın buraxmır. İntellektual yetişmənin tam olaraq həyata keçmədiyi Azərbaycan cəmiyyətində muzey mədəniyyətinin passivliyini ziyalılar da vurğulayır.

Vahid Əziz (şair):

“Mən hələ indiyə qədər görmədim ki, bir azərbaycanlı xaricə gedəndə orda muzeyə baş çəkə. Bizimkilər ya alverə gedər, ya da əylənməyə. Əgər kimisə muzeyə məxsusi bir iş üçün yollamayıblarsa, yəni ora eksponat aparmayıbsa, həmin adamın muzeyə getməyinə inanmıram. Mən özüm xarici ölkələrdə bir neçə muzeydə olmuşam. Londonun “Viktoriya və Albert” muzeyinə məxsusi olaraq Şeyx Səfi xalçası üçün getdim. Çünki o xalçaya aid poema yazırdım onu görməsəydim yaza bilməzdim. İstanbulun “Topqapı” muzeyində də olmuşam. O ki, qaldı bizdəki muzeylərə və camaatın ora getməsi barədə. Mən heç vaxt yalan demirəm. Bizdə bu gün muzeylər salınır, inşa olunur. Amma əsas şərt insanların ora marağıdır”.
 
Zakir Fəxri (şair):  

 “Təbii ki, bizlərdə muzeyə az gedirlər. Əhali Bakıda muzeylərə o qədər də çox diqqət yetirmir. Mən hansı xarici ölkədə oluramsa, öncə oranın muzeyinə gedirəm. Bizdə maraq az olsa da, bu o demək deyil ki, ölkədə gözəl muzeylər yoxdur. Əksinə, çoxdur. Yeni–yeni muzeylər salınır. Mədəniyyət və Turizm Nazirliyi bu sahədə çox ciddi çalışır. İnanıram ki, cəmiyyətin də muzeylərə marağı artacaq”.

Vaqif Bayatlı Odər (şair):

 “Çox təəssüf ki, cəmiyyətimizdə muzey mədəniyyəti məni qane etmir. İstər uşaq, istər gənc, istərsə də də qoca olsun, hamının muzeyə marağı aşağı səviyyədədir. Düzdü, uşaqları heç olmasa məktəbdə təhsil alarkən bir-iki dəfə muzeylərə aparırlar, gənclər isə heç ümumiyyətlə maraqlanmır. Çox istərdim ki, bizlərdə muzeylərə gediş çoxalsın. Çünki bizdə yaxşı muzeylər var. Amma təklif edərdim ki, Tarix muzeyindən əlavə, xüsusi bir Qarabağ muzeyi inşa olunsun. Qarabağa aid nə varsa, hamısı da o muzeydə öz əksini tapsın. Bu məsələ çox zəruridir. Çünki Qarabağ işğal olunanda xeyli  muzeylər və mədəni mərkəzlər dağıdıldı. Onları vahid bir Qarabağ muzeyi adı altında yenidən formalaşdırmaq lazımdı. Daha sonra istərdim ki, Cənubi Azərbaycanla bağlı, Kərküklərlə bağlı muzey də inşa olunsun”.

Əkbər Qoşalı (şair):

“Muzey işinin bugünkü səviyyəsi başqa sözlə, vətəndaşlarımızın, gənc nəslin muzeylərə münasibəti barədə mövzunu gündəmə gətirmək təqdirəlayiqidir. Söz var-deyərlər, "yol gedənin, eşq sevənin", bax, muzey də onu ziyarət edənindir. Muzey ziyarət edildiyi qədər xalqın malı olur; necə deyərlər, orada qorunan tarixi eksponatlar bugünkü ictimai-mədəni həyatımızda o qədər iştiraka cəlb olunur. Muzeylərimizə axını gücləndirməkçün neynəmək olar? İlk növbədə tanıtım işi düzənli aparılmalıdır, özəlliklə də İKT-nin verdiyi imkanlar hesabına. İkincisi, muzeylər "səyyar sərgi" keçirə bilər - uyğunsa, buna "muzey qastrolu" deyək. Eyni zamanda muzey çalışanlarının sosial şəraiti qaydasında olunca, işin də daha rəvan gedəcəyinə inanıram. Habelə dünya muzeyləri ilə işbirliyi də ümumi işə yararlı olardı.

Dediklərimiz öz yerində, muzeyşünasların tədqiqat əsərlərinin nəfis tərtibatla respublikanın bütün kitabxanalarına göndərilməsi, ümumən maarifçilik işinin gücləndirilməsi, güclü ixtisaslı kadrların yetişdirilməsi - bu planda istedadlılara, intellektuallara meydan tanınması da nəzərə alınınca, uğur gətirir”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir