Modern.az

Azərbaycan Müdafiə Nazirliyi hərbi təlimlə bağlı məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi hərbi təlimlə bağlı məlumat yayıb

Təhsil

24 İyun 2010, 17:54

Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi ilə bağlı məlumat yayıb.

Məlumata görə, iyunun 21-dən 24-dək keçirilən təlimin əsas mövzusu Azərbaycan Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili, birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması, müasir silah sistemləri və aviasiyanın tətbiqi ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi, müxtəlif güc strukturlarının birləşmə və hissələrinin birgə hücum əməliyyatı aparmaqla müdafiəyə soxulmuş düşmən qruplaşmasının darmadağın edilməsi, əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi ilə hücumun dərinliyə inkişafı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi idi.

Təlimə ümumilikdə 4000 nəfərdən çox şəxsi heyət, 100 tank, 77 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemləri, 17 ədəd döyüş təyyarəsi, 12 ədəd döyüş vertolyotu və 4 ədəd nəqliyyat-döyüş vertolyotu cəlb edilib. Təlim rəhbərliyi tərəfindən qarşıya aşağıdakı məqsədlər qoyulub: 1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin birgə döyüş tətbiqinin planlaşdırılması üzrə qərargah fəaliyyətlərinin təkmilləşdirilməsi. 2. Müdafiə əməliyyatı gedişində müxtəlif güc strukturlarının birləşmə və hissələrinin uzlaşmış fəaliyyətinə nail olunması, əməliyyatın müxtəlif mərhələlərində qoşunlar arasında koordinasiyanın və qarşılıqlı əlaqənin təmin edilməsi. 3. Genişmiqyaslı hücum əməliyyatının aparılması, ölkə ərazisinə soxulmuş düşmən qüvvələrinin darmadağın edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası üzrə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birlik, birləşmə və hissələrinin birgə fəaliyyətlərinin uzlaşdırılması. İyunun 24-də, təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücum əməliyyatında tətbiqi sualları işlənib, birləşmə və hissələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirilib, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanılması təmin edilib. Nazirlik bəyan edib ki, təlimin əsas mərhələsini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də izləyib. Təlimə cəlb edilən birləşmə və hissələr tərəfindən qarşıya qoyulan bütün məqsədlərə nail olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı