Modern.az

Deputat ABŞ müdafiə nazirinin Azərbaycana gözlənilən səfərini necə şərh edir?

Deputat ABŞ müdafiə nazirinin Azərbaycana gözlənilən səfərini necə şərh edir?

Parlament

4 İyun 2010, 12:06
Asiya turnesi çərçivəsində ABŞ-ın müdafiə naziri Robert Qeytsin iyunun 6-da Azərbaycana səfər edəcəyi gözlənilir. Pentaqonun rəsmi internet səhifəsində verilən məlumata görə, Qeyts Azərbaycan rəsmiləri ilə ABŞ yüklərinin Əfqanıstana ötürülməsi, hərbi təchizat marşrutlarının möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək. Bəzi müşahidəçilər ehtimal edirlər ki, bu səfər çərçivəsində həmçinin ABŞ-ın Azərbaycan ərazisindən istifadə edərək İrana zərbə endirməsi məsələsi də müzakirə oluna bilər.

Pentaqonun Azərbaycan ərazisindən istifadə edəcəyi nə dərəcədə realdır? Məsələyə münasibət bildirən millət vəkili Gültəkin Hacıbəyli Modern.az saytına açıqlamasında bu səfərin Azərbaycan- Amerika münasibətlərində kifayət qədər ciddi bir mərhələ təşkil edəcəyini deyib: “Amerika Azərbaycanın strateji tərəfdaşıdır. ABŞ-ın müəyyən məsələlərdə işğalçı Ermənistana dəstək verməsi Azərbaycan tərəfinin haqlı etirazları ilə qarşılanır. Məhz buna görə də Azərbaycan cəmiyyəti vaxtaşırı olaraq Amerikanın Minsk qrupunun həmsədri kimi özünün vasitəçi missiyasını tam şəkildə həyata keçməməsi ilə bağlı  fikirlər səsləndirir. Amma buna baxmayaraq həm Azərbaycan, həm də ABŞ üçün Azərbaycan-Amerika münasibətləri strateji əhəmiyyət daşıyır. Bu münasibətlərin çox böyük dəyəri var. Bu münasibətlər sadəcə geopolitik anlamda deyil, eyni zamanda iqtisadi anlamda da çox ciddi bazası olan münasibətlərdir. Enerji təhlükəsizliyi kimi dünyanın aktual probleminin həllində Azərbaycan- Amerika əməkdaşlığı nümunəvidir”.

Millət vəkili düşünür ki, bu səfər zamanı müxtəlif məsələlər müzakirə edilə bilər: “Bu səfərlə bağlı konkret olaraq, onu deyə bilərəm ki, hər iki dövlətin münasibətləri müxtəlif rakurslardan incələnəcək. Konkret olaraq Əfqanıstana yüklərin ötürülməsi ilə bağlı məsələyə gəlincə bu real bir məsələdir. Nəzərə alsaq ki, Əfqanıstan ABŞ-ın xarici siyasətinin prioritet istiqamətidir, burada qeyri-adilik axtarmağa dəyməz. Doğrudan da Amerikanın Əfqanıstan siyasəti bu ölkənin beynəlxalq imici üçün həlledici bir məqamdır. Təbii ki, Amerikanın Əfqanıstanla münasibətlərinə hər hansı digər bir üçüncü ölkənin dəstəyi müzakirə predmeti ola bilər”.
G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan İranla münasibətlərini hər hansı bir üçüncü ölkənin istəyinə və təkidinə uyğun olaraq yox, Azərbaycanın dövlət maraqlarına uyğun qurur: “O ki, qaldı İran məsələsinə münasibətdə mən birmnənalı olaraq onu bildirmək istəyirəm ki, Azərbaycanın ABŞ-dan və yaxud hansısa başqa bir ölkə ilə normal, bərabərhüquqlu, bəzi hallarda strateji müttəfiqlik münasibətlərinin olmasına baxmayaraq, Azərbaycan bir müstəqil dövlət olaraq özünün xarici siyasət priaritetlərini müstəqil şəkildə müəyyənləşdirir. Və bu zaman hər hansı bir digər ölkənin mənafeyi yox, Azərbaycanın milli maraqları ön planda tutulur.  Bu baxımdan kimin istəyindən, hansı dövlətin arzusundan asılı olmayaraq Azərbaycan bir bölgə ölkəsi olaraq qonşu ölkələri ilə münasibətləri məhz öz dövlət maraqlarından çıxış edərək, qurur. Təbii ki, biz bütün ölkələrin mövqelərinə hörmətlə yanaşırıq. İranla münasibətlərin hansı istiqamətlərdən inkişaf edəcəyindən asılı olmayaraq, Azərbaycanın İranla münasibətlərinin əsas təməlində Azərbaycanın milli maraqlarına və dövlət maraqlarına xidmət meyarı durur. Bu baxımdan düşünürəm ki, Azərbaycan siyasi rəhbəri bu günə kimi olduğu kimi, bundan sonra da İrana münasibət də təmkinli davranaraq,  İranla qonşuluq münasibətlərinin dinc mövqe üstünlüyündən çıxış edəcək. Təbii ki, bu gün İranın dünya birliyi ilə problemləri var. Biz bu problemlərin həll olunmasını arzulayırırq. Eyni zaman da İran Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malik ölkədir. İranda 30 milyondan artıq soydaşımız yaşayır. Bu insanların hüquqlarının qorunması da bizim üçün önəmli məsələdir.  Bu gün Azərbaycanın dövlət maraqları Azərbaycanın İranla dostluq münasibətlərinin inkişafına diktə edir. Azərbaycan İranla sırf qonşuluq şəraitində ,dinc və birgə yaşayış mühitində əməkdaşlığının tərədarıdır”.

Millət vəkili ABŞ –ın mövqeyinin də Azərbaycan üçün önəmli olduğunu deyir: “Biz bu mövqeyə də hörmətlə yanaşırıq. Hər zaman bu mövqeyi dinləməyə hazırıq. Düşünmürəm ki, Azərbaycan ABŞ münasibətlərinin pozulmasından danışmaq olar. Sözsüz ki, ikitərəfli münasibətlər də hər şey hər zaman rəvan inkişaf etmir. Müəyyən qabarmalar və çəkilmələr olur. Onu da qeyd edim ki, beynəlxalq hüququn subyektləri də canlı bir orqanizmlərdir. Azərbaycan və ABŞ öz inkişaf strategiyaları olan dövlətlərdir. Hər bir dövlət müəyyən fəaliyyət həyata keçirərkən, istər strateji, istər taktiki seçimlərini edərkən qarşı tərəfin maraqları ilə müəyyən məqamda da olsa toqquşa bilər. Bu, nəinki Azərbaycan-ABŞ münasibətlərində, beynəlxalq siyasətdə belə hallar daim olur”.

Gültəkin Hacıbəylinin fikrincə, bu günə kimi Azərbaycan Amerika münasibətlərinə kölgə salan məqamlar aradan qalxmayıb: “Mən obyektiv olaraq bir şeyi deməliyəm ki, bu məsələlərdə Azərbaycanın ABŞ-a ünvanladığı qınaq kifayət qədər əsaslı idi. Biz strateji partnyor olaraq açıq etiraf edək ki, Rusiya və Fransadan daha çox ABŞ-ın ədalətli mövqeyinə inanmışıq. Bir sıra sahələrdə ciddi münasibətlərimiz olan bir ölkədən Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ədalətsizlik gördükdə, təbii ki, Azərbaycanın qarşı tərəfə öz iradlarını bildirmək haqqı var. İndiyə kimi 907-ci düzəliş öz qüvvəsini itirməyib. Baxmayaraq ki, Amerika hökuməti bu düzəlişin müvəqqəti olaraq bir il müddətinə dondurulması qərarını qəbul edib. Düşünürəm ki, bu çox böyük ədalətsizlikdir. Azərbaycanı Dağlıq Qarabağı blokada da saxlamaqda ittiham etməkdən daha absurd və ədalətsiz bir ittiham ola bilməz. Təəssüflər olsun ki, ABŞ bu günə qədər Naxçıvanı blokadada saxlayan Ermənistanla bağlı hər hansı bir konkret qərar qəbul etməyib. Ancaq  Ermənistana, Gürcüstana və Ukraynaya qarşı bu düzəlişlər arada qaldırılıb. Əslində yəhudilərə ən normal şərait yaradan və onların inkişafı üçün ən böyük təminatlar verən bir ölkə olan Azərbaycana qarşı olan bu düzəzliş hələ də öz qüvvəsini saxlayır. Ancaq heç bir millətin nümayəndəsinin yaşamadığı Ermənistan da isə bu düzəliş öz qüvvəsini itirib ”.

Millət vəkili ABŞ-ın dövlət büdcəsindən hər il birbaşa olaraq Dağlıq Qarabağa yardım edilməsini düzgün hesab etmir: “Bununla bağlı Azərbaycan dəfələrlə ABŞ tərəfinə müraciət edib. Özü də Azərbaycanın mövqeyi kifayət qədər tolerant bir mövqedir. Biz Dağlıq Qarabağa yardım edilməsi fikrini səsləndirməmişik. Biz bildirmişik ki, əgər ABŞ Dağlıq Qarabağa hansısa bir humanitar yardım etmək istəyirsə, o yardım Azərbaycan tərəfinə ünvanlamalıdır. Və Azərbayca da bundan sonra öz vətəndaşları olan Dağlıq Qarabağ ermənilərinə o yardımı özü ünvanlayacaq. Bəlkə də Azərbaycan həmin yardımın üstünə bir az da əlavə edərək yardım göndərəcək. Yəni bu Azərbaycanın səlahiyyətinə aid olan bir məsələdir. Ancaq ölkənin süveren hüquqlarına hörmət etmədən onun ərazisində formalaşmış separatçı rejimə yardım göstərmək özü də həmin ölkənin təkidli müraciətlərindən sonra, təbii ki, bu ədalətsizlikdir. Bir məqamı da qeyd edim ki,  Cənubi Osetiya və Abxaziyada olan separatçı rejimlərin təmsilçilərinə ABŞ-ın büdcəsindən birbaşa yardım edilmir. Düzdür, mən qonşu dövlətin ərazi bütövlüyünə çox böyük sayğı ilə yanaşıram və düşünürəm ki, Gürcüstana münasibətdə ABŞ-ın addımı düzgün addımdır. Gürcüstanın tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyaya istənilən humanitar yardımlar yalnız Gürcüstan üzərindən edilə bilər. Ancaq eyni bir ədalətli münasibətin Azərbaycana şamil edilməməsi təbii ki, məndə bir çox ciddi etiraz doğurur”.

Gültəkin Hacıbəyli  Azərbaycan ərazilərinin işğalının davam etməsinin məsuliyyətini Ermənistanla bərabər, Minsk qrupunda görür: “Bir sözlə, bu gün Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmaması, Azərbaycan torpaqlarının 20 %-nin işğal altında qalmasının məsuliyyəti, 1 milyondan artıq qaçqın və məcburi köçkünün  öz doğma torpaqlarına qayıda bilməməsinin bir səbəbi Ermənistandırsa, bu günə kimi Ermənistanla çox yumuşaq davranan və bu davranışla da Ermənistanın işğalçı siyasətini davam etdirməsinə bir stimul verən beynəlxalq ictimaiyyət və Minsk qrupunun həmsədrləri- ABŞ, Rusiya və Fransadır”.

Günay MUSAYEVA                

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır