Modern.az

Sən kimsən, Azərbaycan Polisi?

Sən kimsən, Azərbaycan Polisi?

2 İyul 2010, 10:48

İnsan elə bir məxludur ki, əldə edə bilmədiyi, arzusunda olduğu nəyisə daha çox sevir. Ancaq illərlə  arzusunda olduğu nəyisə əldə edəndən sonra sanki ona marağı azalır. Başqa sözlə, dəyəri yanındakına deyil, əli çatmadığına verir.

 

Uzun illər Azərbaycan xalqı müstəqillik arzusunda olub. Bunun üçün mücadilə edib, Şəhid verib, müstəqilliyini qazanıb. Bu müstəqilliyin xalqa bəxş etdiyi varlıqlardan biri də Azərbaycan polisidir. Milli Polis! Amma bu müstəqilliyin əldə edilməsində polisin də rolu böyük olub. 

Kimdir Azərbaycan polisi? Bu sualın məncə çox cavabı var. Amma sadəsindən başlayaq. Azərbaycan polisi Azərbaycan vətəndaşıdır, sənin qardaşındı, mənim əmim oğludu, o birinin övladıdı, başqa birinin xalası oğludu, həyat yoldaşıdı və sair.

 

Deməli, artıq SSRİ zamanında olduğu kimi, Azərbaycan polisi bizə yad deyil, bütövlükdə hamımızın qohumudu, əqrabasıdı... Eyni zamanda da hamımız polisin qohumlarıyıq. Onların içərisində Hacı Məmmədov və bu kimi ünsürlərin olması bundan sonra gəlir. Belələri bundan sonra da olacaq. Ta cəmiyyətdə belələri qurtarana qədər. Amerikadan kimisə gəlib burada polis olası deyil... Bir də kimsə gətirib yaxşı polisini bizə verəsi də deyil ki...

 

Ancaq Azərbaycan polisi yalnız Hacı Məmmədovlardan ibarət deyil. Azərbaycan polisi kim olduğunu müharibə zamanı göstərib. Şəxsən Azərbaycan polisi deyəndə mənim gözlərim önünə torpaqlarımzın azadlığı uğrunda canlarından keçən, könüllü olaraq müharibəyə yollanan Azərbaycan oğulları gəlir. Milli Qəhramanlarımız içərisində polislərimizin sayı bunun sübutudur. Xatırlayarsınızmı, 90-cı illərin polisini...Göy Gölün kəndləri, Goranboyun kəndləri və digər nə qədər ərazilərimiz onların rəşadəti ilə azad olundu.

 

Elə bilirsiniz indi belə polislərimiz yoxdur? Var, özü də kifayət qədər.

 

Bu məsələdə məni qayğılandıran məqam başqadır. Niyə cəmiyyətimizdə polis deyəndə hamı Hacı Məmmədovu göz önünə gətirir, Azərbaycanın Milli Qəhramanı Əlif Hacıyevi yox..? Niyə biz cəmiyyət olaraq polisimizi, hərbçilərimizi  qardaş Türkiyədəki qədər sevə bilmirik. Buna mane olan nədir? Axı biz fərd olaraq hər birimiz qardaşımızı, əmimizoğlunu, qohum-əqrabamızı sevdiyimizi deyirik. Bəs bu sevgi hanı?  

 

Polisə, hərbçiyə sevgi Millətə, Dövlətə, Vətənə sevgi deməkdir. Ona görə onları sevmək mənəvi borcumuzdur.

92 yaşın mübarək Azərbaycan Polisi!

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır