Modern.az

Əli bəy Hüseynzadənin yubileyi barədə təkliflər - TƏKLİF

Əli bəy Hüseynzadənin yubileyi barədə təkliflər - TƏKLİF

Ədəbi̇yyat

13 Fevral 2014, 11:20


Ötən ay Azərbaycan Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi qeyd olunub.

Tədbir planı hələ hazır olmasa da, Modern.az böyük ideoloqun həyat və fəaliyyəti araşdıran BDU jurnalistika fakültəsini dekanı, professor Şamil Vəliyevin bununla bağlı təklifləri ilə maraqlanıb.

“Əli bəy Hüseynzadənin ideyaları Azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Onun türk ruhlu, islam etiqadlı və Avropa qafalı azərbaycanlı ideyası irəli sürüləndən sonra düstur halına gətirildi. Dövlətçilik ideologiyası tarixində o bənzərsiz bir ideoloqdur. Onun elmi-fəlsəfi, siyasi-ideoloji, bədii publisistik əsərləri yenidən tərtib olunmalıdır. Yeni nəslə çatdırılması üçün yeni tərzdə hazırlanmalıdır. Onun yaradıcılığı dili, üslubu qəliz, fəlsəfi eyhamlarla dolu olan bir yaradıcılıqdır. Vaxtilə rəhmətlik Ofeliya Bayramlı onun iki cildliyini tərtib etmişdi və mən də bu işdə müəyyən qədər xidmətim olub. Amma Əli bəy Hüseynzadə təkcə Azərbaycan dilində yazmayıb. Onun rusca çoxsaylı məqalələri var hətta rusdilli “Kaspi” qəzetinin baş redaktoru olub. Türkiyədə çalışarkən çoxsaylı məqalələr yazıb. Onun əsərləri toplanıb müasir nəslə müasir şərhlərlə təqdim olunmalıdır. Onun reformist addımları, islahatçı işləri  öyrənilməlidir. Uzun müddət qadağa olunan və haqqında lazımsız yazılar yazılan bir şəxsiyyətin müasir müstəvidə öyrənilməsi lazımdır. Ev muzeyi yaradılsa çox yaxşı olar. Şübhəsiz ki, onun Türkiyədə  də irsi var. Vaxtilə Əliheydər Bayat da sonra Əli Yavuz Gökpınar Əli bəyin Türkiyə fəaliyyəti barəsində yazıb. İstanbul həyatını araşdırarkən görürük ki, orda xeyli dəyərli işlər görülüb. O, dermatologiyaya aid kitabları, daha sonra Tibb ensiklopediyasını hazırlayıb. Bundan başqa, həm orta əsr Avropa ədəbiyyatından, həm də qədim yunan ədəbiyyatından tərcümələr edib. Elə o tərcümələrin özü də ayrıca kitab halında çıxsa yaxşı olardı. Onun bu tərcümələri və yazıları ümumtürk coğrafiyasının ənənəsini tarixini, dilini öyrənməyə çox yardımçı ola bilər. Sovet dövründə bəzi ədəbiyyatşünas tənqidçilər, dırnaqarası alimlər onun barəsində çox pis sözlər işlədiblər. Heç olmasa qabiliyyətləri çatırsa indi sağ qalanlar etiraf yazısı yazmalıdırlar. Necə ki, rəhmətlik Əziz Mirəhmədov “Günahımı yumaq istəyirəm “ adlı yazı yazıb bunları etiraf etdi. Çünki dünyaya insan bir dəfə gəlir və bir dəfə də gedir. Qalan isə izdir, əsərdir”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı