Modern.az

“Məşhur tələbə yoldaşım”: “Elçin Əlibəyli məni mədəniyyət naziri təyin etmişdi” - RUBRİKA

“Məşhur tələbə yoldaşım”: “Elçin Əlibəyli məni mədəniyyət naziri təyin etmişdi” - RUBRİKA

4 Avqust 2014, 13:20


Modern.az-
ın “Məşhur tələbə yoldaşım” rubrikasında “Space” radiosunun “Yanar saat” verilişinin aparıcısı Famil Məcidov televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli haqqında danışır:

“Tələbələrə qarşı ədalətsizlik olanda Elçin bunun qarşısını almağa çalışırdı”

“1996-cı ildə İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinə qəbul olmuşuq. Elçin Əlibəyli ilə də tanışlığımız da ordan başlayıb. Bakalavriatda da, magistraturada da bir qrupda oxumuşuq. Elçin Əlibəyli qrupa gələndə elə bildik o tələbə yox, müəllimdir. Sonradan aydınlaşdırdıq ki, o bizimlə eyni kursda oxuyan tələbədir. Dərhal qrup nümayəndəsi qoydular. Hamı da bu qərarla razılaşdı. Elçin çox inadkar oğlan idi. Məsələn, semestrin axırında tələbələrə qarşı ədalətsizlik olanda hər vəchlə bunun qarşısını almağa çalışırdı. Bütün müəllimlər onunla çox yaxın dost idilər. Aralarında tələbə-müəllim münasibətləri yox idi.

O mənim üçün hardasa nümunə idi. Bəzi xüsusiyyətlərimin formalaşmasında yaxşı mənada Elçin Əlibəyliyə borcluyam. Mən onun mütaliəsinə vurğun idim. Bir dəfə evinə getdim, gördüm, çox zəngin kitabxanası var.

Eyni zamanda həddindən artıq zarafatcıl idi, çox gözəl parodiyalar bacarır. Bu insan hərtərəfli, əhatəli bir insan idi. Onunla təmasda olmaqdan zövq alırdım. Bu səbəbdən demək olar ki, 6 il Elçinlə bir parta arxasında oturmuşam. Həqiqətən demək lazımdır ki, dost idik”.

“Sağlamlığına diqqət yetirmirdi”


“Tələbəlik vaxtı aramızda bir oyun oynayırdıq. Bu oyun mənim çox xoşuma gəlirdi. Demək oyun belə idi: guya Elçin dövlət başçısı idi və bizi vəzifələrə təyin edirdi. Tutaq ki, mən mədəniyyət naziri, bir nəfər iqtisadiyyat, o biri xarici işlər naziri idik. Biz bu oyuna o qədər aludə olurduq ki, özümüzə elə gəlirdi ki, həqiqətən də belədir.

Elçin “məclis adamı” idi. Xoşlayırdı ki, yeyib-içmək olsun, deyib-gülək. Özü də heç vaxt qoymazdı ki, kimsə əlini cibinə salsın. Elçin Əlibəylinin cibində həmişə pul olurdu. Bir-birimizin evlərində olmuşduq. Bilirdi də, mənim nəyim var, nəyim yox. Heç vaxt heç nədə pul söhbəti etməzdi. Çox səxavətli idi.

Söz yox, hər bir insan kimi Elçinin də nöqsanları var idi. Amma mən həmişə o müsbət cəhətlərə görə nöqsanların üstündən xətt çəkərəm. Məsələn, sağlamlığına fikir vermirdi, siqaret çəkirdi, dəfələrlə onunla elektroşoka (maqnit terapiyaya) gedirdik. Bir az səhhətindən gileyli idi, çəki artıqlığı da ola bilərdi. O partiya qalmamışdı ki, Elçin məni ora yazdırmasın. Bütün partiya və təşkilatların hamısını Elçin Əlibəyli mənə tanıdıb. İnandırım sizi, qəzet redaksiyalarına, Yazıçılar Birliyinə qədər dartıb aparırdı. Minnətdaram ki, o mənim üçün bunları edib. Obrazlı şəkildə desək, boşqabımı çox gözəl doldurub.

Elçin Əlibəyli kitabları çox sevir. O bukinistə, kitab mağazalarına gedirdi. Kirillə yazılan kitabları, hətta heç kəsə lazım olmayan kitabları (Engels, Marks) da alırdı”.

“Uşaqlar onu görəndə tük salırdılar”



“Elçində kütləni ələ almaq qabiliyyəti var idi, çox ictimaiyyətçi idi. Mən institutda hər zaman onun məsləhətlərinə qulaq asmışam. Məsələn, hansısa bir problematik məsələ olanda mütləq onunla fikir mübadiləsi aparırdım və bilirdim ki, Elçin nəyəsə etinasız yanaşırsa, deməli məhz etinasız yanaşılmalıdır. Əgər etinalı yanaşırsa, deməli, etinalı yanaşılmalıdır.

Onlar ailəvi olaraq aktyordular: gəlinləri Dilarə (Dilarə Əliyeva, aktrisa), qardaşı Oqtay (Oqtay Əliyev), atası Vidadi (Vidadi Əliyev, əməkdar artist), anası (Elmira İsmayılova, xalq artisti, aktrisa). Yəni Elçin Əlibəyli başqa cür ola da bilməzdi. Elçin məni aparırdı, gedib onların tamaşalarına baxırdım. Sonra “Həftə çal-çağırı” verilişinin çəkilişi olanda orada gedirdi, ona da baxırdım. 4 il ərzində İncəsənət Universitetinin mənə vermədiyini Elçin Əlibəyli verib. Bu müddətdə o, əyani olaraq mənə göstərdi ki, incəsənət, yaradıcılıq, iş nə deməkdir. Ona görə də mən Elçinə minnətdaram.

“Soy prodakşn”da Elçin redaktor kimi işləyirdi. Özünün səlahiyyətində də bir neçə işçi var idi. Onlarla da davranışı o qədər hökmlü idi ki, onu görəndə tük salırdılar”.

“Müasir televiziya modeli üçün çox əvəzolunmaz bir siluetdir”



“Elçin Əlibəyli Azərbaycan müasir televiziya modeli üçün çox əvəzolunmaz bir siluetdir. Ondan öyrənməyə çox şey var. Tələbəlik dövründə də onun aparıcılıq qabiliyyəti görünürdü. Bu adam başdan-ayağa istedaddır. Şişirtmirəm, düzünü deyirəm. Hərdən elə bilirdim ki, o obrazı soyunmağa yer axtarırdı və bunu da yalnız elmdən gedəndən-gedənə, bəlkə də özüylə tək qalanda edirdi.

Qadınları, gözəl qadınları çox sevir. O, qadına kompliment deməkdən, tanışlıqlardan heç vaxt çəkinməyib.

Tələbəlik dövründə Elçin Əlibəylinin şəxsi həyatı yox idi. Çünki həmişə bizimlə idi. Sağollaşırdıq, hərə öz avtobusuna minəndə bilirdik ki, Elçin evə getdi. Səhəri gün yenə görüşürdük. Bu adam özünə vaxt saxlamamışdı.

İndi ailəlidir, iki övladı var. Bilirəm ki, əgər yanında onu başa düşən həyat yoldaşı varsa, Elçin çox nümunəvi ailə başçısı ola bilər. Buna əminəm.

Sabah mən eşitsəm ki, Elçin Əlibəyli hansısa bir idarənin rəisidir və yaxud nazirdir, təəccüblənmərəm. Çünki bu adam fövqəladə bacarığa malikdir.

Bir dəfə o, bələdiyyəyə seçilmək istədi. Biz də uşaqlarla qapı-qapı səs yığmağa düşdük, seçilmədi.

Universiteti qurtarandan bəri Elçini görməmişəm. İndi münasibətimiz tələbəlikdəki kimi yaxın deyil. Axırıncı dəfə dörd il bundan qabaq telefonla danışmışdıq. Bir də bu gün. Tələbəlik illərində elə bilirdim ki, həmişə Elçinin yanında olacağam. Amma bu gün Elçin Əlibəylinin əhatəsində yoxam”.











Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü