Modern.az

Milli Qəhrəman Vəzir Orucov haqqinda film çəkilir

Milli Qəhrəman Vəzir Orucov haqqinda film çəkilir

19 May 2010, 12:01

Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov haqqında film çəkilir. Filmin baş məsləhətşisi Milli Məclisin (MM) üzvü, millət vəkili Aynur Quliyevadır.  Bu barədə Modern.az-a məlumat verən  A.Quliyeva bildirib ki, gənclərdə vətənpərvərlik ruhunun aşılanması üçün kino əvəzolunmaz vasitədir: “Sovet dönəmində  Böyük Vətən müharibəsi qəhrəmanları haqqında çəkilən filmləri hamımız xatırlayırıq. Vətəni necə sevmək o filmlərlə gənclərə təlqin edilirdi. Ən gözəl əsərlər müharibə qəhrəmanlarına həsr  edilirdi. Sonralar bəlli oldu ki,  “qəhrəman”  kimi bizə təqdim olunan Matrosovların, Oleq Koşevoyların  heç də hamısı gerçək qəhrəmanlar deyilmiş, sovet təbliğat maşınının insanlara sırıdığı uydurma imiş. Amma bu yalanlar zamanında  gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılmasında öz rolunu oynadı. Kinonun bu məsələdə böyük  gücə və təsirə malik olmasını, milli mənəvi dəyərlərin, o cümlədən vətənpərvərlik duyğularının  məhz kino vasitəsilə təbliğinin önəmini nəzərə alaraq Vəzir haqqında sənədli film çəkmək qərarına gəldik”.  Ümumiyyətlə, milli mənəvi dəyərlərin təbliği sahəsində boşluqların olduğunu deyən millət vəkili hesab edir ki, bu məsələdə gecikmək olmaz: ”Mədəniyyət ən böyük silahdır. Müharibələrin edə bilmədiyini mədəniyyət, onun əhəmiyyətli bir hissəsi olan kino və ədəbiyyat edir. Təəssüf ki, son illərdə Qarabağ müharibəsindən, Xocalı faciəsindən, bütövlükdə münaqişə müddətində ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərdən bəhs edən səviyyəli bir bədii əsər yazılmayıb, hansısa peşəkar bir rejissor bu mövzuya müraciət etməyib ”. Ayrı-ayrı dövlət strukturları və QHT-lər səviyyəsində müəyyən işlərin görüldüyünü deyən A.Quliyevanın sözlərinə görə, bu yöndə atılan hər bir addım təqdirəlayiqdir, amma qənaətbəxş deyil: “Bir müddət əvvəl akademik Ramiz Mehdiyev məlum məqaləsində bu sahədəki problemlərin mövcudluğunu və onların  aradan qaldırılması üçün nə etmək lazım olduğunu göstərmişdi. Şübhəsiz ki, hörmətli akademikin də qeyd etdiyi kimi,  ilk növbədə vətəndşlıq mövqeyi tələb olunur ki, yaxın keçmişimizdə, gözümüzün önündə baş verənləri yüksək peşəkarlıqla və istedadla həm böyüməkdə olan yeni nəslə, elə həm də bütün dünyaya çatdıra bilək”.  Millət vəkili daha sonra deyib ki, Ağdərə və Tərtər döyüşlərində  böyük şücaət göstərmiş Milli Qəhrəman V.Orucov haqqındakı filmin çəkilişləri  Tərtər rayonu ərazisində aparılır: “Vəzir Orucov Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Hazırda  valideynləri həmin kənddə yaşayır. Bu rayonda kimdən xəbər alsan, Vəzirin qəhrəmanlığı haqqında maraqlı, hətta ağlasığmaz əhvalatlar danışa bilər. Adama elə gələ bilər ki, hansısa əfsanəvi qəhrəmandan söhbət açılır. Amma burada hər kəs bilir ki, bu əhvalatlar kimlərinsə təxəyyülünün məhsulu deyil. Gerçəklikdir, həqiqətdir, reallıqdır ”. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı